Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5978/2024 18.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikaha daxil olmuş və birgə nikahdan X3 və X7 dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da, daha sonra münasibətləri pisləşmiş, heç bir formatda həll yolunu tapa bilməmişdir. Cavabdeh nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Hal-hazırda iş Mediasiya Təşkilatındadır. Qeyd etmək lazımdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş arayışa əsasən, Cavabdeh birinci Qarabağ döyüşlərinin iştirakçısı olduğundan dövlət tərəfindən ünvan 1 ünvanında yerləşən ikiotaqlı, 31 nömrəli mənzil ilə təmin edilmiş və ailənin dörd üzvü - İddiaçı, X3 və X4 mənzildə yaşayışları nəzərə alınmışdır. Birgə nikah dövründə əldə olunan ünvan 1 ünvanında yerləşən ikiotaqlı, 31 nömrəli mənzilində yaşamışlar. İddiaçı və övladları da həmin mənzildə pasport qeydiyyatındadır. Hazırda övladları ilə və pasport qeydiyyatında olduğu mənzilə istifadə qaydalarının müəyyyən edilməsi, ora köçürülməsini istəyirlər. Həmin mənzildən qarşı tərəf iddiaçını və övladlarını qovmuşdur və yaşamağa imkan vermir. İddiaçının başqa yaşayış yeri olmadığından birgə nikah dövründə əldə olunan mənzildən istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülməsi zəruridir. İddiaçı göstərilənləri nəzərə alaraq, özünün və övladları - X3 və X4 birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən ikiotaqlı 31 nömrəli mənzildən istifadə qaydalarının müəyyən edilməsi və onların həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə həmçinin izahatında bildirmişdir ki, cavabdehin tikdiyi mənzil qanunsuz tikilidir. Tərəflər arasında nikahın pozulması tələbinə dair mülki iş hazırda məhkəmənin icraatındadır. İddiaçı istəyir ki, həm Xətaidəki, həm də Binəqədidə yerləşən mənzildə yaşasın, cavabdehin həmin mənzildə yaşamasına da etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 hər biri ayrıayrılıqda iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh həmçinin izahatında qeyd etmişdir ki, o, Xətaidə yerləşən 2 otaqlı evdə tək yaşayır. İddiaçıya 8 otaqlı, 2 mərtəbəli ev tikib vermişdir. Əvvəllər bir dəfə nikahları pozulmuş, sonralar cavabdeh qızına görə iddiaçı ilə barışmışdır. Qızı ailə həyatı qurmuş, cavabdeh ona da ayrıca üç otaqlı ev tikib vermişdir. Hazırda cavabdeh iddiaçıya qarşı nikahın pozulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmə icraatı yekunlaşmaq üzrədir. Cavabdeh qeyd etmişdir ki, iddiaçı oğlu ilə Binəqədidə yerləşən mənzildə yaşayır. O, iddiaçıya təklif etmişdir ki, hansı mənzildə yaşamaq istəyir onu da seçsin, o, da 2 mərtəbəli evi seçmişdir. Lakin ona qarşı nikahın pozulması ilə bağlı iddia qaldırdıqdan sonra iddiaçı hazırki iddianı qaldırmışdır. Cavabdeh vurğulamışdır ki, iddiaçını yaşayış sahəsi ilə təmin etmişdir və iddiaçı ilə birlikdə yaşamaq istəmir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh iddiaçı X6 ilə rəsmi nikaha girərək, 12 oktyabr 2020-ci il tarixində Bakı şəhəri 1 saylı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Nikahlarını nikahın bağlanması haqqında akt qeydləri kitabında 1496 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan X5 və X8 adlı övladları dünyaya gəlmişdir. Birgə nikah dövründə biri Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 376 ünvanında yerləşən 31 nömrəli iki otaqlı mənzil, digəri Binəqədi rayonu, 1-ci mədən, 238ci korpus ünvanında yerləşən iki mərtəbəli, fərdi yaşayış evi olmaqla iki mənzil əldə etmişlər. Əvvəllər birinci mənzildə yaşasalar da, ikinci evi tikdikdən sonra həmin evə köçüb orada yaşamışlar. Ailə həyatı qurandan sonra bir müddət iddiaçı ilə münasibətləri yaxşı olmuşdur. Sonralar iddiaçı ilə münasibətləri pisləşməyə başlamışdır. Son vaxtlar cavabdeh ilə aralarında tez-tez münaqişələr və söz-söhbətlər olmuşdur. Sonuncu münaqişədən sonra Ramilə Bünyatova uşaqlarla birlikdə cavabdehin onlar üçün tikdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci mədən, korpus 238 ünvanında nömrəsiz evdə qalmışlar, cavabdeh isə ünvan 4 ünvanında yerləşən mənzildə tək yaşamışdır. Cavabdeh nikahın pozulması üçün Xətai Rayon Məhkəməsinə müraciət etmiş və hazırda həmin iş məhkəmənin icraatındadır. Ramilə Bünyatova mediasiya prosesində cavabdehin nikaha xitam vermək istədiyini bildiyi üçün cavabdehdən əvəz çıxmaq niyyəti ilə bu iddianı qaldırmışdır. Tərəflər yaşadıqları son dövrlərdə hər gün aralarında münaqişə olmuş və bu münaqişələrin bir gün daha pis nəticə verməməsi üçün cavabdeh min bir əziyyətlə tikdirdiyi fərdi yaşayış evindən çıxıb getmişdir. Digər tərəfdən tərəflər birgə nikah dövründə iki mənzil əldə etmişdir. Bunların birində cavab qalır, digərində və daha böyüyündə iddiaçı qalır. Bu səbəblərdən iddia əsassızdır və təmin olunmamalıdır. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 654/2016 saylı 11 yanvar 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə X6 arasında bağlanmış və 25 iyun 2002-ci il tarixdə 323 nömrə ilə Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, birgə nikahdan anadan olmuş 24 yanvar 2001-ci il təvəllüdlü X3 və 31 mart 2003-cü il təvəllüdlü X4 anaları X1 yanında qalması, Cavabdeh 24 yanvar 2001-ci il təvəllüdlü X3 və 31 mart 2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müvafiq əmri ilə Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətində 19 sentyabr 2011-ci il tarixdən mənzil növbəsinə dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərdən və şəhid ailələrindən aşağıda adı qeyd olunan Cavabdeh ev 376 ünvanında 31 nömrəli mənzil verilmiş, mənzillə təminat Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən reallaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 Binəqədi Rayon Sukanal İdarəsi tərəfindən Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil2 verilmiş məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 238 ünvanında yaşayan İddiaçı (abonent kodu: **********000) 2013-2024-cü illərdə su sərfiyyatı ilə əlaqədar ödənişləri olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). İlk növbədə qeyd edilməlidir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dair olduğundan və özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq normaları mövcud olmadığından mübahisəyə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli ev cavabdehə 20 iyun 2014-cü il tarixdə verildiyindən mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. (Maddə 30.2) Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. (Maddə 30.3.) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli Qərarında Plenum qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur (180.2). Mülki işdə olan sübutlardan müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 25 iyun 2002-ci il tarixdə nikah bağlanmış, həmin nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-654/2016 saylı 11 yanvar 2016-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. xx.xx.2020-ci il tarixdə tərəflər yenidən nikah bağlamışdır. Mübahisəli ünvan 1 ünvanında yerləşən ikiotaqlı, 31 nömrəli mənzil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müvafiq əmri ilə Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətində 19 sentyabr 2011-ci il tarixdən mənzil növbəsinə dayanmış Cavabdeh 20 iyun 2014-cü il tarixdə verilmişdir. Bununla yanaşı tərəflərin birgə nikah dövründə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci mədən, korpus 238 ünvanında yerləşən 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evləri olmuş, həmin fərdi yaşayış evinə dair kommunal xidmətlər iddiaçının adına rəsmiləşdirilmişdir. Hazırda tərəflər arasında ailə münasibətləri pozulduğundan, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və həmin mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatındadır. İddiaçı hazırda övladı X7 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci mədən, korpus 238 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evində yaşayır. Bu hal iddiaçının nümayəndəsinin izahatı ilə təsdiq edilmiş, eyni zamanda nümayəndə iddiaçının hər iki mənzildə yaşamaq istədiyini bildirmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına, həmçinin işdə olan sübutlara əsaslanaraq, belə qənaətə gəlir ki, iddiaçı başqa yaşayış yeri olmadığına görə birgə nikah dövründə əldə olunan mənzildən istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı qeyd olunan hallar təsdiq edilmədiyindən, iddiaçının daha yaxşı şəraitli və daha geniş evdə yaşaması iddiaçının nümayəndəsi tərəfindən təsdiq edildiyindən iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5978/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5978/2024
18.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver