Məhkəmə qərarları › İş №e-2(011)-6064/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6064/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6064/2024 26.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin LPO Cavabdeh1 ASC-nin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə, İddiaçıun cavabdehlər LPO Cavabdeh1 ASC-yə və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna qarşı “məlumatların mərkəzi kredit reyestrindən silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. “Zaminbank" ASC ilə iddiaçı arasında xx.xx.2013-cü il tarixində bağlanmış kredit müqaviləsinə əsasən iddiaçıya illik 20%-lə 24 ay müddətinə 44600 ABŞ dolları kredit verilmişdir.

2. Həmçinin, iddiaçı ilə “Zaminbank" ASC arasında xx.xx.2013-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 76 saylı evin 62 saylı mənzili (bundan sonra – Mənzil) iddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə əsasında verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı olaraq “Zaminbank" ASC-nın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. Bundan başqa, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7431/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondunun iddiaçıya qarşı yuxarıda qeyd edilən “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 080-K saylı kredit müqaviləsi üzrə borc məlumatlarının mərkəzi kredit reyestrindən silinməsi və həmin öhdəliyin cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7411/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin ona qarşı kredit öhdəliyi üzrə qalan 16846 ABŞ dolları əsas borc, 9846 ABŞ dolları faiz borcu, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan 5375 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32067 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, ipoteka qoyulmuş cavabdehə məxsus mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı 62 saylı mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə iddiası rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönləndirilmişdir. Belə ki, qətnamədən apellyasiya şikayəti verilmiş, lakin prosessual müddətin ötməsi əsası ilə şikayət geri qaytarılmış, qərardaddan apellyasiya və kassasiya şikayəti verilməsinə baxmayaraq son olaraq Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)-323/2020 saylı qərarı ilə müddət bərpa edilməyərək kassasiya şikayəti təmin edilməmiş və Xətai Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Bank qarşısında mövcud olmuş öhdəliyə dövlətin adından çıxarılan və qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən xitam verilmişdir. Lakin buna baxmayaraq bugünki gündə o, gecikməsi olan problemli kreditorlar siyahısındadır. Hazırda adının kreditor reystrində olması onun mülkiyyət hüquqlarını pozur. Mülkiyyət hüququ müqəddəsdir, toxunulmazdır və qanunla qorunur. Məhkəmə qərarı ilə mövcud olmuş öhdəliklə bağlı bankın heç bir tələb etmə hüququ olmamasına baxmayaraq hazırda adınmın hələ də problemli kreditorlar siyahısında olması ucbatından o, hər hansı yeni kredit götürə bilmir, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir, ona münasibətdə mülki dövriyyənin sabitliyi pozulmuş olur.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh LPO Cavabdeh1 ASC iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçının istinad etdiyi qətnamələr üzrə onların borcunun olmaması müəyyən olunmamışdır, sadəcə cavabdehin ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddia rədd olunmuşdur. Bu səbəbdən müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Hazırki kredit müqaviləsindən irəli gələn tələb hüququna dair 3 illik iddia müddəti keçmiş olsa belə, bu, kreditorun tələb hüququnu, borclunun isə öhdəliyini aradan qaldırmır. İddia müddətinin keçməsi yalnız kreditorun tələb hüququnun məhkəmə qərarı ilə məcburi icrasının mümkünsüz edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd edilmişdir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəm qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

9. Digər cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında nümayəndəsinin iştirkını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyası:

10. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

11. Maddə 29, İİ və İV hissə. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

13. Maddə 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

14. Maddə 294.1.1 Girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir.

15. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 527.1 Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

21. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

22. İddiaçın tələbini əsaslandırmaq üçün gətirdiyi dəlil ondan ibarətdir ki, bankdan aldığı kreditin qaytarılması və borca görə tutmanın ipoteka qoyulmuş əmlakına yönəldilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmasına baxmayaraq adının problemli kreditlər siyahısında olması onun mülkiyyət hüquqlarını pozur. Bunun nəticəsində o, yeni kredit ala bilmir, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir.

23. Məhkəmə qeyd edir ki, hazırki iddi tələbinə hüquqi qiymət verilməsi üçün tərəflərin əvvəlki məhkəmə mübahisələri üzrə bankın iddiasının hansı əsasla rədd olunması nəzərə alınmalıdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia borcalanın bank qarşısında öhdəliyinin olmaması əsası ilə deyil, bank tərəfindən iddia müddəti ötürülməklə iddianın verilməsi əsası cavabdehin iddiası rədd olunmuşdur.

24. Məhkəmə qeyd edir ki, iddia müddəti tətbiq edilərək, iddia rədd olunduqda borclunun kreditora qarşı öhdəliyə xitam verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, öhdəliyə xitam verilməsi əsasları Azərbaycan Respublikası MMin 527.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Həmin maddədə isə iddia müddətinin keçməsi və ya qeyd olunan əsasla iddianın rədd edilməsi öhdəliyə xitam verilməsi üçün əsas kimi müəyyən olunmamışdır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında iddia müddəti və kəsici müddət arasındakı əsas fərqləri izah edərkən qeyd etmişdir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.

26. Göründüyü kimi, qanunvericilik iddia müddətinin məhkəmə tərəfindən tətbiq edilməsini öhdəliyə xitam verilməsi üçün əsas kimi nəzərdə tutmamışdır.

27. Məhkəmə həmçinin qeyd edir ki, “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində məlumat təchizatçılarının kredit bürosuna təqdim etməli olan məlumatların siyahısı qeyd olunmuşdur ki, onların arasında müqavilə üzrə borcun yaranması və ödənilməsi (əsas borcun və faizlərin) tarixləri, borc üzrə aparılmış ödənişlər; vaxtı keçmiş borc məbləği (əsas borc və/və ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim günündən artıq gecikdirilmiş borc); borc öhdəliyinin təminatı; balansdan silinmiş ümidsiz borc və s daxildir. Lakin, məhkəmənin qətnaməsi ilə iddia müddətinin tətbiqi nəticəsində tutulmasından imtina olunmuş borclar barədə məlumatın kredit bürosuna təqdim edilməsi həmin maddə ilə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” İnformasiya Sistemində mövcud olan elektron kabinetdə yerləşdirildiyi) gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar