Məhkəmə qərarları › İş №e-2(011)-6136/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6136/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6136/2024 31.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə məişət avadanlığının nisyə alqı-satqısı barədə ******* saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan 1170 manat dəyərində aldığı məişət əşyasını (“RİFFEL ASW-UY” markalı kondisioner) hissə-hissə olmaqla, yəni 15 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, müqaviləyə görə ilkin ödəniş olmadan aylıq ödəniş 78 manat müəyyən edilmişdir.

2. Əşya cavabdehə təhvil verilməməsi mübahisələndirilməmişdir.

3. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə müqavilə üzrə cavabdehin əsas borcu 130 manat, cərimə borcu 100 manat təşkil edir.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı xx.xx.2017-ci il tarixli müqavilə üzrə 130 manat əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 230 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh məişət avadanlığı almışdır. Hazırda cavabdehin 230 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1170 manat (15 ay + 78 manat + 0 manat ilkin ödəniş) olan əşyaya görə 130 manat ödənilməmiş əsas borcu və 100 manat cərimə borcu yaranmışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllə:

7. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

8. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

11. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

12. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 25.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.

18. Məhkəmə əvvəlcə qeyd etməyi zərur hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi, başqa sözlə tərəflər arasındakı hüquq münasibətinə uyğun gələn maddi hüquq normasının dügün tapılması və tətbiq edilməsi mübahisənin qanuni həlli deməkdir. Odur ki, iddia ərizəsinin məzmunundan asılı olmayaraq, məhkəmənin başlıca işi tərəflər arasında yaranmış real hüquq münasibətlərinin müəyyən edilməsi və həmin hüquq münasibətinə uyğun gələn düzgün maddi hüquq normasının tətbiq edilməsindən ibarətdir.

19. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilə “borc müqaviləsi” adlandırılsa da, tərəflər arasında yaranmış hüquq münasibəti nisyə alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 576-cı maddəsində alqı-satqı müqaviləsinə verilən anlayışdan isə görnür ki, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Qeyd edilən müddəalardan da görünür ki, borc müqaviləsinə görə pulu və ya digər əvəz edilə bilən əşyanı mülkiyyətinə almış borc alan müqavilə ilə müəyyən edilmiş müddət başa çatdıqdan sonra aldıqlarını eyni ilə borc verənə qaytarmaq öhdəliyi daşıyır. Borc predmeti yalnız müqavilə müddəti ərzində borc alanın mülkiyyətində qalır. Alqı-satqı müqaviləsi üzrə isə əşyanı alan alıcı yalnız onun dəyərini satıcıya ödəmək (ödəniş əvvəcədən, əşyanı alan vaxt, yaxud sonradan edilməklə) öhdəliyi daşıyır, dəyəri tam ödənildikdə isə əşya birdəfəlik alıcının mülkiyyətində qalır (əşyanın alıcının mülkiyyətinə verilməsi məqamı tərəflər arasındakı razılaşmaya müvafiq müəyyən edilə bilər).

21. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilədən də görünür ki, cavabdeh iddiaçıdan 1170 manat dəyərində məişət avadanlığı olan RİFFEL ASW-UY” markalı kondisioner almış və onun dəyərini 15 ay müddətinə, ayda 78 manat omaqla, hissə-hissə ödənəyi öhdəsinə götürmüşdür. Yəni tərəflər arşında nisyə-nisyə alqı-satqı müqaviləsi bağlanışdır. Ona görə də, hazırkı mübahisəyə nisyə-nisyə alqı-satqı müqaviləsi ilə bağlı müddəalar tətbiq edilməlidir.,

22. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

23. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.

24. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.

25. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

26. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 10 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.

27. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində tərəflərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli müqaviləyə görə 130 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, cəmi 140 manat pul və 18,30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumunun 11,70 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar