Məhkəmə qərarları › İş №e-2(011)-5950/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5950/2024

06.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5950/2024 06.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: “X1 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 119,42 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2022 il tarixli, e-2(011)-1715/2022 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMCyə sifariş etmişdir. “Azcollect MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixindəki 64 manat, xx.xx.2023cü il tarixindəki 180 manat, xx.xx.2023-cü il tarixindəki 120 manat, xx.xx.2023-cü il tarixindəki 432,10 manat məbləğində ödədiyi vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 119,42 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 119,42 manat məbləğində xidmət haqqı ödənmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5 və 6-cı bəndində “Borcvеrən”in hüquq və vəzifələri / Borcalanın hüquq və vəzifələri(öhdəlikləri)ndə qeyd edilmişdir: ““Borcalan” tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və (və ya) ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və (və ya) çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmət ilə bağlı çəkdiyi (çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq/almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və (və ya) çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi (çəkməli olduğu) xərclərin əvəzini, habelə “Borcverənin” əldən çıxmış faydasını ödəmək”. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Buna görə də rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli güzəştli kredit və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında xx.xx.2021-ci il tarixli Hüquqi xidmət haqqında Müqavilə bağlanmışdır, bu müqavilə istehlak kreditləri, Kredit kartları və ya Kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borcların alınması (qaytarılması) üçün göstəriləcək hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(011)-1715/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək əsas məbləğ üzrə 762,31 (yeddi yüz altmış iki manat otuz bir qəpik) manat borc, 3,54 (üç manat əlli dörd qəpik) manat faiz borcu, 0,25 (iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 766,10 (yeddi yüz altmış altı manat on qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilən İstehlak krediti ödənişlərinin Hesabatlarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 64 manat, xx.xx.2023-cü il tarixdə 180 manat, xx.xx.2023-cü il tarixdə 120 manat, xx.xx.2023-cü il tarixdə 432,10 manat vəsait ödəmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq, "xxxx" QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2023-cü ilə təmin edilmiş 796,10 manat məbləğində pul vəsaitinə görə “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 119,42 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü ildə “X1 Azərbaycan” QSC tərəfindən Cavabdeh bildiriş-pretenziya göndərilməklə ondan 119,42 manat xidmət haqqını 5 iş günü ərzində ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış müqavilə əsasında bankdan sonuncunun adına kredit ayrılaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik qoyulmuşdur. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-1715/2022 saylı qətnaməsi ilə cavabdehdən əsas məbləğ üzrə 762,31 (yeddi yüz altmış iki manat otuz bir qəpik) manat borc, 3,54 (üç manat əlli dörd qəpik) manat faiz borcu, 0,25 (iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 766,10 (yeddi yüz altmış altı manat on qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir, cavabdeh həmin borc üzrə xx.xx.2023-cü il tarixdə 64 manat, xx.xx.2023-cü il tarixdə 180 manat, xx.xx.2023-cü il tarixdə 120 manat, xx.xx.2023-cü il tarixdə 432,10 manat ödəniş etmişdir, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə istehlak kreditləri, kredit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borcların alınması üçün göstəriləcək hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələlərin tənzimlənməsi üzrə “Hüquqi xidmət haqqında” Müqavilə bağlanmışdır, müqavilənin şərtlərinə uyğun olaraq, "xxxx" QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2023-cü ilə təmin edilmiş 796,10 manat məbləğində pul vəsaitinə görə “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 119,42 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bununla belə, məhkəmə qətnaməsinin icrasının "xxxx" MMC tərəfindən həyata keçirilməli olduğunu təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən, məhkəmə qərarlarının məcburi icrası nəzərdə tutulmuşdur, belə icra tədbirləri icra məmurları tərəfindən həyata keçirilir, bu tədbirlər üzrə könüllü icra müddəti müəyyən olunmuşdur və bu müddətdə icraya görə icra ödənişi alınmır, digər hallarda icra tədbirlərinə görə qanunvericiliklə müəyyən olunmuş məbləğdə icra ödənişi tələb olunur. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, əvvəla, həmin tərəflər arasında yaranmış borc müqaviləsinə görə məhkəmə qətnaməsi çıxarılmış və icraya yönəldilmişdir, həmin icra tədbirlərinə alternativ olaraq hər hansı icra tədbirləri və buna dair zərurət halları iş materialları ilə müəyyən olunmur, digər tərəfdən, xüsusilə də, borcun borcludan (cavabdehdən) alınmasında "xxxx" MMC-nin rolu müəyyən deyil, o cümlədən həmin ödənişlərin həyata keçirilməsində onun fəaliyyətinə dair hallar sübut olunmur. Məhkəmə, iddiaçının təqdim etdiyi sübutlara münasibətdə qeyd edir ki, "xxxx" MMC və “X1 Azərbaycan” QSC arasında olan xx.xx.2021-ci il tarixli “hüquqi xidmət haqqında” müqavilə istehlak kreditləri, kredit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borcların alınması üçün göstəriləcək hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir, belə müqavilələr bağlamaqda və onun şərtlərinin müəyyənləşdirilməsində tərəflər azaddırlar, həmin müqavilə üzrə tərəflər qarşılıqlı öhdəliklər daşıyırlar, onlar müqavilə öhdəlikləri üzrə bir-birlərini məlumatlandırmaqda sərbəstdirlər və hazırkı iş üzrə onların tərtib etdikləri aktlar da hesabat xarakterli olmaqla ödənişlər və xidmət haqqı barədə məlumatı ifadə etməklə, icra tədbirlərinin, o cümlədən də belə ödənişlərin həmin təşkilatın xidmətləri hesabına başa gəlməsi barədə halları təsdiq etmədiyindən, hazırkı tərəflərə münasibətdə formal xarakterlidir. Belə olan halda məhkəmə hesab edir ki, həmin sübutlar icra tədbirləri barədə fəaliyyətdə "xxxx" MMC-nin iştirakı barədə halları özündə ifadə etmədiyindən, məhkəmə tərəfindən iddia tələbinin təmin olunması üçün nəzərə alına bilməz. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2020-ci tarixli müqavilənin 7-ci bəndində “Borcalan”ın vəzifələri kimi nəzərdə tutulmuş “Bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və/və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi/çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin” əldən çıxmış faydasını ödəmək” barədə razılaşmaya münasibətdə isə qeyd edir ki, tərəflər müqavilə şərtlərində razılığa gəlməkdə azaddırlar və belə şərtlərə dair öhdəliklər daşıyırlar, hazırkı müqavilədə “çəkiləcək hər cür xərclərin” məzmunu və məbləği dəqiq ifadə olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı yaranmış xərclərə və bunun cavabdehin borcuna aidiyyətinə dair sübutetmə vəzifəsi daşıyır, xüsusən də, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qanunvericiliklə nəzərdə tutulmuş qaydada məcburi icrasının gözlənildiyi bir vəziyyətdə, lakin iş materiallarından belə hallar sübut olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 451-ci maddəsinə əsasən, borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.3-cü maddəsinə əsasən, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui istifadədir. Həmin Məcəllənin 560.3.5.4-cü maddəsinə əsasən, müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olduqda hüquqdan sui istifadədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, bu Qanunun 4.1-ci və 4.2-ci maddələrində göstərilən orqanlar, təşkilatlar, habelə şəxslər məcburi icra orqanları sayılmır. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirilərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 119,42 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun “X1 Azərbaycan” QSCnin xeyrinə tutulması barədə” iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsiə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin "Cavabdeh 119,42 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutulması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar