Məhkəmə qərarları › İş №e-2(011)-616/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-616/2025

22.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-616/2025 22.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi: İddiaçı X5 cavabdeh X2 qarşı cavabdehdən yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan 2120,30 manat, mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan 1450 manat, mənəvi zərərin əvəzi olaraq 1500 manat, məhkəmə xərclərinin və məhkəməyə ödənilmiş 70,70 manat, ümumilikdə 5141 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı Bakı şəhəri, Xətai rayonu X9 küçəsində yerləşən 3 nömrəli evin 8 nömrəli mənzilinin sahibidir. xx.xx.2024-cü il tarixində iddiaçının mənzilini bir mərtəbə yuxarıda yerləşən 10 nömrəli mənzildən suyun axması nəticəsində su basmışdır: Üst qonşudan (X9 küçəsi ev 3, mənzil 10) su axıdılması nəticəsində mətbəx sahəsində küncdən suyun axıdılması nəticəsində mətbəxdəki divar kağızları su basmadan qopub, mətbəx mebeli su alma nəticəsində şışmələr, qopmalar, yararsız hala düşüb, mətbəx mebel məntəşələri paslanıb, su- pas ləkələri nəticəsində korlanıb, qapıları su alıb şışmə nəticəsində bağlanmır. Mətbəxin yan/künc divardan axan su nəticəsində divar kağızları su alma nəticəsində süzülüb cırılıb. O qədər su axıb ki, mətbəx dəzgah üzərində güldan çirkli su ilə dolub. Su axıntısı və sizmaları yerdə ləkələr, şişmələr. aralanmalar yaradıb. Su axıntısı dəhlizə və hamam-tualet tərəfindən də axaraq qapıları yararsız hala salıb. Qapılar şışmədən və yararsız hala düşmədən bağlanmır, kiflənmə və çürümə prosesi gedib. Qapı üstündəki divar kağızları su alma nəticəsində kiflənib, sökülüb yararsız hala düşüb. Yan və üst divarda ləkələr və boya qopmaları, nəticəsində yararsız hala düşüb. Su sızmaları davamlı hamamda lambirin üst tərəfində nəmişliklər görünür, kafel metlaxlarda / divarda kiflənmə və qaralmalar var. Su sizması dəhlizə, döşəmə, divarlarda ləkələr və divar kağızları qopmaları, döşəmədə su sızmalar nəticəsində ləkə və qopmalar meydana gəlib. Eyni zamanda yataq otağında da su sızmaları nəticəsində üst divar künclərində ləkələr və divar kağızlarında qopma görülür. İddiaçının mənzilindən yuxarı mərtəbədə yerləşən 10 nömrəli mənzilin sahibəsi Cavabdeh Hüseyin qızıdır. Baş verənlərin səbəbi 10 nömrəli mənzildə yaşayanların səhlənkarlığından suyun açıq bıraxılması və işlədilən su xətlərinin yetərsiz və yararsız olmasından qaynaqlanır. Cavabdehin təqsiri üzündən iddiaçıya məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri arasında bağlılığın mövcudluğu MKİS-93 tərtib və təsdiq etdiyi xx.xx.2024 tarixli aktla sübuta yetirilir. Bu 10 nömrəli mənzildən su buraxma/axıtma xarakterli törədilən hadisə ilk deyil. Daha əvvəllər də suyun axıdılması nəticəsində iddiaçının əmlakına zərər vurulmuşdur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür, yəni: mətbəxdə divar kağızları yararsız vəziyyətə düşmüşdür. Mətbəxtdə divar kağızlara görə dəyən ümumi zərər miqdarı 373.20 manatdır. Üst və yan divarın boya və ləkələri-boya qopduğuna görə daxili səthə divara, dəyən minimal zərər miqdarı 100 manatdır. Mətbəx dəzgahı su sızdırması nəticəsində avadanlıq su alıb şışıb, ləkələr meydana qəlib, qapıları bağlanmır, hərəkətli dəmir hissələr paslanıb, mətbəx dəzgahı üst taxtası su almadan şişib + qopub + çatlayıb, dəzgah yararsız hala düşüb. Mətbəx dəzgahına görə dəyən ümumi zərər miqdarı ən az 700 manatdır. Hamam/tualetin qapıları su almadan yararsız hala düşüb, deformasiya olub, məntəşələri paslanıb, şişib qapılar bağlanmır. Dəhlizdə hamam/tualetin qapılarına görə dəyən ümumi zərər miqdarı 720 manatdır. Dəhlizdə hamam/tualet qapıların üst tərəfində divar kağızları su almadan, kiflənib, qopub yararsiz halə düşüb. Dəhlizin divar kağızlarına görə dəyən ümumi zərər miqdarı 52,10 manatdır. Dəhlizdə hamam/tualet qapıların üst tərəfində künclərdə divarın boya qopmaları, üst və yan divar boya qopmaları və ləkələrin yaratdığı görülür. Dəhlizin divar və künclərinə görə dəyən ümumi zərər miqdarı 80 manatdır. Əmlakımın digər hissələri də yararsız hala düşüb. Su alma nəticəsində taxta döşəmənin su alması, aralamalar, lakda qabarmalar, yataq otağı və dəhlizdə su axıdılmasından divar və tavanda ləklər, divar kağızlarının qopması müşahidə olunur. Hamamda da tavandan davamlı nəm və su sizintisindan kafel metlaxlarda davamlı qaralmalar + kif meydana gəlir. xx.xx.2017 tarixindən bu günə kimi 10 nömrəli mənzildən dəfələrlə su axıntısı baş verib, hamamtualetdə işıqlandırma sistemi və havalandırma ventilyatorlarına su axıdılıb, bunun nəticəsində 3-ədəd ventilyator yandığına görə yenisi ilə əvəz edilmişdir. Hamam/tualetə su axıdılması nəticəsində elektrik xətlərinə su sızması nəticəsində, lampalarda elektrik çarpması nəticəsində lampalar yanmış, ışıqlar sönmüşdür. Elektrik avadanlıqlarına görə dəymiş ümumi zərər məbləği azı 95 manatdır. Cavabdehin təqsiri üzündən iddiaçıxa məxsus əmlaka dəymiş ziyan 2120.30 manat təşkil edir. Həmçinin, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mənzilində təmir işlərinin qiyməti ən azı 1450 manat təşkil edəcək. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi, ev 3, mənzil 8 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi, 75. M4¸ m2) ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən özünə tam payla məxsus olmuş Bakı şəhəri Xətai rayonu, X9 küçəsində yerləşən 3 saylı evin 10 saylı mənzili X1. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti 93 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş, MKİS-nin mühəndisi R.Vəliyev, sahə nəzarətçisi R.Abdullayev, işçilərdən O.Namazov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki. 93 saylı MKİS-nin xidmət ərazisindəki S.Ə.Şirvani küçəsi 3 saylı binanın 8-ci mənzilində yaşayan İddiaçı müraciətinə əsasən həmin mənzilə baxış keçirildi. Baxış zamanı mənzillin hamam və dəhlizinə su axıntısının olması müəyyən olundu. Su axıntısının mənbəsi üst mərtəbə yerləşən X4 məxsus 10 saylı mənzilidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/9908 nömrəli ekspert rəyinə əsasən tədqiq edilən 8 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən 3 saylı evin 8 saylı mənzilin tikililərinə ziyanın vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən 3 saylı evin 10 saylı mənzilinin qapısı bağlı olduğundan, 8 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Ekspert tərəfindən Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsində yerləşən 3 saylı evin 8 saylı mənzilində su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan işlərə sərf ediləcək (edilmiş) materialların həcmi smetada göstərilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş Qiymətləndirmə Hesabatında dəymiş zərər aşağıdakı kimi müəyyən edilmişdir: - Mətbəxinin təmirinə çəkiləcək xərc və zəhmət haqqı məbləği: 5 rulon divar kağız üçün 225 manat, 2 qutu divar kağızı üçün kley – 24 manat, tikinti ləvazimatları üçün 35 manat, 1 quru boya üçün 20 manat, tavanın boyanması işləri üçün 100 manat, divar kağızının vurulması işləri üçün 200 manat, mətbəx mebelinə görə 1215 manat; -dəhzlinin təmirinə çəkiləcək xərc və zəhmət haqqı: 3 rulon divar kağızı – 135 manat, 1 quru sulu boya 20 manat, sanitar qovşaq üçün qapı – 900 manat, divar kağızının vurulası işləri -100 manat, tavanın boyanması -100 manat, 1 qutu divar kağızı kleyi – 12 manat; - yataq otağının tavanına çəkiləcək xərc və zəhmət haqqı: 1 qutu boya -20 manat, boyanın vurulması üçün zəhmət haqqı – 100 manat. Hesabata əsasən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, e saylı evin 8 saylı mənzilində su sızması nəticəsində dəymiş zərərin dəyəri 3206 manat təşkil etdiyi müəyyən edilmişdir. Qiymətləndirmə xidmətinin haqqı 150 manat təşkil edir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, X9 küçəsində yerləşən 3 saylı evin 8 saylı (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi, 75. M4¸ m2) mənzilinə cavabdehin mülkiyyətində olmuş həmin yaşayış evinin 10 saylı mənzilindən suyun axıdılması nəticəsində zərər dəymişdir. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində müəyyən edilmişdir ki, dəymiş zərərin aradan qaldırılması üçün 3206 manat məbləğində vəsait tələb edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin təqsirli qanuna zidd hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 3206 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın mənəvi zərərin əvəzi olaraq iddiaçıdan 1500 manat məbləğində pul vəsaitinin tutulması tələbinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Göründüyü kimi, şəxsin mənəvi ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində fiziki şəxs mənəvi sarsıntı və iztirab keçirtsin. Məhkəmə hesab edir ki, Cavabdeh mülkiyyətində olmuş mənzildən su sızması nəticəsində iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, X9 küçəsində yerləşən 3 saylı evin 8 saylı mənzilə su sızması nəticəsində, mənzilin təmirinin və əşyaların yararsız hala düşməsi nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və, iddiaçı keçirtdiyi stress və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkən iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi 1500 manat mənəvi zərər ağlabatan və ədalətli deyildir, ona görə iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Mənəvi zərərin həcmi 1500 manat məbləğində deyil iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi hallar nəzərə alınaraq 300 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddianın təmin edilmiş həcminə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55,06 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində vəsait isə cavabdehdən tutularaq dövlət büdəcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 3206 (üç min iki yüz altı) manat, mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55,06 (əlli beş manat altı qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar