Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6132/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır.
2. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən ünvan 1 ünvanda qeydiyyatdadır. 87 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən əsasən həminünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur. Belə ki, xx.xx.2007-ci il tarixdə həmin ünvanda yaşayan X3 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2021-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2021-ci il tarixində borcsuz şəbəkədən ayrılmışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 9452 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır.
3. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMCyə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel televiziyası şəbəkəsindən ayrıldığı xx.xx.2021-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2022-ci il tarixə qədər olan müddət 691 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 228 manat 03 qəpik təşkil edir.
4. Bundan əlavə, İddiaçı MMC"xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli ) manat pul ödəyir.
İddiaçının tələbi:
5. Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 228 manat 03 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 408 manat 43 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
6. Cavabdeh tərəfindən heç bir yazılı etiraz və ya sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
7. İddiaçının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, anası rəhmətə gedəndən sonra həmin evdə yaşayış olmamışdır. Ev onun adına 2022-ci ilin iyul ayında keçirilmişdir. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. 26 dekabr 2022-ci il tarixli 9452 №-li İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında akta əsasən, 26 dekabr 2024-cü il tarixində ünvan 2 ünvanında yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 73 saylı mənzilində “KATV1 “ kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu müəyyən edilmişdir.
10. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən, İddiaçı MMC tərəfindən "xxxx" ASC-nin hesabına (hesab nömrəsi: AZ90PAHA40060AZNHC**********) 150 manat məbləğində pul vəsaiti köçürmüşdür.
11. İddiaçı MMC tərəfindən verilmiş arayışa əsasən, K@TV1 Kabel Televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə xidməti xx.xx.2015-ci il tarixədək 9 manatdır, xx.xx.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Eyni mənzildə əlavə qoşulan teleqəbuledici üçün isə aylıq abunə haqqı xidməti 2 manatdır.
12. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, X2 ilə İddiaçı MMC arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2021-ci il tarixində son ödəmə edilmiş, xx.xx.2021-ci il tarixində borcsuz şəbəkədən ayrılmışdır.
13. Xətai Rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 87 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 13.04.202-cü il tarixli,34 № -li arayışa əsasən, Cavabdeh həqiqətən də, Neopol küçəsi, 22 saylı evin, 73-cü mənzilində qeydiyyatda olmaq yaşayır.
14. AZ-İİ130825 №-li ölüm haqqında şəhadətnaməyə əsasən, X2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1266 № ilə qeyd edilmişdir.
15. X1 (abunə kodu:**********20073) Abunə haqında çıxarışı.
16. İş materiallarına əlavə edilmiş digər sənədlər. Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
19. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə əsasən, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları” 6.3-cü maddəsinə əsasən, dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir.
22. Məhkəmə qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Yəni, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır.
23. Məhkəmə tərtib edilmiş 9452 saylı xx.xx.2022-ci il tarixli akt, arayış və digər sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək hesab edir ki, həmin sənədlər, kabel şəbəkəsinə qanunsuz qoşulmanın həyata keçirilməsi və ziyanın həqiqətən də Cavabdeh tərəfindən vurulması barədə hər hansı bir faktı özündə ehtiva etmədiyindən belə sübutlar iddia tələbinin təmini üçün yetərli sayıla bilməz. Belə ki, həmin aktlar, əvvəla, birtərəfli qaydada tərtib edilmiş və yoxlama aparılarkən cavabdehin də iştirakı təmin olunmamışdır. İkincisi, aktın özündə belə, kabel şəbəkəsinə qoşulan şəxs haqqında məlumat göstərilməmişdir. Hətta, aktda qeyd edilənlərin düzgünlüyü, yəni həqiqətən mənzilin kabel şəbəkəsinə qoşulmasını təsdiq edəcək (göstərəcək) heç bir sübut nə akta, nə də iş materiallarına əlavə edilməmişdir.
24. Zərərin vurulmasında cavabdehin təqsirinin olmasına gəldikdə isə, məhkəmə qeyd edir ki, mənzilin cavabdehə məxsus olması hələ, onun tərəfindən kabel televiziyasına qanunsuz qoşulmaqla iddiaçıya maddi zərər vurulması barədə nəticəyə gəlməyə əsas verə bilməz. Yuxarıda qeyd edilən MM-nin 1096.1-ci maddəsi zərərçəkənə ziyan və ya zərərin təqsirli şəxs tərəfindən birbaşa vurulmasını müəyyən etmişdir.
25. Qeyd edilənlərlə yanaşı cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sənədlərdən, məhkəmə iclasında verdiyi izahdan da göründüyü kimi, cavabdehin anası xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra 2021-ci ilin fevral ayından həmin ünvanda yaşayış olmamışdır.
26. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya kabel şəbəkəsinə qoşulmaqla zərərin vurulmasında cavabdehin təqsirli olması və zərərin onun tərəfindən vurulması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadığından iddia tələbi təmin edilməməlidir.
Məhkəmə xərcləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə eyni zamanda dövlət rüsumuna görə ödənilən 30 manat məbləğində xərcin və hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 150 manat məbləğində xərcin əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edilmədiyindən dövlət rüsumu və işə baxılması ilə əlaqədar olan digər məsrəflər iddiaçıya aid edilməlidir.
Qət etdi:
1. "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin.
2. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova