Məhkəmə qərarları › İş №e-2(011)-6162/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6162/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6162/2024 27.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 22 oktyabr 2014-cü il tarixində "xxxx" MMC və İddiaçı arasında Xətai rayonu, Gəncə prospektinin 2930-cu məhəlləsində yerləşən “Panorama Park” yaşayış kompleksində B binasının 11-ci mərtəbəsində 1 otaqlı mənzilin alqı-satqısına dair B-11-5 saylı müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə görə mənzilin sahəsi 50,40 kvadrat metr, mənzilin ümumi qiyməti isə 59,160.00 (əlli doqquz min yüz altmış) manat dəyərində müəyyən edilmişdir. Müvafiq olaraqda kommunal xidmətlər 50,40 üzərindən hesablanmışdır. Lakin 2023-cü ili avqust ayında Əmlak Məsələləri Dövlət Xidmətindən mənzil çıxarışı alınan zaman faktiki sahənin 45.90 kvadrat metr olduğu müəyyən olunmuşdur. Məlumat üçün mətbəx, dəhliz və otaq arasındakı divarlar yalnız daşıyıcı divar və şaxtadan ibarətdir, sahənin genişləndirilməsi və ya hər hansı dəyişiklik etmək qeyri-mümkündür. Çıxarışı aldıqdan sonra tikinti şirkətinə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq, aradakı fərqi kompensasiya etməkdən və kommunal xidmətləri faktiki sahə üzrə hesablamaqdan imtina etmişdirlər. Nəticə olaraq 28 iyun tarixində rəsmi məktubla müraciət olunmuş və iyul ayının 3-nə kimi möhlət verilmişdir. Lakin qarşı tərəf heç bir reaksiya verməmişdir. Əlavə olaraq qaz və işıq sayğacları üçün ödəniş alınmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, mənzil üzrə kommunal xidmətlərin çıxarışa uyğun olaraq 45.9 kv.m üzərindən hesablanması, alqı-satqı müqaviləsində qeyd olunan sahə ilə çıxarış sahəsi arasında yaranan fərq üzrə hər kv.m üzrə - 1173.8 manat (59160/50.4), mənzil sahəsi üzrə fərq 4.5 kv.m * 1173.8= 5282.1 manat, sayğaclar üçün əsassız alınan məbləğ 600 manat, cəmi 5882.1 manat məbləğin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdeh "xxxx" MTK-ya lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış 22 oktyabr 2014-cü il tarixli Çoxmərtəbəli yaşayış binasında fərdi mənzil alınması haqqında B-11-5 nömrəli müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektinin 2930-cu məhəlləsində tikilən yaşayış komleksində “B” binasının 11-ci mərtəbəsində 1 otaqlı mənzili inşa edib təhvil verməyi öz öhdəsinə götürmüş, mənzilin sahəsi 50,40 kvadrat metr, mənzilin ümumi qiyməti 59160 manat məbləğində müəyyən edilmişdir. İş materialllarında olan "xxxx" MMC tərəfindən verilmiş 04 noyabr 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, "xxxx" MMC-yə məxsus olan Gəncə prospekti 2930 ünvanında yerləşən yaşayış kompleksinin B bloku, yaşayışın 11-ci mərtəbəsində yerləşən, 50,40 kvadrat metrlik 1 otaqlı mənzilə İddiaçı borcu qalmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 07 avqust 2023-cü il tarixli Texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 302, mənzil 5 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 302, M11, m5) ünvanında yerləşən mənzilin ümumi sahəsi 45.90 kv.metrdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Yeni qaydalarla ünvan 3 ünvanında yerləşən 45.90 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 09 avqust 2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21 may 2022-ci il tarixli, ********* nömrəli X1 surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektinin 2930-cu məhəlləsi ünvanında yerləşən 180 saylı mənzil (Giriş, B, mərtəbə, 11, 1-otağı, sahəsi 50.4 m2) üzrə kommunal xidmətə görə 2021-ci ilin fevral ayından 2022ci ilin sentyabr ayınadək ümumilikdə 245 manat ödəniş etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10 iyun 2023-cü il tarixli, ********* nömrəli X1 surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektinin 2930-cu məhəlləsi ünvanında yerləşən 180 saylı mənzil (Giriş, B, mərtəbə, 11, 1-otağı, sahəsi 50.4 m2) üzrə kommunal xidmətə görə 2023-cü ilin may ayından 2023cü ilin oktyabr ayınadək ümumilikdə 65 manat ödəniş etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10 iyun 2023-cü il tarixli, ********* nömrəli X1 surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektinin 2930-cu məhəlləsi ünvanında yerləşən 180 saylı mənzil (Giriş, B, mərtəbə, 11, 1-otağı, sahəsi 50.4 m2) üzrə kommunal xidmətə görə sentyabr 2019-cu il üzrə 900 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azəbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə) 389.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı prinsipini müəyyən edən 390.1-ci maddə bəyan edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 6.0.9.); kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 6.0.11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. Yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək dövlətin vəzifələrinə aid edilmişdir. (Maddə 10.0.2) Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.(Maddə 18) Digər tərəfdən, özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. (Maddə 135.1.) 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın tərkibini müəyyən edən 136cı maddəyə görə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.1.1. yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı); 136.1.2. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması və cari təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq. Çoxmənzilli binanın ümumi əmlakının əsaslı təmiri yaşayış fondunun mülkiyyətçisinin hesabına həyata keçirilir; 136.1.3. kommunal xidmətlərə görə haqq. 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.3. Təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs tərəfindən və ya fərdi sahibkar tərəfindən (bundan sonra – idarəedici təşkilat) idarə olunan çoxmənzilli binanın dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin sosial kirayə və kirayə müqavilələri üzrə kirayəçiləri yaşayış sahəsinin saxlanması və təmiri, habelə kommunal xidmətlərə görə haqqı həmin idarəedici təşkilata ödəyirlər. 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 140.2. Çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi vəzifəsi həmin binanın bütün sahə mülkiyyətçilərinə binanın sahələrinə mülkiyyət hüququnun yarandığı andan şamil edilir. Çoxmənzilli binanın sahəsinə mülkiyyət hüquqları keçdikdə, çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi üzrə əvvəlki mülkiyyətçinin öhdəlikləri yeni mülkiyyətçiyə keçir. 140.3. Əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. (Maddə 141.1.) 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. 141.10. Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Bu Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. (Maddə 141-1.1.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 235-ci maddəsinə görə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə o cümlədən aşağıdakılar aiddir: 235.1.1. torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər; 235.1.2. idarəçiyə haqq ödənilməsi də daxil olmaqla, idarəetmə fəaliyyətinə çəkilən xərclər; 235.1.3. bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən tutulan ödənişlər və vergilər. 235.2. əgər birgə istifadə edilən müəyyən tikinti konstruksiyaları, qurğular mülkiyyətin ayrı-ayrı tərkib hissələrinə xidmət etmirsə və ya əhəmiyyətsiz dərəcədə xidmət edirsə, bunu xərclərin bölgüsündə nəzərə almaq lazımdır. 235.3. Yaşayış binasının tərkib hissəsinin hər hansı mülkiyyətçisi xərclər üçün haqları üç il ərzində ödəmədikdə yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı: 235.3.1. yaşayış binasının tərkib hissələrinə mülkiyyətdə onun payı üçün ipotekanı qeydə aldırmaq hüququna malikdir. İpotekanın qeydə alınmasını idarəçi və ya əgər o təyin edilməyibsə, əksəriyyətin qərarı ilə və ya məhkəmə tərəfindən vəkil edilmiş yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən hər hansı biri və ödənilməmiş haqların girov kimi verildiyi kreditor tələb edə bilər; 235.3.2. yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin otaqlarında olan və onların avadanlıqla təchiz edilməsi və istifadəsi üçün nəzərdə tutulan daşınar əşyaları girov qoymaq hüququna malikdir. Mülki Məcəllənin daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını müəyyən edən 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC ilə arasında 22 oktyabr 2014-cü il tarixdə Çoxmərtəbəli yaşayış binasında fərdi mənzil alınması haqqında B-11-5 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektinin 2930-cu məhəlləsində tikilən yaşayış komleksində “B” binasının 11-ci mərtəbəsində 1 otaqlı mənzili inşa edib təhvil verməyi öz öhdəsinə götürmüş, mənzilin sahəsi 50,40 kvadrat metr, mənzilin ümumi qiyməti 59160 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən mənzilin dəyəri tam şəkildə ödənilmiş, bununla bağlı "xxxx" MMC tərəfindən 04 noyabr 2019-cu il tarixdə maliyyə arayışı verilmişdir. Lakin sonradan 07 avqust 2023-cü il tarixli Texniki pasport ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 302, mənzil 5 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 302, M11, m5) ünvanında yerləşən mənzilin ümumi sahəsi 45.90 kv.metrdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə Yeni qaydalarla ünvan 3 ünvanında yerləşən 45.90 kvadrat metr olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** reyestr nömrəsi ilə 09 avqust 2023-cü il tarixdə qeydiyyata alınmışdır. Bununla yanaşı həmin mənzil üzrə kommunal xərclərin 50,40 kvadrat metr üzrə hesablandığı təsdiq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrinin məlumatına görə mübahisəli mənzilin faktiki sahəsinin 45.90 kvadrat metr olduğu təsdiq edildiyindən həmin mənzil üzrə kommunal xərclərin hesablanmasında yanlışlığa yol verildiyindən, bununla da iddiaçının tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 302, mənzil 5 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 302, M11, m5) ünvanında yerləşən mənzil üzrə kommunal xidmətlərə görə xərclər çıxarışa uyğun olaraq 45.9 kv.m üzərindən hesablanmalıdır. Məhkəmə alqı-satqı müqaviləsində qeyd olunan sahə ilə çıxarış sahəsi arasında yaranan fərq üzrə hər kv.m üzrə - 1173.8 manat (59160/50.4), mənzil sahəsi üzrə fərq 4.5 kv.m * 1173.8= 5282.1 manat məbləğin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, İddiaçı ilə "xxxx" MMC ilə arasında bağlanmış 22 oktyabr 2014-cü il tarixli Çoxmərtəbəli yaşayış binasında fərdi mənzil alınması haqqında B-11-5 nömrəli müqavilədə mənzilin dəyəri onun hər kvadrat metrinə görə hesablanmadığından, müqavilədə mənzilin ümumi dəyəri razılaşdırıldığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin iddiaçı tələbində sayğaclar üçün əsassız alınan məbləğ 600 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını xahiş etsə də, qeyd olunan hallar ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 302, mənzil 5 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 302, M11, m5) ünvanında yerləşən mənzil üzrə kommunal xidmətlərə görə xərclər çıxarışa uyğun olaraq 45.9 kv.m üzərindən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar