Məhkəmə qərarları › İş №e-2(011)-6034/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6034/2023

16.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6034/2023 16.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-yə vurulmuş maddi ziyan olaraq 235.000 manat, İddiaçı MMC-nin işgüzar nüfuzuna vurulmuş ziyan olaraq 100.000 manat pul, ümumilikdə 335.000 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Bakı şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli, 443 saylı sərəncamı ilə ona verilmiş hüquq əsasında, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə ünvanında yüksək mərtəbəli binaların tikintisi ilə məşğul olur. Hal-hazırda qeyd olunan sərəncam əsasında, bir ədəd layihəyə əsasən A1 bloklu adlanan yaşayış binası tikilmişdir. Sərəncama əsasən verilmiş layihədə nəzərdə tutulmuş A 5 adlanan ikinci blokun təməlqoyma işləri 2022-ci ilin əvvəllərindən başlanmışdır. Lakin qonşuluqda olan "xxxx" MTK-nın təsisçilərindən olan Cavabdeh 2022-ci ilin iyul ayında iddiaçının da 3-cü şəxs qismində qoşulduğu və Bakı şəhər İcra Hakimiyyətinə qarşı olan əsassız iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli, 443 saylı sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş müvəqqəti xarakterli müdafiə tədbiri barədə olan ərizədə Bakı şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli, 443 saylı Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin 12 oktyabr 2005-ci il tarixli, 267 saylı Sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0.73 ha torpaq sahəsinin tikilməmiş faktiki istifadəsində olan 0.4984 ha hissəsinin İddiaçı MMC-in istifadəsinə (İddiaçı MMC-in direktoru X7) verilmiş hissəsində tikinti və ya digər hərəkət aparılmasının, özgəninkiləşdirilməsinin, sözügedən mübahisə predmetinə dair hər hansı bir sənədləşmənin aparılmasının üçüncü şəxs İddiaçı MMC-yə, direktoru X4 və başqa şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Birinci instansiya məhkəməsi olaraq Bakı İnzibati Məhkəməsinin MXMT(112)-212/2022 saylı, 22 iyul 2022-ci il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Bakı şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli, 443 saylı Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin 12 oktyabr 2005-ci il tarixli, 267 saylı Sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0.73 ha torpaq sahəsinin tikilməmiş faktiki istifadəsində olan 0.4984 ha hissəsinin İddiaçı MMC-nin istifadəsinə (İddiaçı MMC-in direktoru X7) verilmiş hissəsində tikinti və ya digər hərəkətlərin aparılması, özgəninkiləşdirilməsi və hər hansı bir sənədləşmə işlərinin aparılmasının üçüncü şəxslər İddiaçı MMC-yə, X4 və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. Qərardadın icrası dərhal olduğu üçün iddiaçı tərəfindən 2-ci blokun tikintisinin aparıldığı sahədə tikinti işləri aparmaq iddiaçıya qadağan olunmuşdur. Həmin qərardaddan qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MXMT(103)-69/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi ilə Bakı İnzibati Məhkəməsinin MXMT(112)-212/2022 saylı, 22 iyul 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan da iddiaçı tərəfindən kasassiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15(102)-17/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qərarı ilə verilmiş kasassiya şikayətinin təmin edilməsi ilə Bakı İnzibati Məhkəməsinin MXMT(112)-212/2022 saylı, 22 iyul 2022-ci il tarixli qərardadının ləğv edilməsi, iş üzrə yeni qərarın çıxarılması ilə ərizəçi Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli, 443 saylı Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin 12 oktyabr 2005-ci il tarixli, 267 saylı Sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0.73 ha torpaq sahəsinin tikilməmiş faktiki istifadəsində olan 0.4984 ha hissəsinin İddiaçı MMC-nin istifadəsinə (İddiaçı MMCin direktoru X7) verilmiş hissəsində tikinti və ya digər hərəkət aparılmasının, özgəninkiləşdirilməsinin, sözügedən mübahisə predmetinə dair hər hansı bir sənədləşmənin aparılmasının üçüncü şəxs İddiaçı MMC-yə, direktoru X4 və başqa şəxslərə qadağan edilməsi barədə ərizəsinin rədd olunması qərara alınmışdır. Eyni zamanda Cavabdeh tərəfindən verilmiş, Bakı şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli, 443 saylı sərəncamının ləğv edilməsi barədə olan iddiası, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5223/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərarı ilə təmin olunmuşdur. Lakin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1170/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərardadı ilə bizim apellyasiya şikayətimizin qismən təmin olunması ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5223/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərarı ləğv olunmuş və iddiaçı Cavabdeh iddiası qeyri-mümkün hesab olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1170/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərardadı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1060/2023 saylı, 18 may 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Belə ki, keçirilmiş bu məhkəmə prosesləri nəticəsində, İddiaçı MMC olaraq, iddiaçıya cavabdeh tərərfindən ziyan vurulmuşdur. Cavabdehin məlum iddiaları olmamışdan qabaq, artıq iddiaçıya ayrılmış sərəncam əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə, sözügedən 2-ci blokun təməlqoyma işləri görülmüşdür. Həmçinin bəzi vətandaşlarla iddiaçı arasında podrat müqavilələri də bağlanırdı. Belə ki, 15 iyul 2022-ci il tarixdə X2 ilə iddiaçı arasında, tikintisi gedən A 5 blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv.m olan, qeyri-yaşayış sahəsinə dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, satılan qeyri-yaşayış sahəsinin dəyəri 780.000 manat müəyyənləşmişdir. Müqaviləyə əsasən, qeyd olunan şəxs ilkin olaraq, iddiaçıya 235.000 manat pul ödəmişdir. Qalan 545.000 manat pulu da hissə-hissə olaraq, 36 ay müddətinə ayda, 15.138 manat olmaqla iddiaçıya ödəməli idi. Lakin iddiaçı ilə müqavilə bağlamış şəxs ödəniş tarixində bildirmişdir ki, onda olan məlumata əsasən, iddiaçının sərəncamı saxtadır. Buna görə də məhkəmə tərəfindən tikinti dayanmışdır. Beləliklə, bütün bunları əsas gətirərək, iddiaçıya ödədiyi 235.000 manat pulu geri istəmişdir. Nəticədə, iddiaçı X1 ödədiyi pulu məcbur qalaraq ona geri qaytarmışdır. Bununla da, iddiaçı 235.000 manat dəyərində gəlirdən məhrum olmuşdur. Nəzərə alsaq ki, iddiaçı qeyd olunan tikintini ilkin satışlar hesabına tikir, bu məbləğdən məhrum olmağı iddiaçıya ağır zərbədir. Həmçinin tikinti işlərinin uzun müddət dayanması da iddiaçının işgüzar nüfuzuna ağır zərbə vurmuşdur. Belə ki, tikinti işləri dayandığı üçün satış faizi aşağı düşmüş və müştərilərini itirmişdir. Qeyd olunanlara əsasən, hesab edir ki, Cavabdeh tərəfindən iddiaçıya maddi ziyan olaraq 235.000 manat, işgüzar nüfuza vurulmuş ziyan olaraq 100.000 manat pul, ümumilikdə isə 335.000 manat pul tutularaq iddiaçıya ödənilməlidi. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, verdiyi izahatda bildirdi ki, o, "xxxx" MTK-da həmtəsisçidir. Həmin MTK-ya məxsus torpaq sahəsinə aid Sərəncam İddiaçı MMC-nin adına dəyişdirilmişdir. Hansı ki, həmin torpaq sahəsi onun da bir təsisçi olaraq qanunla qorunan maraqlarıma toxunur. Həmin torpaq sahəsindəki özünə aid pay hissəsinin xəbərsiz əlindən alınması onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də qanuni hüquqlarından istifadə edərək məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi tamamilə əsassız və qanunsuzdur. Belə ki, onun iddia tələblərinin mahiyyəti Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamının etibarsız sayılması ilə bağlı olmuşdur. Həmin tələblərində heç bir işgüzar nüfuzun ləkələnməsindən və maddi zərərdən söhbət gedə bilməz. İşin faktiki halları: İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin MXMT(112)-212/2022 saylı, 22 iyul 2022-ci il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Bakı şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli, 443 saylı Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin 12 oktyabr 2005-ci il tarixli, 267 saylı Sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0.73 ha torpaq sahəsinin tikilməmiş faktiki istifadəsində olan 0.4984 ha hissəsinin İddiaçı MMC-nin istifadəsinə (İddiaçı MMC-in direktoru X7) verilmiş hissəsində tikinti və ya digər hərəkətlərin aparılması, özgəninkiləşdirilməsi və hər hansı bir sənədləşmə işlərinin aparılmasının üçüncü şəxslər İddiaçı MMC-yə, X4 və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı MMC tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin MXMT(103)-69/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin MXMT(112)-212/2022 saylı, 22 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı MMC sözügedən qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15(102)-17/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qərarı ilə verilmiş kasassiya şikayəti təmin edilmiş, qərardad ləğv edilmiş, ərizəçi Cavabdeh “Bakı şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli, 443 saylı Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin 12 oktyabr 2005-ci il tarixli, 267 saylı Sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0.73 ha torpaq sahəsinin tikilməmiş faktiki istifadəsində olan 0.4984 ha hissəsinin İddiaçı MMC-nin istifadəsinə (İddiaçı MMC-in direktoru X7) verilmiş hissəsində tikinti və ya digər hərəkət aparılmasının, özgəninkiləşdirilməsinin, sözügedən mübahisə predmetinə dair hər hansı bir sənədləşmənin aparılmasının üçüncü şəxs İddiaçı MMC-yə, direktoru X4 və başqa şəxslərə qadağan edilməsi” barədə ərizəsi rədd edilmişdir. Eyni zamanda Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli 443 saylı sərəncamının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5223/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli 443 saylı sərəncamı ləğv edilmişdir. Həmin qərardan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1170/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, sözügedən qərar ləğv olunmuş və iddiaçı Cavabdeh iddiası qeyri-mümkün hesab edilmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1170/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərardadından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1060/2023 saylı, 18 may 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın əvəzinin ödənilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin məhkəmələrə müraciət etməsi səbəbindən tikinti işlərinin dayandırılmalı olmasını, bunun nəticəsində şirkətə ziyan dəyməsinə istinad etmişdir. Qeyd edilən halı sübut etmək üçün iddiaçı qeyri-yaşayış sahəsinə dair 15 iyul 2022-ci il tarixli müqaviləni təqdim etmişdir. Müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin qiyməti 780.000 manat müəyyən edilmişdir. Bundan 235.000 manat ilkin olaraq, qalan 545.000 manat məbləğin isə hissə-hissə olaraq ödənilməsi nəzərdə tutulmuşdur. Bakı İnzibati Məhkəməsinin MXMT(112)-212/2022 saylı, 22 iyul 2022-ci il tarixli qərardadı ilə tikinti işlərinin aparılması qadağan olunduqdan sonra müqavilə tərəfi olan X2 ödədiyi 235.000 manatı iddiaçıdan geri tələb etmiş və həmin məbləğ sonuncuya geri qaytarılmışdır. İddiaçı məhz cavabdehin müvəqqəti təminat tədbirinin görülməsi nəticəsində X1 ödədiyi pulu geri tələb etdiyini və bununla ona maddi ziyan dəydiyini bildirmişdir. İstinad olunanlara münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh Konstitusion hüquqlarından istifadə etməklə pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdehin məhkəməyə müraciəti əsasında iddiaçı ona ziyan dəydiyini bildirsə də məhkəmə iddiaçının əsaslandırması ilə razılaşmayaraq onun ziyanın vurulması ilə bağlı gətirdiyi arqumentləri iddianın təmin edilməsi üçün kifayət saymır. Məhkəmə qeyd edir ki, iddiaçı tikinti işləri ilə məşğul olan şirkətdir. 15 iyul 2022-ci il tarixli müqavilənin hansı səbəblərdən ləğv edilməsi və müqavilə üzrə ödənilmiş pulun məhz cavabdehin məhkəməyə müraciət etməsi əsasında geri tələb edilməsi işin hər hansı halı ilə sübuta yetirilmir. Eyni zamanda müqavilənin ləğv edilməsini hələ iddiaçıya maddi ziyan dəyməsi kimi qiymətləndirmək olmaz. Daha sonra İddiaçı MMC-nin işgüzar nüfuzuna vurulmuş ziyan olaraq 100.000 manat pulun cavabdehdən tutulmasına dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı iddiasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə tikintisi nəzərdə tutulan evin saxta sərəncam əsasında tikilməsi ilə bağlı məlumatın yayılması nəticəsində işgüzar nüfuzuna ziyan dəyməsini bildirsə də məhkəmə iddiaçının bu dəlilini də əsassız hesab edir. Qanunun mənasına görə şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxılarkən 3 məsələ – 1) məlumatın fiziki şəxsin şərəf və ləyaqətini, habelə fiziki və hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələməsi; 2) belə məlumatın real olaraq yayılması və 3) yayılmış məlumatın doğru olmaması araşdırılmalı, onlara məcmu halında qiymət verməlidirlər. İşgüzar nüfuz şəxsin işində, yaxud sahibkarlıq fəaliyyətində (peşə fəaliyyətində) qazandığı nüfuz, uğur, peşəkarlıq göstəriciləridir. İstər şərəf və ləyaqət, istərsə də işguzar nüfuz şəxsə bağlı olan bir hüquqdur, bu keyfiyyətlər hüquq sahibinin şəxsiyyətini fərdiləşdirməyə yönələn bir qiymətləndirmə meyarıdır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Məhkəmə bir daha qeyd edir ki, Mülki Məcəllənin 23.1-ci maddəsində işgüzar nüfuzunun müdafiəsinin əsas şərtlərindən biri şəxs barəsində onun işgüzar nüfuzunu ləkələyən məlumatın yayılmış olmasıdır. İstinad olunanlara əsasən iddiaçının işgüzar nüfuzunun ləkələyən hal kimi sərəncamın saxta olması halına istinad edilsə də bu məlumatın harada və necə yayılması ilə bağlı dəlillər məhkəməyə təqdim edilməmişdir. Cavabdehin də öz konstitusion hüququndan istifadə etməklə sərəncamın verilməsini mübahisələndirməsi və onun ləğv edilməsini tələb etməsi iddiaçının işgüzar nüfuzunun ləkələnməsi ilə bağlı məlumatların yayılması kimi qəbul edilə bilməz. Odur ki, iddiaçının işgüzar nüfuzunun ləkələnməsi ilə bağlı məlumatların nədən ibarət olması və hər hansı məlumatın yayılması halı araşdırma zamanı müəyyən edilmədiyindən iddia tələbi bu hissədə də təmin edilə bilməz. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı 625 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı - Cavabdeh İddiaçı MMC-yə vurulmuş maddi ziyan olaraq 235.000 manat, İddiaçı MMC-nin işgüzar nüfuzuna vurulmuş ziyan olaraq 100.000 manat pul, ümumilikdə 335.000 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 625 (altı yüz iyirmi beş) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar