Məhkəmə qərarları › İş №e-2(011)-6081/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6081/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6081/2024 03.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh 1530 manat borcun və ödənilmiş 36 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya verilməsi barədə qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etdmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə 2023-cü ilin yaz aylarında cavabdehə cəmi 1530 manat (900 ABŞ dolları) pul vermişdir. Cavabdeh hər dəfə həmin pulu nağd və ya kart vasitəsilə göndərəcəyini bildirsə də, hazırki vaxtadək heç bir nəticəsi olmayıb. Artıq 1 ildir ki, iddiaçının etibarından sui-istifadə edir, borc olaraq verdiyi 1530 manat pulu qaytarmır. Bu barədə dəfələrlə ondan borcunu tələb etsə də, hər dəfə bir bəhanə ilə onu aldadıb və pulunu verməyib. Bu barədə vatsap yazışmalarını məhkəməyə təqdim etmişdir. İddiaçı bildirir ki, Mahir pulu alan zaman iddiaçı onun saçını kəsirdi, təxminən 15 ildir ki, müştəri olmuş, saçını kəsdirərkən ona zəng gəldi ki, ona məxsus texnika xarab olub, təcili pul lazımdır. O, həmin vaxt iddiaçıdan borc istədi ki, 1 günlük pulu ver, texnikanı düzəlditrim, sənin pulunu səhəri qaytararam. O bir gün artıq 1 ildir ki, pulu qaytarmağa əziyyət çəkir. Eləcədə, xx.xx.2024-cü ildə rəsmi qaydada pretenziya məktubu ilə cavabdehə rəsmi qaydada müraciət edərək, ondan tələb elədi ki, “2023-cü ilin yaz aylarında sənə verdiyim 1530 manat pulu 10 gün müddətində mənə qaytarasan. Əks təqdirdə, hüquqlarımın müdafiəsi ilə bağlı 500 manat ödəniş (xidmət haqqı) etməklə vəkil tutacam, əlavə məhkəmə və digər xərcləri qarşılayacam ki, bu xərclərin əvəzini də səndən tələb edəcəm, eləcə də, barəndə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına, məhkəməyə və digər dövlət qurumlarına müraciətlər ediləcəkdir.” Cavabdeh həmin xəbərdarlığı poçt vasitəsilə xx.xx.2024-cü ildə almasına baxmayaraq, borcunu ödəməkdən yayınır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş edərək, bildirdi ki, Mahir təxminən 15 ildir ki, müştərisi olmuş, saçını kəsdirərkən Mahirə zəng gəldi ki, ona məxsus texnika xarab olub, təcili pul lazımdır, həmin vaxt borc istədi ki, bir günlük pulu ver, texnikanı düzəltdirim, sənin pulunu səhəri qaytararam, lakin artıq bir il keçir ki, o borcunu müxtəlif bəhanələrlə qaytarmır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan, İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, 2023-cü ilin yaz aylarında cavabdehə verdiyi 1530 manat pulun 10 gün müddətində iddiaçıya qaytarılmasını, əks təqdirdə, hüquqlarının müdafiəsi ilə bağlı azı 500 manat ödəniş etməklə vəkil tutaccağını, əlavə məhkmə və digər xərcləri qarşılayarq, bu xərclərin əvəzini də cavabdehdən tələb edəcəyini, eləcə də aidiyyəti üzrə hüquq mühafizə orqazlarına, məhkməyə və digər dövlət qürumlarına müraciətlər olunacağını bildirmişdir. İş materiallarında olan poçt xəbərnamə vərəqəsindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza etməklə pretenziyanı qəbul etmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərəkən tərəfindən 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş CMS Elketron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş əlaqə məlumatlarından görünür ki, ***-***-**-** mobil nömrəsi Cavabdeh məxsusdur. İş materiallarında olan “whatsapp” tətbiqi çıxarışı və fləş kartdan görünür ki, iddiaçının cavabdehlə yazışdığı nömrə +994 50-574-14-14 nömrədir. İddiaçının cavabdehlə “whatsapp” yazışmasından cavabdehin səsli mesajlarından görünür: - o nə məktubdur göndərmisən mənə, mən sənə dedim axı mənim bir balaca problemim var, verəcəm pulunu, o pul mənim bir ayaqqabımın puludur, belə şeylər eləmə deyirəm sənə. -inanırsan ki, mən sənin mesajlarına baxmaq istəmirəm, baxmaq fikrimdə yoxdu, sən də bilirsən ki, səninlə aramızda olan qəpik-quruş, mənim bir ayaqqabımın puludur, sadəcə mənim bir balaca problemim var, Qarabağda işləyirəm, darıxma sənə lazım olsa lap 50000 manatda verərəm, sən 1000-2000 manatla müflis olmusan? -necəsən? bəlkə axşam gəldim yanına saçımı qırxdırmağa, pulum köçüb hesabdadı, ilk iş günü, birinci gün gedib çıxardıb, verəcəm sənə. -necəsən, nətərsən? vallah pul hesaba köçüb, amma karta oturmuyub, oturan kimi verəcəm sənin pulunu. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı şifahi borc müqaviləsi əsasında cavabdehin iddiaçıya iddia tələbində göstərilən 1530 manat məbləğində borcu yaranmışdır. Həmin pulun iddiaçıya yaxın müddətdə qaytarılması barədə razılaşma olmuş, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini lazımı qaydada yerinə yetirməmiş, borc məbləğinin ödənilməsi gecikdirməklə hər hansı bir məbləğdə ödəniş etməmişdir. Cavabdeh dəfələrlə məhkəmə iclasına dəvət edilsə də, məhkəmədə iştirak etməmiş, ona verilmiş pul vəsaitinin qaytarılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə iddiaçının “whatsapp” tətbiqi vasitəsi ilə cavabdehlə yazışdığı +994 50-574-14-14 nömrə ilə bağlı qeyd edir ki, məhkəmə iclaslarının vaxtı barədə cavabdehə həmin nömrə vasitəsi ilə dəfələrlə məlumat verilmiş və həmin nömrənin cavabdehin istifadəsində olduğu müəyyən edilmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, 1530 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddianın 36 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1530 manat (min beş yüz otuz) manat pul məbləği və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 36 (otuz altı) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar