Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5834/2024 04.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.000 manat məbləğində pulun, həmçinin ödənilmiş 177 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 iyun 2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 21 avqust 2023-cü il tarixində qaytarmaq şərti ilə 26.000 manat məbləğində pul verilmişdir. Daha sonra 12 avqust 2023-cü il tarixində əlavə olaraq Cavabdeh xahişinə əsasən borc olaraq 3.000 manat məbləğində pul Cavabdeh 416973******2497 saylı kart hesabına köçürülmüşdür. Lakin vaxt tamam olanda Cavabdeh pulu qaytarmamışdır. İddiaçı dəfələrlə Cavabdeh pulu qaytarmasını xahiş etsə də sonuncu 1 manat belə qaytarmamış, həmin pulun qohumu Şahid1 adlı şəxsə verdiyini və sonuncunun qaytarmalı olduğunu bildirmişdir. Ona görə də İddiaçı məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçının istəyi üzrə o, əlyazmanı öz evində Şahid1 deməsi ilə yazmış, özünün və arvadının yerinə imza atmışdır. Lakin əlyazmada göstərilən 26.000 manat pul ona verilməmişdir. Danışığa əsasən iddiaçı o pulu düzəltdikdən sonra ona təqdim etməli idi. Lakin bu hal baş tutmamışdır. İddiaçı ona yalnız 3.000 manat pul vermişdir. Pulu da şəxsən ona verməmiş, onun kartına köçürmüşdür. Əgər iddiaçı həqiqətən də ona pul vermiş olsaydı ondan 200 manat borc pul istəməzdi. İddiaçının ondan pul istəməsinə dair yazışmanı məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, iddiaçını cavabdehlə o tanış etmişdir. İddiaçıdan müəyyən müddət pulları özü almışdır. İddiaçı ilə onun arasında pulla bağlı mütəmadi olaraq alış-veriş olmuşdur. Cavabdeh pulu almasına dair qəbzi yazmış olsa da iddiaçı ona qəbzdə istinad olunan pulu verməmişdir. Onun özünün iddiaçını müxtəlif hüquq-mühafizə orqanlarına şikayət etdiyi üçün iddiaçı hazırda bu iddianı qaldırmışdır. İşin faktiki halları: İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş əlyazmada qeyd edilmişdir: “Mən Cavabdeh İddiaçı xx.xx.2023 tarixində 26000 min azn pul vəsaitini aldım. xx.xx.2023-cü il tarixində qaytaracam. İmza:.... X1 şahidlik edirəm. İmza:....” . İş materiallarında olan 12 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh bank kartına 3.000 manat vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş WhatsApp sosial şəbəkəsində olan yazışmalardan görünür ki, iddiaçı ilə cavabdeh arasında yazışmalar olmuş, yazışmalarda iddiaçı cavabdehdən 200 manat pul istəmiş, cavabdehin yerinə arvadı cavab verərək Vüqar yatdığını bildirmişdir. Həmin yazışmalarda hazırkı iş üzrə Şahid1 ilə cavabdeh arasında olan yazışmalardan görünür ki, tərəflər hansısa lotoreya ilə bağlı danışıqlar olmuşdur. İş materiallarına əlavə edilmiş diskdə olan fayldan görünür ki, Şahid1 danışıqlar əsasında cavabdehə pulun verilmədiyi, iddiaçı tərəfindən həm özü, həm cavabdehin oyuna gətirildiyini, bununla bağlı müxtəlif hüquq-mühafizə orqanlarına müraciət edildiyini bildirmişdir. Təqdim edilmiş Astara Rayon Məhkəməsinin 2(018)-494/2024 saylı 02 may 2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Şahid2 (cavabdehin arvadı) qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 6.300 manat pul vəsaiti tutulmuşdur. Təqdim edilmiş Astara Rayon Məhkəməsinin e-2(018)-457/2024 saylı 28 oktyabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Şahid1 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 87.514 manat pul vəsaiti tutulmuş, Şahid1 İddiaçı qarşı qarşılıqlı iddiası rədd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarı: Müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın haqqı hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehə vəsaitin 26.000 manat hissəsini bir, 3.000 manat hissəsini isə ayrıca veriyinə istinad etmişdir. Cavabdeh 3.000 manatın onun kartına köçürülməsini etiraf etsə də 26.000 manata münasibətdə pulun ona verilmədiyi bildirmişdir. Cavabdeh əlyazmanın iddiaçının yanında yox, öz evində, Şahid1 diktəsi ilə yazdığını, bu zaman iddiaçının onun evinin həyətində gözlədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı izahatı alınmış iddiaçı əlyazmanın onun evində yazıldığını, bu məqamda onun cavabdehi videoya çəkmək istədiyini, lakin cavabdehin buna razılıq verməməsi səbəbindən pulun verilməsi yalnızca əlyazma ilə rəsmiləşdirilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçını Şahid1 vasitəsilə tanıdığını və onunla heç bir əlaqəsi olmadığını bildirsə də baxış iclasında izahat verən iddiaçı cavabdehin verdiyi izahatları təkzib etmiş və əlavə olaraq bildirmişdir ki, dəfələrlə həm cavabdehin özünə, həm arvadına vəsaitlər vermiş, ilk dəfə verdiyi vəsait ona geri ödənilsə də, sonradan arvadına və özünə verdiyi vəsaitlər ona geri qaytarılmamışdır. Bu səbəbdən iddiaçı cavabdehin arvadına qarşı Astara Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmış və onun iddiası təmin olunmuşdur. Hazırda da cavabdehlə bağlı pul tələbini irəli sürməkdədir. Yuxarıda istinad olunanlar işin araşdırılmış halları məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, cavabdehin 26.000 manat pulu almaması, yalnız əlyazmanı tərtib etməsi ağlabatan deyil. Eyni zamanda da cavabdeh istinad etdiyi halları təsdiq edəcək kifayət qədər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə Şahid1 verdiyi izahatı iddiaçı ilə onun arasında olan digər məhkəmə çəkişməsi səbəbindən özünümüdafiə xarakterli hesab edərək diqqətə almadan iddiaya qiymət verməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı cavabdehin vəkili müdafiə etdiyi şəxsin tərtib etdiyi əlyazmaya münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin tələblərinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İstinad olunan hala dair məhkəmə qeyd edir ki, qanunvericilikdə müqavilənin yazılı bağlanması qeyd edilsə də, konkret olaraq forması və ya notarial qaydada təsdiq edilməsi ilə bağlı tələb mövcud deyil. Odur ki, pulun alınıb verilməsi sadə yazılı qaydada da rəsmiləşdirilə bilər. Eyni zamanda da cavabdeh əlyazmanın ona aid olmamasını, onun tərəfindən imzalanmamasını işin hər hansı mərhələsində bildirməmiş, əlyazmanın mötəbərliyini şübhə altına almamışdır. Beləliklə, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 29.000 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 177 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, Cavabdeh 177 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiə hüququnu təmin etmək məqsədilə cavabdeh dövlət büdcəsi hesabına vəkillə təmin edilmiş və ona Bakı şəhəri 13 saylı Vəkil Bürosu tərəfindən Vəkil müdafiəçi kimi ayrılmış, bu barədə orderini məhkəməyə təqdim etmişdir. Müdafiəçi məhkəməyə hesabat-arayışı təqdim edərək, mülki iş materialları ilə tanış olmaq, məhkəmə iclaslarında iştirak etmək üçün sərf etdiyi vaxtın cəmi 27 iş saatına bərabər olduğunu bildirərək, həmin haqqın dövlət büdcəsi vəsaiti hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmə işin həcmini nəzərə alaraq hesab edir ki, Vəkil müdafiəçi qismində məhkəmə iclasında iştirak edərək ümumilikdə cavabdehin hüquqlarının müdafiəsinə 27 saat vaxt sərf etmişdir. Ona görə məhkəmə hesab edir ki, Cavabdeh göstərdiyi 27 saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 162 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 29.000 (iyirmi doqquz min) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 177 (bir yüz yetmiş yeddi) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh 27 (iyirmi yeddi) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabına 162 (bir yüz altmış iki) manat vəsaitinin ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-5834/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5834/2024
04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver