Məhkəmə qərarları › İş №e-2(011)-5927/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5927/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5927/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********83028 İPHONE 15 PRO, PAKET APPLE xidməti, APPLE ADAPTER üçün 2126.74 (iki min yüz iyirmi altı manat, 74 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 212.67 (iki yüz on iki manat, 67 qəpik) manat cərimə, ümumilikdə, 2363.01 manat borc və 43.64 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********83028 İPHONE 15 PRO, PAKET APPLE xidməti, APPLE ADAPTER almış və nəticədə 2363.01 (iki min üç yüz altmış üç manat, 1 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2985.91 (iki min doqquz yüz səksən beş manat, 91 qəpik) manat (yəni 18 ay x 149.22 manat + 299.95 manat ilkin ödəniş) olan İmei kod **********83028 İPHONE 15 PRO, PAKET APPLE xidməti, APPLE ADAPTER üçün ümumilikdə, nəticədə 2363.01 (iki min üç yüz altmış üç manat, 1 qəpik) manat olmaqla ondan 2126.74 (iki min yüz iyirmi altı manat, 74 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 212.67 (iki yüz on iki manat, 67 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 859.17 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış ilə xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilədən görünür ki, İPHONE 15 PRO 128G NATURAL və APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A /MUVV3ZM/A adlı mal və PAKET APPLE xidməti bu müqavilənin predmetini təşkil edir (Müqavilənin 2.1-ci bəndi). Müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir (Müqavilənin 2.2-ci bəndi). Müştəri Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1.2%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (Müqavilənin 2.6-cı bəndi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********* saylı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən görünür ki, İPHONE 15 PRO 128G NATURAL və APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A /MUVV3ZM/A adlı mal və PAKET APPLE xidməti üçün toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 2985.96 AZN (18 ay * 149.22 AZN + 299.95 AZN ilkin ödəniş) təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində mübahisəsiz olaraq penya ödəyir (Əlavənin 2-ci bəndi). İş materiallarında olan Əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh ********* saylı Müqavilə üzrə İPHONE 15 PRO 128G NATURAL və APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A /MUVV3ZM/A adlı mal və PAKET APPLE xidməti tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu 3 (üç) iş günü müddətində ödəməsi, əks halda tərəflərinfən məhkəməyə müraciət olunacağına dair xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maliyyə və Ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2126.74 AZN məbləğində əsas, 23.6 AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 212.67 manat cərimə borcu olmaqla, ümumilikdə 2363.01 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 43.64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında İPHONE 15 PRO 128G NATURAL və APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A /MUVV3ZM/A adlı mal və PAKET APPLE xidməti üçün xx.xx.2024-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi bağlanmış, xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktından göründüyü kimi, satıcı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu ödənilməmiş məbləğ 2363.01 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, tərəflər arasında bağlanmış ********* saylı müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, 100 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ********* saylı müqaviləyə əsasən, 2126.74 manat ödənilməmiş hissə, 23.6 AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 100 manat cərimə pulu olmaqla, ümumilikdə 2250.34 manat məbləğində borc Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə (2250.34 AZN) müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia qismən təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42.51 manat cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 033310026 saylı müqaviləyə əsasən, 2126.74 manat ödənilməmiş hissə, 23.6 AZN məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 100 manat cərimə pulu olmaqla, ümumilikdə 2250 (iki min iki yüz əlli) manat 34 (otuz dörd) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 (qırx iki) manat 51 (əlli bir) qəpik məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar