Məhkəmə qərarları › İş №e-2(011)-6052/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6052/2022

23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6052/2022 23.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Həsənov Elçin Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X4” Bakı filialı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı “X4” Bakı filialı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı – cavabdehlərdən 9885,60 manat vaxtı keçmiş borc, 812,64 manat faiz borcu olmaqla ümumilikdə 10698,24 manat məbləğində xx.xx.2022-ci il tarixinə olan kredit borcunun və ödənilmiş 122,10 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı “X4” Bakı filialı ilə Cavabdeh4 arasında imzalanmış xx.xx.2020-ci il tarixli 434 №-li kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi iddiaçı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, aralarında zaminlik müqavilələri imzalanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan xx.xx.2022-ci il tarixə iddiaçıya kredit borcu üzrə 19244,40 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2022-ci il tarixə kimi borcalan iddiaçıya 9297 manat məbləğində ödəniş etmişdir. İddiaçı tərəfindən borcalana kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur. Lakin borcalan müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə cavabdehin borcu müqavilə şərtlərinə əsasən hesablanmış faizlərlə 10698,24 manat təşkil edir. Bundan 9885,60 manat vaxtı keçmiş kredit borcu 812,64 manat faiz borcu təşkil edir. Cavabdeh4 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 434 №-li kredit müqaviləsinin təminatı olaraq həim tarixdə Cavabdeh3 681 №-li, Cavabdeh1 682№-li, Cavabdeh2 683 №-li aralarında zaminlik müqavilələri imzalanmışdır. İddiaçı “X4” Bakı filialı sonradan iddia tələbi üzrə həcmin artırılması barədə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 9885,60 manat əsas, 1034,69 manat hesablanmış faiz borcu olmaqla ümumilikdə 10920,29 manat məbləğində borcun və 122,10 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2020-ci il tarixli, 434 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh4 36 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. İddiaçı “X4” Bakı filialı ilə Cavabdeh3 arasında xx.xx.2020-ci tarixdə 681 saylı “zaminlik müqaviləsi” bağlanmışdır. İddiaçı “X4” Bakı filialı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci tarixdə 683 saylı “zaminlik müqaviləsi” bağlanmışdır İddiaçı “X4” Bakı filialı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci tarixdə 682 saylı “zaminlik müqaviləsi” bağlanmışdır Maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2020-ci il tarixli, 434 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə “X4” Bakı filialına 9885,60 manat əsas, 1034,69 manat faiz, cəmi 10920,29 manat borcu yaranmışdır. Bildiriş məktublarından görünür ki, “X4” Bakı filialı tərəfindən cavabdehlərə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, “X4” Bakı filialı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 122,10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və zaminlik müqavilələri bağlanılmış, həmin müqavilərə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı hissəsini araşdıraraq, hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından iddia tələbi bu hissədə təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən kredit borcuna görə 9885,60 manat əsas, 1034,69 manat faiz, cəmi 10920,29 manat məbləğində borcunun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 9885,60 manat əsas, 1034,69 manat faiz, cəmi 10920,29 manat məbləğində pul tutularaq iddiaçı “X4” Bakı filialına ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122,10 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. 08 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən 9885,60 (doqquz min səkkiz yüz səksən beş manat altmış qəpik) manat məbləğində əsas borc, 1034,69 (min otuz dörd manat altmış doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 10920,29 (on min doqquz yüz iyirmi manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti və 122,10 (yüz iyirmi iki manat on qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi müştərək qaydada Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 alınaraq, “X4” Bakı filialına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar