Məhkəmə qərarları › İş №e-2(011)-5835/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5835/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5835/2022 21.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə 2133,55 manat əsas borc, 5,09 manat faiz borcu olmaqla, cəmi 2138,64 manat borcun və 41,78 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Səbail filialı ilə X7 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 19-xx-xx-055775 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla, 3181 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 vərəsəsi Cavabdeh adına xx.xx.2019-cu il tarixdə 2V-110 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X3 banka 2138,64 manat borcu qalmışdır. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, bank qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək, qeyd olunan kreditin əri X7 tərəfindən götürüldüyünü, o öləndən sonra 2019-cu ildə mirası qəbul etdiyini, bank tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürüldüyünü göstərmiş və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında kiddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, təqdim edilən sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 19-xxxx-055775 saylı kredit müqaviləsinə əsasən borc alana illik 60 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla, 3181 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC tərəfindən X6 ünvanlanmış xx.xx.2016-cı il tarixli bildirişin surətindən görünür ki, "xxxx" ASC ilə "xxxx" ASC arasında imzalanmış "Kredit Müqavilələri üzrə Tələb Hüquqlarının Ötürülməsinə dair" xx.xx.2016-ci il tarixli müqaviləyə əsasən cavabdehə qarşı olan tələb hüququ mövcud olduğu həcmdə "xxxx" ASC-yə güzəşt edilmişdir. Göstərilənlərə əsasən, kredit müqaviləsinə əsəsən "xxxx" ASC-yə qarşı mövcud olan borc öhdəliyini bu bildiriş təqdim edildiyi andan etibarən "xxxx" ASC qaşısında icra etməli olması nəzərinə çatdırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X3 xx.xx.2022-ci il tarixə Banka 2133,55 manat əsas borc, 5,09 manat faiz borcu olmaqla, cəmi 2138,64 manat borcun və 41,38 manat məbləğində borcu mövcuddur. AZ-İ seriyalı 998094 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Bakı şəhəri 11 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, bankın xx.xx.2022-ci il tarixdə daxil olmuş 22-2339/2022 nömrəli sorğusuna cavab olaraq bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X5 adına Bakı şəhəri 11 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə 2V-110 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi verilmişdir. Şəhadətnaməyə əsasən X5 vərəsəsi Cavabdeh - (Bakı şəhəri, 7 mkr, ev 18, mənzil 30 ; AZE 0*******, xx.xx.2003, Bakı Binəqədi RPİ) miras əmlakı irs almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. İş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış və tələb hüququ "xxxx" ASC-yə keçmiş xx.xx.2016-cı il tarixli, 19-xx-xx-055775 saylı kredit müqaviləsinin bitmə tarixi xx.xx.2021-ci il tarixidir. Həmçinin, borcalan X3 vəfat etməsi və Cavabdeh onun vərəsəsi olması barədə iddiaçının Bakı şəhəri 11 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubunu aldıqdan sonra məlumat olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizə əsassızdır və təmin edilə bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən mərhum X5 xx.xx.2016-cı il tarixli, 19-xxxx-055775 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 2133,55 manat əsas borc, 5,09 manat faiz borcu olmaqla, cəmi 2138,64 manat borcunun qalmasını, arvadı Cavabdeh onun vərəsəsi olmasını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2133,55 manat əsas borc, 5,09 manat faiz borcu olmaqla, cəmi 2138,64 (iki min bir yüz otuz səkkiz manat 64 qəpik) manat borc və 41,78 (qırx bir manat 78 qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar