Məhkəmə qərarları › İş №e-2(011)-6093/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6093/2022

13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6093/2022 13.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə CXV000341 saylı xx.xx.2021-ci il tarixli Nisyə Alqı satqı müqaviləsi üzrə 179 AZN borcun, 26.85 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İbrahimov Vəkil Murad ilə Cavabdeh arasında bağlanmış CXV000341 saylı xx.xx.2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 364 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb, İddiaçı MMC ilə İbrahimov Vəkil Murad arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən İbrahimov Vəkil Murad-nin Cavabdeh qarşı olan 364 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir, eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir, Ferrum Kapital MMC xx.xx.2020ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir, həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür, eyni zamanda həmin müqavilənin 2.4.4cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir, lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir, cavabdehin bugünə 179 manat əsas borcu, 26.85 manat cərimə borcu yaranıb, yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İbrahimov Vəkil Murad oğlu ilə Cavabdeh arasında CXV000341 saylı xx.xx.2021-ci il tarixli “Nisyə Alqı-satqı müqaviləsi” bağlanmışdır, müqaviləyə əsasən, dəyəri 364 AZN olan mal müştəriyə satmış, o isə malı qəbul edərək, müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan CXV000341 saylı xx.xx.2021-ci il tarixli Nisyə Alqı-Satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh nisyə məbləği 364 manat olan “Manitor”u 0 manat ilkin ödəniş etməklə, 6 ay müddətinə, aylıq ödənişi 60.67 manat olmaq şərti ilə almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “təhvil-təslim akt”ından görünür ki, qiyməti 364 AZN olan manitor Cavabdeh təhvil verilmiş, onun tərəfindən malın texniki göstəricisinə və yararlılığına iradlar bildirilməmişdir. İş materiallarından görünür ki, İbrahimov Vəkil Murad oğlu ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli R-897/21 saylı Faktorinq müqaviləsi bağlanmışdır. Bu Müqaviləyə əsasən, İbrahimov Vəkil Murad oğlunun tələb hüququ "xxxx" MMC-yə keçmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli R-897/21 saylı Faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2021-ci il tarixli R-8xx/xx-0026 saylı Sazişin surətindən görünür ki, faktora güzəşt edilən ümumi məbləğ 5142 manat, dəbbə pulu 0,5%dir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Hesabdan Çıxarış”dan görünür ki, Cavabdeh əsas borcdan qalıq 179 manat, cərimə borcu 26,85 manat, cəmi borc qalığı 205,85 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh CXV000341 saylı xx.xx.2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 179 manat, cərimə borcu 26,85 manat, cəmi borc qalığı 205,85 manatdır. İş materiallarından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə borcun qaytarılması barədə Bildiriş məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İbrahimov Vəkil Murad oğlu ilə Cavabdeh arasında CXV000341 saylı xx.xx.2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı (manitoru) alıcıya təhvil vermişdir, lakin alıcı Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, İbrahimov Vəkil Murad oğlu ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli R-897/21 saylı Faktorinq müqaviləsinə əsasən onun tələb hüququ sonuncuya keçmişdir, hazırda cavabdehin iddiaçıya əsas və cərimə borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, CXV000341 saylı xx.xx.2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən, 179 manat əsas borc, 26,85 manat cərimə borcu olmaqla ümumilikdə 205,85 manat Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. CXV000341 saylı xx.xx.2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən, 179 manat əsas borc, 26,85 manat cərimə borcu olmaqla, ümumilikdə 205 (iki yüz beş) manat 85 (səksən beş) qəpik və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat, dövlət rüsumunun ödənilməsi ilə bağlı ödənilmiş xidmət haqqı kimi 0,40 (qırx) qəpik Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar