Məhkəmə qərarları › İş №e-2(011)-6087/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6087/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6087/2023 26.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “overdraft üzrə borcun alınması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 02 noyabr 2018-ci il tarixli, 30E**********17 saylı müqavilə üzrə yaranmış borc üzrə 400.96 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh bağladığı 02 noyabr 2018-ci il tarixli, 30E**********17 saylı kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən, cavabdehin sifariş ərizəsinə əsasən onun adına X6 Classic Account növlü kart hesabıaçılmış və 4268********6195 nömrəli kart cavabdehə təhvil verilmişdir. 2021-ci ilin aprel ayında kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı 400.96 manat məbləğində borc yaranmışdır. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixliAzərbaycan Respublikasının Qanununa əsasən Vergi Məcəlləsində edilmiş bir sıra dəyişikliklər çərçivəsində elektron ticarət sahəsi də vergiyə cəlb edilmişdir. Elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlər, elektron pul kisəsi, mərc oyunları, lotereya, digər yarış və müsabiqələrin müəyyən edilməsində istifadə ediləcək MCC (“X5”) kodlar adlandırılan kodlarda nağdsız ödənişin hansı istiqamətlərdə edildiyi və verginin ödənişə cəlb edilib-edilməməsi müəyyən edilir. Bank ilə prosessinq mərkəzi (AzeriCard, Millikart və s.) arasında razılaşmaya əsasən hər bir əməliyyat üzrə ödənişlər Visa, Mastercard tərəfindən müəyyən edilən MCC kodlar üzərindən gedir. Vergi qanunvericiliyinə əsasən, Azərbaycanda qeydiyyatda olmayan şirkətdən elektron iş və xidmətlər alan zaman vergi müştəri tərəfindən ödənilir. Vergi tutulmalı olan əməliyyatların aparıldığı kart İddiaçı QSC tərəfindən verildiyindən hazırki iş üzrə Bank vergi agenti qismində çıxış edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraftt nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən 25 iyul 2023-cü il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən müqaviləyə əsasən, Cavabdeh Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etdi. O, verdiyi izahatda bildirdi ki, iddiaçı banka məxsus plastik kart pandemiya vaxtı internet portalı vasitəsilə uşaq oyunlarına bağlanmış, kart hesabına oyunda bonuslar alınmışdır. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında 02 noyabr 2018-ci il tarixdə hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Cavabdehə məxsus hesabdan çıxarışdan görünür ki, cavabdeh kart hesabı üzrə 06 aprel 2021-ci il tarixdə həyata keçirdiyi əməliyyatlar nəticəsində kart balansı mənfiyə işləmiş, nəticədə 400.96 manat borc yaranmışdır. Borcla bağlı cavabdehə xəbərdarlıq edilmişdir. Müqaviləyə əlavə edilmiş bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərindəki 5.9-cu bəndinə əsasən overdraft və ya chargeback nəticəsində borc yarandıqda bank müştəriyə bu barədə məlumat verir və müştəri həmin borcun 3 iş günü ərzində banka geri qaytarılmasını təmin etməlidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 956.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. 960.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia ərizəsi əsaslıdır. Belə ki, məhkəmə iddianın hüquqi əsasını bank hesabı müqaviləsindən irəli gələn münasibətlərin təşkil etməsini müəyyən etmişdir. İddiaçı və cavabdeh arasında müqavilə bağlanmış, hər iki tərəf üzərinə müqavilə ilə qeyd edilən öhdəliklər götürmüş və cavabdehin adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki overdraft yaranır və overdraft yarandığı təqdirdə hesab sahibi bankın tələbi ilə müvafiq vəsaiti banka qaytarılmalıdır. Tərəflər arasında bağlanmış müqaviləyə əlavə edilmiş bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərindəki 5.9-cu bəndinə əsasən overdraft və ya chargeback nəticəsində borc yarandıqda bank müştəriyə bu barədə məlumat verir və müştəri həmin borcun 3 iş günü ərzində banka geri qaytarılmasını təmin etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı QSC ilə arasında bağlanmış kredit müqaviləsi əsasında kart istifadəçisi olmuş, həmin aklrtdan online oyunlarda bonuslar qazanmaq üçün istifadə edərək ödənişlər etmişdir. Cavabdehə məxsus kart hesabında pul vəsaiti olmamasına baxmayaraq cavabdeh kartdan ödənişlər edərkən istifadə etmiş, bununla da banka 400.96 manat borcu yaranmışdır. Beləliklə, iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh 400.96 manat pul vəsaiti alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 400.96 (dörd yüz manat doxsan altı qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar