Məhkəmə qərarları › İş №e-2(011)-6051/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6051/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6051/2022 02.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, vərəsə Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1642.02 manat məbləğində kredit bоrcu, 17.44 manat məbləğində faiz bоrcu və 721.67 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2381 (iki min üç yüz səksən bir) manat 13 (on üç) qəpik məbləğində bоrcun və ödənilmiş 43.81 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi G.Ə.İsmayılova iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, X4 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 009A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2204.39 (ikimin iki yüz dörd) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır, götürdüyü kredit bоrcundan 562.37 manat ödəniş etmiş və оnun iddiaçıya 1642.02 manat məbləğində kredit bоrcu qalmışdır, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 414 gün üçün hesablanmış faiz borcu 17.44 manat təşkil edir, kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir, xx.xx.2022-ci il tarixə 414 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 721.67 manat təşkil edir, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli verdiyi arayışdan borclu R.Kərimovanın vəfat etdiyi məlum olmuşdur, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 1228 nömrəli cavab məktubu ilə xx.xx.2021-ci il tarixdə vəfat etmiş R.Kərimovanın vərəsəlik işi açılmışdır, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüuqu haqqında şəhadətnaməyə əsasən, X1 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır, Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitamverilən vəzifələr sırasına aid edilmir, kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Sonda iddiaçının nümayəndəsi G.Ə.İsmayılova iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı ərizəyə uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, belə ki, 1642 manat əsas, 17,44 manat faiz borcunu qəbul edir, lakin cərimə borcu ilə razı deyildir, həmin hissədə iddia tələbinin təmin edilməməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir. Bununla belə xx.xx.2022-ci il tarixdə məhkəməyə yazılı ərizə ilə müraciət edərək, növbəti iclasların onun iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə X4 arasında 009A********** saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana restrukturizasiya olunmuş borc üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 60 ay müddətinə illik 1% olmaqla 2204,39 manat kredit verilmişdir. İş materiallarında olan Ödəniş Planından görünür ki, X3 19 sentyabr 2019-cu il tarixdə aylıq faiz dərəcəsi 0,0833% olmaqla 2204,39 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Kreditin verilməsi – köçürmə” barədə Çıxarışdan görünür ki, X1 cari hesabına iddiaçının Azadlıq filialı tərəfindən 2204,39 manat kredit məbləği köçürülmüşdür. İş materiallarında olan X1 xx.xx.2019-xx.xx.2022-ci il tarixli Hesabdan Çıxarışından görünür ki, onun hesabına xx.xx.2019-cu il tarixdə kreditin verilməsi əməliyyatı ilə 2204,39 manat mədaxil olunmuşdur. İş materiallarında olan “Ölüm haqqında Şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan 02 avqust 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi əri - Cavabdehdur və o miras əmlakdan pay almalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Maliyyə arayış”ından görünür ki, X1 009A********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə 1642,02 manat əsas məbləğ üzrə borc, 17,44 manat faiz üzrə borc, 721,67 manat cərimə borcu, gecikdirilən günlərin sayı 414 gün, cəmi 2381,13 manat borc təşkil edir. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə borcun ödənilməsi, əks təqdirdə bu məqsədlə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 43.81 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı və X4 arasında xx.xx.2019-cu il tarixdə sonuncuya restrukturizasiya olunmuş borc üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2204,39 manat kredit verilməsini nəzərdə tutan kredit müqaviləsi bağlanılmışdır, həmin müqaviləyə əsasən, tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, R.Kərimova üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, onun banka əsas, faiz və cərimə borcu qalmışdır, R.Kərimova xx.xx.2021-ci il tarixdə vəfat etmişdir, onun vərəsəsi Cavabdehdur, Cavabdeh iddia tələbini qismən (əsas və faiz borc hissədə) qəbul edir. Bununla belə, cavabdeh tərəfindən müqavilə ödəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən, kredit müqaviləsi üzrə borclunun (R.Kərimovanın) ölümü ilə onun müqavilə üzrə əmlak xarakterli öhdəliklərinə xitam verilmədiyindən və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməli olduğundan, iddiaçı hazırki iddia tələbi ilə Cavabdeh qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, hesab edir ki, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırıldığından, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın həmin hissədə əsaslı olması nəticəsinə gəlməyə əsas verdiyindən Cavabdeh əsas və faiz borcu hissədə etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin isə 80 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 1313-cü maddəsinə əsasən, tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə formalaşdırılmış hüquqi müvqeyə əsasən, Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Həmin Qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli Qərarında qeyd edilir ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı və X4 arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, cavabdehdən 1642,02 manat məbləğində əsas kredit borcu, 17,44 manat məbləğində faiz borcu və 80 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1739,46 manat məbləğində kredit borcu alınaraq İddiaçı QSC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə (1739,46 manat) müvafiq olaraq, məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu qismində ödənilmiş 37,39 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 009A********** saylı krеdit müqaviləsi ləğv edilsin. Cavabdeh 009A********** saylı krеdit müqaviləsi üzrə əsas borc məbləği kimi 1642,02 manat məbləğində əsas kredit borcu, 17,44 manat məbləğində faiz borcu və 80 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1739 (min yeddi yüz otuz doqquz) manat 46 (qırx altı) qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 37 (otuz yeddi) manat 39 (otuz doqquz) qəpik alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar