Məhkəmə qərarları › İş №e-2(011)-584/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-584/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-584/2025 02.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50.000 manat məbləğində borc pul vəsaitinin və məhkəməyə ödənilmiş 240 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iş üzrə Cavabdeh artıq uzun illərdi tanıyır. Tanışlıqları cavabdehin bacısının vasitəsi ilə olmuşdur. Belə ki, iddiaçı həkim işləyir, cavabdehin bacısı da iddiaçının xəstəsi olub və onların tanışlığı da burdan yaranıb. Bundan sonra cavabdeh iddiaçının etibarını qazanaraq müxtəlif vaxtlarda ümumilikdən 50.000 manat borca pul almışdır. Həmin pulları cavabdeh iddiaçıdan müxtəlif bəhnalərlə hissə-hissə alıb. xx.xx.2022-ci ild tarixdə cavabdeh öz əlyazması ilə yazaraq iddiaçıya 50.000 manat borcunun olduğunu etiraf etmiş və həmin pulu yaşadığı mənzili satdıqdan sonra ödəyəcəyini zəmanət vermişdir. Lakin cavabdeh bu günə qədər öz üzərinə düşən öhdəliyi icra etməmiş və borcunu qaytarmamışdır. Dəfərlə iş üzrə cavabdehdən borcunu qaytarmasını tələb etsə də bu günə qədər hər hansı müsbət nəticə əldə olunmamışdır. Cavabdeh borcun qaytarılması istiqamətində müsbət nəticə əldə edilmədiyindən məhkəməyə müraciət etmək məcbutriyyətində qalmışdır. Beləliklə, qeyd olunanları nəzərə alaraq hesab edir ki, 50.000 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. O, məhkəmə araşdırması zamanı iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı qeyd edib ki, guya o, iddiaçının etibarını qazandığına görə müxtəlif vaxtlarda ondan 50.000 (əlli min) manat pul almışdır. İddia absurddur, heç bir mötəbər sübutla təsdiq edilə bilməz. Sadəcə olaraq, cavabdeh təxminən 2018-ci ildə Zərifədən aylıq faiz dərəcəsi 15-20% olmaqla 3-4 dəfəyə cəmi 10.500 manat (faktiki 8675 manat) pul almışdır. Birinci dəfə, 5.000 manat gətirib, üstündən 1-ci ayın faizini (1 min manat) götürüb və cavabdehə 4.000 manat verib, ikinci dəfə, 2.000 manat gətirib, üstündən 1-ci ayın faizini (300 manat) götürüb və cavabdehə 1.700 manat verib, üçüncü dəfə, 1.500 manat gətirib, üstündən 1-ci ayın faizini (225 manat) götürüb və cavabdehə 1.275 manat verib, dördüncü dəfə, yenə 2.000 manat gətirib, üstündən 1-ci ayın faizini (300 manat) götürüb və cavabdehə 1.700 manat verib. Beləliklə, cavabdeh Zərifədən faizə görə özünə götürdüklərini çıxdıqdan sonra, cəm halda əlbəəl 8.675 manat pul almışdır. Bunun qarşılığında cavabdeh Zərifəyə 9 dəfə kartdan karta, 11 dəfə ödəmə aparatından karta ödəməklə (20 ədəd qəbzləri məhkəməyə təqdim edilib), 1.332 manatı onun 4098 5844 6526 3760 (istifadə müddəti: 04/27) nömrəli kartına ödəməklə və 1.560 manatı özü gəlib evdən götürməklə, cəm olaraq 2892 manat pul qaytarmışdır. Hal-hazırda cavabdehin Zərifəyə faktiki olaraq 5.783 manat borcu qalıb. Ona görə də iddianın 5.783 manat hissəsini etiraf edir. İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbin 50.000 manat olduğunu, cavabdehin qızını aldadaraq “elə-belə kağızdır” deyərək yazdırdığı bir əsassız yazıya görə iddia edir və bu yazını sübutedici sənəd hesab edir, lakin iddiaçıya ödədiyi 2.892 manat puldan bir cümlə də olsa yazmır. İddiaçı irəli sürdüyü iddia tələbinin bütövlükdə heç bir əsası yoxdur və bu, onun tanışları ilə birlikdə evimi ələ keçirmək üçün cavabdehə qarşı qurduğu oyunun bir hissəsidir (hazırda Zərifənin tanışı olan Akif adlı şəxsin cavabdehə faizə 56.000 manat verərək, faizi ödəyə bilmədiyinə görə evindən çıxarmaq üçün Xətai Rayon Məhkəməsinə etdiyi müraciət hakim İlahə Abbasovanın icraatındadır). İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi 3 ədəd A4 formatlı vərəqdəki kserosurət (ayrı-ayrılıqda 5 ədəd qeyd) qeydlərinə əsasən aşağıdakıları qeyd edir. 2018-ci ildə İddiaçı 4 dəfəyə cəm olaraq 8.675 manat (həqiqətdə isə 10.500 manat gətirib üstündən 1-ci ayın faizi kimi 15- 20%-ni götürdükdən sonra cavabdehə verdiyi pul 8.675 manat olub) pul borca götürmüş. Həmin borcdan 2021-ci ildən başlayaraq bir hissəsini qaytarmışdır. Pulu götürdüyündən qaytarmağa başladığı tarixə qədər olan 2.5-3 il ərzində pul verə bilmədiyinə görə cavabdeh də həmin dövrlərdə borcun aylıq faizini və hər növbəti ay üçün faizin də faizini hesablayaraq cavabdehə imzalatdırıb ki, guya bu qədər borcu var. Cavabdeh də faizi verə bilmədiyinə görə məcburiyyətdən yazmışdır ki, narazı qalmasın. Qeydlərdəki yazıların mahiyyəti də məntiqlə bu dediklərini təsdiq edir. Məsələn, xx.xx.2018-ci il tarixdəki qeyddə 700 man., xx.xx.2018-ci ildə 1000 man. götürmüşəm (almışam) yazılıb, xx.xx.2019-cu ildə isə yazılıb ki, “oldu 1500 m.”. Daha sonrakı 5.06.2020-ci ildəki qeyddə “İddiaçı 21300 m. ” xx.xx.2020-ci ildəki qeyddə “İddiaçı 26810 m,” borcu olduğu yazılıb. Nəhayət, xx.xx.2020ci il tarixli qeyddə “borcum 36000 m.-dır” yazılıb. Həmin qeyddəki “3500 m. + 600 m. aldım” yazısı sonradan əlavə edilib, həm də cavabdehin imzasından sonra yazılıb və cavabdehin xətti deyil. Göründüyü kimi, qeydlərin tarixi, məbləği və həm də mənası belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehin həmin məbləğdə borcu olmayıb. Sadəcə olaraq faizi verə bilmədiyinə görə, hər ay faiz, faizə faiz hesablanaraq həmin məbləğlər yazdırılıb cavabdehə. Tarixlərdən də görünür ki, bu məbləğ aylar, illər keçdikcə artan sıra ilə davam edir. O da aydın görünür ki, hər qeyddə məbləğin artdığı qeyd edilib, lakin İddiaçı cavabdehə nə qədər pul verdikdən sonra artaraq həmin məbləğ olduğu qeyd edilməyib. Deməli, sübut olunur ki, iddiaçı cavabdehə 8.675 manatdan əlavə pul verməyib, lakin əsas məbləğin (8675 manatın) hər ay faizinin, növbəti aylar isə həm əsas məbləğin faizinin, həm də ödənilməyən faizlərin faizlərinin məbləği toplanaraq iddia etdiyi absurd məbləği ondan tələb edir. Eyni zamanda, iddia ərizəsində pulu faizə verdiyini də qeyd etməyib və cavabdehin ona verdiyi məbləğləri də qeyd etməyib. Hesab edir ki, aralarında faiz barədə yazılı müqavilə olmadığına və aldığı faizlərdən dövlət büdcəsinə vergilər ödəmədiyinə görə borc məbləğinin faizi hissəsini məhkəmədə mübahisələndirmir. Cavabdeh 8.675 manatdan əlavə pul verdiyini sübut edə bilməz. Hesab edir ki, cavabdeh İddiaçı əgər ona 8.675 manatdan əlavə pul veribsə onu zəruri əlavə sübutlar təqdim etməklə sübut etməlidir (cavabdehin xəttilə və imzası ilə yazılan qeydlər 8.675 manatla, onun aylıq faizləri və faizlərdən faizlərinin cəmidir) cavabdeh İddiaçı ona qarşı iddia ərizəsində irəli sürdüyü pul tələbi 8.675 manat məbləğdə qəbul edilərək 2.892 manat ödədiyi nəzərə alınsın və qalıq borc olan 5.783 manat məbləğdən artıq hissədə rədd edilsin. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, cavabdeh onun anasıdır. Anasının iddiaçıdan götürdüyü qeyd edilən məbləğ reallığı əks etdirmir. Belə ki, borc məbləği az olmuşdur. İş materiallarında olan əlyazmanı anası yox, o özü tərtib etmişdir. İddiaçı onu anasını hüquq-mühafizə orqanlarına şikayət edəcəyi ilə hədələdiyindən məcbur olun həmin əlyazmanı tərtib etmişdir. İşin faktiki halları: İş materiallarında olan Cavabdeh tərəfindən 27 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş əlyazmada qeyd edilmişdir: “Mən Cavabdeh X1 yanında öz əlyazmamla təsdiq edirəm ki, İddiaçı 50.000 (əlli min) manat borc almışam. Hal-hazırda yaşadığım mənzil satışa çıxarılıb. Satış həyata keçdikdən sonra qeyd edilən məbləği qaytaracağıma zəmanət verirəm. Öz imzamla təsdiq edirəm (imza). Tarix”. Cavabdeh iddianı qismən qəbul etmiş, borcun alınmasına dair əlyazmanın onun tərəfindən icra edilmədiyini bildirmiş, məhkəmə tərəfindən məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2025-ci il tarixli 4/665 saylı ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 99-cu vərəqində olan qəbzin üz tərəfində yazılmış "xx.xx.2020 Mən Cavabdeh..." sözləri ilə başlayıb, "...səküzyüz on manat borcum var. xx.xx.2020" yazıları və qəbzdə olan imzalar; mülki işin 100-cü vərəqində olan qəbzin üz tərəfində yazılmış "Cavabdeh İddiaçı 700 man, götürdüm. xx.xx.2018-də" yazıları və qəbzdəki imza; mülki işin 101-ci vərəqində olan qəbzin üz tərəfində yazılmış "Cavabdeh İddiaçı xx.xx.2018-də 1000 man aldım" yazıları və qəbzdəki imza; mülki işin 102-ci vərəqində olan qəbzin üz tərəfində yazılmış "300 m xx.xx.2019. Cavabdeh aldım İddiaçı aldım. xx.xx.2019-da 200 m aldım." yazıları və qəbzdəki imza; mülki işin 103-cü vərəqində olan qəbzin üz tərəfində yazılmış "xx.xx.2019. 250 m aldım." yazıları və qəbzdəki imza; mülki işin 104-cü vərəqində olan qəbzin üz tərəfində yazılmış "xx.xx.2019. + 300 m. aldım. Oldu: 2800" yazıları və qəbzdəki imza; mülki işin 105-ci vərəqində olan qəbzin üz tərəfində yazılmış "xx.xx.2019 Cavabdeh V.q. oldu 1500m." yazıları; mülki işin 106-cı vərəqində olan qəbzin üz tərəfində yazılmış "xx.xx.2020-də cəmi borcum 36.000 m - dır. Otuz altı min manat. xx.xx.2020 3500 m. + 600 m aldım." yazıları; mülki işin 107-ci vərəqində olan qəbzin üz tərəfində yazılmış "Mən Cavabdeh... sözləri ilə başlayıb, ER "...xx.xx.2022. Cavabdeh sözləri ilə bitən yazılar və qəbzin orta sağ hissəsində olan imza - Cavabdeh tərəfindən icra edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 50.000 manat pul almış, həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi və cavabdeh tərəfindən pulun alınmasına dair cavabdeh tərəfindən yazılı əlyazma tərtib edilmişdir. Beləliklə, cavabdehin pulu alması işin mübahisəsiz halıdır. Məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbini qismən qəbul edərək iddiaçıdan 8.675 manat borc aldığını, həmin məbləğin də 2.892 manatını qaytardığını, iddianı qalan hissədə əsassız saydığını bildirmişdir. O, borcun alınmasına dair əlyazmanı özünün tərtib etmədiyini bildirərək məhkəmə iclasında şahidin dindirilməsini təklif etmişdir. Məhkəmə iclasında ifadəsi alınmış şahid cavabdehin qızı olmaqla həmin əlyazmanı özünün tərtib etdiyini, bunu anasının barəsində şikayət edilməməsi üçün etdiyini bildirmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, həmin əlyazma məhz cavabdehin özü tərəfindən icra edilmişdir. Odur ki, məhkəmə şahidin cavabdehin yaxın qohumu olmasını nəzərə alaraq onun əleyhinə ifadə verməməsini və ifadədə qeyd etdiklərini hər hansı sübutla əsaslandırmamasını nəzərə alaraq ifadəsini mötəbər qəbul etmir. Məhkəmə cavabdehin aldığı borc məbləğindən 2.892 manatını qaytarmağı ilə bağlı verdiyi izahatına və təqdim etdiyi qəbzlərə münasibətdə bildirir ki, həmin qəbzlər 2018- 2020-ci illər aralığında tərtib edilməklə borcun alınmasını göstərən 27 sentyabr 2022-ci il tarixdən əvvələ aiddir. Yuxarı istinad olunanlar belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh pulun qaytarılmasına dair öhdəliyini icra etməmiş və 50.000 manat borcu geri qaytarmamışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya uyğun olaraq iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Beləliklə, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 50.000 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 240 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin, iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspert tədqiqatının dəyəri 124 manat təşkil edir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, Cavabdeh 240 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 124 manat cavabdehdən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 50.000 (əlli min) manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 240 (iki yüz qırx) manat alınaraq İddiaçı ödənilsin. Keçirilmiş ekspertiza xərci olan olan 124 (bir yüz iyirmi dörd) manat Cavabdeh alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar