Məhkəmə qərarları › İş №e-2(011)-6095/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6095/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6095/2022 20.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavadeh Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə 056L**********51 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı Cavabdeh2 120 ay müddətinə 300 000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilə üzrə iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə kredit razılaşması bağlanmış, razılaşma əsasında 12 ay müddətinə aylıq faiz dərəcəsi 2.0833% olmaqla, 3000 manat məbləğində kredit verilmişdir. Ödəniş planına əsasən kreditin aylıq ödənişi 286 (sonuncu ay üzrə 286,07) manat müəyyən edilmişdir.

2. Eyni zamanda, iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixdə 056S**********02 saylı və 056S**********03 saylı zaminlik müqavilələri bağlanmış, müqavilələrə görə Cavabdeh1 və Cavabdeh3 iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit razılaşması əsasında sonuncunun öhdəliyinin tam yerinə yetirməsinə görə iddiaçı (Bank) qarşısında öhdəlik götürmüşdür.

3. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı Bankın xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 1343,07 manat kredit borcu, 184,50 manat faiz borcu və 196,09 manat cərimə olmaqla, ümumilikdə 1723,66 manat pulun və dövlət büdcəsinə ödənilmiş 37,24 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh2lə uzunmüddətli kredit müqaviləsi bağlanaraq ona 120 ay müddətinə 300000 manat kredit xətti açılmşdır. Həmin müqavilə üzrə Cavabdeh2 eyni tarixdə 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla 3000 manat kredit verilmişdir. Cavabdeh2 müqavilənin şərtlərini pozaraq kredit razılaşması üzrə ödənişləri dəfələrlə yubatmış, kredit və faiz borcundan ibarət olan vəsaiti xx.xx.2022-ci il tarixədək qaytarmamışdır. O, kredit borcundan 1656,93 manat ödəmiş1343,07 manat borcu isə qalmışdır. Onun qaytarmalı olduğu faiz borcu 184,5 manat təşkil edir. Cavabdeh2 kredit borcunu və faizi vaxtında qaytarmadığına görə gecikdirilən hər gün üçün 0,1% olmaqla, xx.xx.2022-ci il tarixədək 228 gün üçün hesablanmış 196,09 manat cərimə ödəməlidir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehlərin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir.

7. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

8. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

12. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

13. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

14. Maddə 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

15. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. Məhkəmənin mövqeyi:

21. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır.

22. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

23. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini cavabdehə verməklə öhdəlyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəlyini icra etməmişdir (§ 9).

24. İddiaçının verdiyi maliyyə arayışında da cavabdehin müqavilə üzrə əsas borcunun 1343,07 manat, faiz borcunun 184,5 manat olmaqla, cəmi 2946,29 manat borcunun olması qeyd edildir.

25. Məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi əsasında sonuncu iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir.

26. Məhkəmə həmçinin, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.

27. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh2 tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

28. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 196,34 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Həmçinin, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin məbləği şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 20 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. (§ 12)

29. Məhkəmə eyni zamanda, iddia tələbinin digər cavabdehlər – Cavabdeh1 və Cavabdeh3 aid hissədə araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə Cavabdeh2 aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduqlarından, borcun ödənilməməsi üçün məsuliyyət daşıyırlar. (§ 13)

30. Məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər (zamainlər) Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, pul öhdəliyi isə icra edilmədiyindən, onlar iş üzrə Cavabdeh2lə bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyır.

31. Məhkəmə həmçinin iddianın 37,24 manat manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 230-5 və 230-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli kredit razılaşması üzrə 1343,07 manat əsas, 184,50 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 1547,57 manat borc və 37,24 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar