Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5861/2025 23.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Məhərrəmova Aysel İsrafil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. 07 mart 2023-cü il tarixdə saat 17 radələrində sürücülük vəsiqəsi və yol vərəqəsi əsasında idarə etdiyi "xxxx" MMC-ə məxsus “Dada Logan” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi ilə Salyan şosesinin kəsişməsindən dörd zolaqlı yolun dördüncü zolağı ilə geriyə əks istiqamətdə hərəkətdə olarkən, Səbail rayonu Salyan şosesi ilə 20-ci sahə istiqamətində dördüncü zolaqla X3 istifadəsində olan "Tufan” markalı M50 moped ilə toqquşaraq sonuncuya sol təpə nahiyəsinin əzilmiş yarası, sağ said, sağ bud və çənə sümüyündən soldan yerini dəyişmiş qapalı sınıqları, sol baldırın yuxarı 1/3-nin, sağ diz oynağı nahiyələrinin ön səthlərinin, sağ ayaq pəncəsinin ayaq arxası səthinin sıyrıqları və sol təpə və orta kəllə çuxurunun kəllə əsasına keçən sınıqları ilə müşayiət olunan, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmaları kimi ölümlə birbaşa səbəbli əlaqəli olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərər çəkmiş şəxs X3 ölümünə səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir.
2. X9 iddiaçının övladıdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-1991/2024 saylı hökmünə əsasən, Cavabdeh CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 1(009)-19/2024 nömrəli hökmü verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş və Cavabdeh həmin hökmə əsasən CM-nin 263.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində mərhum Məzahir Ələsgərovun ailəsinə həm maddi həm də mənəvi ziyan vurmuşdur. Mərhumun bir azyaşlı uşağı ömürlük valideynlərindən birinin himayəsindən məhrum qalmış, ailəsi onu itirdiklərinə görə ağır iztirablar keçirmiş və anasını ağır xəstəliklərə düçar etmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş olmamışdır. Cavabdeh tərəfindən dəymiş ziyan ödənilməli, mərhumun azyaşlı uşağı yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində aliment tutulmalıdır. İddiaçı cavabdehdən X3 baş daşına çəkilmiş xərcin əvəzi olaraq 3000 manat, mərhumum yas mərasimi üçün çəkilmiş xərclərin əvəzi olaraq 5000 manat, mənəvi ziyanln əvəzi olaraq isə 10.000 manat tələb edir
3. Cinayət yolu ilə dəymiş maddi ziyandan əlavə mənəvi sarsıntı və iztirab keçirilmiş, onları çox acınacaqlı vəziyyətə gətirib çıxarmışdır. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
İddiaçının tələbi:
4. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 8000 (səkkiz min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 manat və mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manat olmaqla, ümumilikdə 18.144 (on səkkiz min bir yüz qırx dörd) manat pul vəsaiti alınaraq birdəfəlik qaydada mərhum X3 ailə üzvlərinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı heç bir yazılı etiraz daxil olmamışdır.
Tərəflərin izahatı:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında şahid qismində iştirak edən X1 öz izahatında bildirmişdir ki, mərhum onun baldızının oğludur. Mərhum 4 gün xəstəxanada qaldıqdan sonra vəfat etmişdir. Lakin bu müddət ərzində cavabdeh tərəf onunla heç maraqlanmamış, öldüyü gün 10 dəqiqə qabaq gəlmişlər. Meyiti rayona aparmışlar, cavabdeh isə yas mərasiminin 4-cü günü gəlmiş, heç bir maddi yardım göstərmədən və mərhumun ailəsini görmədən çıxıb getmişdir. Təkcə başdaşı üçün 1200 manat, meyit maşını üçün 180 manat, qəbirqazan üçün 50 manat, meyityuyan üçün 50 manat, molla üçün 120-130 manat, bunlardan əlavə, kəfən, dəfn etmə və s. üçün də xərclərin olduğunu demişdir.
9. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında şahid qismində iştirak edən X12 öz izahatında bildirmişdir ki, həmin ərazidə dükanda işlədirdi. Mərhum işləyib-qazanır, anasını, uşaqlarını saxlayır, evi dolandırırdı. Bakıda işləyirdi və hadisə də Bakıda olmuşdur. Özü onlara maddi yardım etmiş, xurma, qənd, çay və mərasim üçün lazım olan digər ərzaqları vermişdir. Onlar da hissə-hissə ödəməyə çalışırdılar, pulları yoxdur deyə köməklik etməyə çalışmışdır. 8 aydır ki, dükanı bağlı olsa da, hələ də ordadır. Təqribən 6870 manat məbləğində pul idi. Onda olmayan ərzaqları rayondan alsınlar deyə 1400 manat məbləğində nağd pul vermişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, (103)- 1991/2024 saylı hökmünə əsasən, Cavabdeh CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 1(009)-19/2024 nömrəli hökmü verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, Cavabdeh həmin hökmə əsasən CM-nin 263.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi və Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi qət edilmişdir.
11. Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ 333755 saylı, ölüm haqqında akt qeydləri kitabında 253 № ilə qeydiyyata alınmış ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2023-cü il tarixində baş beynin diffuz travması səbəbilə vəfat etmişdir.
12. Salyan rayonu, Marışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2016-cı il tarixli, AZ-İİİ 746009 saylı doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2016-cı il təvəllüdlü X4 atası X6, anası X7r.
13. Qəbzlər, reseptlər və fotoşəkillər və digər sənədlər.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Konstitusiyası:
60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. olsun.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
17. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı.
18. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahlarını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
21. Məhkəmə qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
22. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, (103)-1991/2024 saylı hökmünə əsasən, Cavabdeh CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 1(009)-19/2024 nömrəli hökmü verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, Cavabdeh həmin hökmə əsasən CM-nin 263.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi və Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi qət edilmişdir. (§10) Cavabdehin iddiaçının oğlunun ölümündə təqsirli olması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapır.
23. İddia tələbi maddi və mənəvi tələblə bağlı olmaqla iki hissədən ibarət olmaqla iki hissədən ibarətdir. Məhkəmə iddia tələbinin maddi tələblə bağlı hissəsini araşdıraraq əsaslı hesab edir.
24. Belə ki, iddiaçı baş daşına çəkilmiş xərcin 3000 manat, mərhumum yas mərasimi üçün 5000 manat vəsaitin xərcləndiyini iddia edir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş qəbzlərdən, şahid ifadələrindən görünür ki, mərhumun dəfni zamanı iddiaçı müəyyən məbləğdə xərc çəkmişdir, bir qayda olaraq yas mərasiminin keçirilməsi üçün xərclərin çəkilməsi hamıya bəlli olan hallardandır. Qeyd edilənlərə əsasən məhkəmə 8000 manat dəyərində maddi ziyanın miqdarınıı ağlabatan və əsaslı hesab edir.
25. Məhkəmə iddia tələbini mənəvi ziyan hissəsində araşdıraraq qismən əsaslı hesab edir.
26. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
27. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
28. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkətləri ilə iddiaçının oğlunun ölməsi nəticəsində iddiaçının ağrı-acı keçirməsi, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir.
29. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.
30. İddiaçı mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İşin hallarından da məlum olur ki, iddiaçı cavabdehin təqsiri üzündən öz oğlunu itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsinin hansısa pul vəsaiti ilə azaldılması və ya onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər.
31. Lakin təqsirkar şəxsin bu əməlləri hansısa qəsdə dayanmamış, səhlənkarlıq və ehtiyatsızlıq səbəbindən baş vermişdir və bu hal həmin şəxslə bağlı aparılan cinayət işinin gedişatında da öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı məbləğin miqdarı müəyyən edilərkən qeyd edilən hallar mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq qiymətləndirilməlidir.
32. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərəri oğlunun ölümünə görə tələb edir. İddiaçı baş vermiş hadisədən sonra psixoloji gərginlik, əzab, ruhi sarsıntı və iztirablar keçirmiş, bütün bu olanlar iddiaçıya sarsıdıcı təsir göstərmişdir. Bununla yanaşı, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının oğlunun ölümünü, habelə cavabdehin də maddi imkanlarını da nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10.000 (on min) manat deyil, 5.000 (beş min) manat pulun tutulmasını mütənasib hesab edir.
33. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi olaraq 8000 (səkkiz min) manat məbləğində, mənəzi ziyanın əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
Məhkəmə xərcləri:
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
36. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh maddi ziyanın əvəzi olaraq 8000 (səkkiz min) manat, mənəvi ziyanın əvəzi olaraq 5000 (beş min) manat, ümumilikdə 13000 (on üç min) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilsin.
4. İddia ərizəsini verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129 (yüz iyirmi doqquz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilsin.
5. İddia qalan hissədə təmin edilməsin.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova