Məhkəmə qərarları › İş №e-2(011)-6169/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6169/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6169/2025 21.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə mübahisələr, pul” tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclularla BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, L-BK- 0068220-F saylı Kredit müqaviləsi və BK-00029157 saylı Zaminlik müqavilələrinə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas məbləğ üzrə 1033.96 manat, faiz borcu üzrə 121.75 manat, cərimə borcu (gecikdirilmə faizi) 9.05 manat və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olaraq 86.08 manat olmaqla, cəmi 1250.84 manat məbləğində kredit borcunun və ödənilmiş 33 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı İddiaçınə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müvafiq olaraq onunla Bank Olmayan Kredit Təşkilatı İddiaçı arasında xx.xx.2024-cü il tarixli, L-BK- 0068220-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 2.1-ci bəndlərinə əsasən, borcluya 10 ay müddətinə, illik 27% olmaqla, 2000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh1 ilə BK-00029157 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 966.04 manat, müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcu 250.39 manat və müqavilənin 3.1.2-ci bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 3.57 manat olmaqla, cəmi 1220 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda borclunun təşkilata əsas məbləö üzrə 1033.96 manat, faiz borcu üzrə 121.75 manat və cərimə borcu üzrə 9.05 manat məbləğində borcu vardır. Bundan əlavə, Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, L-BK-0068220-F saylı Kredit müqaviləsinin 3.1.4-cü maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən, zərər (əldən çıxmış fayda) 86.08 manat təşkil edir. Təşkilatla borclunun zamini arasında bağlanmış BK-00029157 saylı Zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən, borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə gptürüblər. Həmin müqavilənin 2.2-ci bəndinə müvafiq olaraq Zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komsiyon cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürüb. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından Kreditorun xeyrinə silinməsinə icazə verib. Cavabdehlərin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, L-BK-0068220-F saylı İstehlak krediti müqaviləsindən görünür ki, borcverən istehlakçıya 10 ay müddətinə 2000 manat məbləğində istehlak krediti verməyi, borc alan isə kredit və kreditə hesablanmış faizləri “Ödəniş qrafiki”nə (1 saylı Əlavəyə) uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür (Müqavilənin 1.1-ci maddəsi). Kreditə görə illik faiz dərəcəsi 27%-lə hesablanır (Müqavilənin 2.1-ci maddəsi). Kredit üzrə ödənişlər aylıq, ümumi sayı 10 olmaqla, orta aylıq ödənişin məbləği 226.16 manatdır (Müqavilənin 2.4-cü maddəsi). İstehlakçı müqavilə üzrə öhdəlikləri vaxtında və lazımınca icra etməyi öhdəsinə götürmüşdür (Müqavilənin 3.1.1-ci bəndi). İstehlakçı müqavilə müddəti ərzində kredit ödənişləri gecikdirdiyi halda, gecikdirmənin ilk günündən başlayaraq hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinə illik 5 (beş) faiz məbləğində əlavə gecikdirilmə faizi ödəməyi öz üzərinə götürür (Müqavilənin 3.1.2-ci bəndi). İstehlakçı müqavilə üzrə öhdəlikləri icra etmədiyi üçün onun barəsində borcverən tərəfindən məhkəməyə müraciət olunduqda, borcverənə vurulmuş zərərin (əldən çıxmış fayda) əvəzini ödəməyi öz üzərinə götürmüşdür. Vurulmuş zərər (əldən çıxmış fayda) kreditin ödənilməmiş əsas məbləğinə müqavilə üzrə illik faizin 6 aylıq miqdarında müəyyənləşdirilərək ümumi iddia məbləğinə əlavə olunacaqdır (Müqavilənin 3.1.4-cü bəndi). Borcverən müqavilənin şərtlərinə uyğun olaraq kreditin istehlakçıya verilməsini təmin etməyi öhdəsinə götürmüşdür (Müqavilənin 3.3.1-ci bəndi). İstehlakçı tərəfindən müqavilə üzrə ödənişlərin vaxtında və lazımınca icra edilməsini tələb etmək borcverənin hüququdur (Müqavilənin 3.4.1-ci bəndi). Müqavilə üzrə öhdəliklər tam yerinə yetirilənədək müqavilə qüvvədə qalır (Müqavilənin 4.1-ci maddəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli, L-BK-0068220-F saylı kredit müqaviləsinə 1 saylı Əlavə-Ödəniş qrafikindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən Cavabdeh2 verilən kreditin məbləği 2000 manat, müddəti 10 ay, orta aylıq ödənişin məbləği 226 manatdır (yalnız sonuncu ay 227.75 manatdır), kredit borcu üçün sonuncu ödəniş xx.xx.2025-ci il tarixində edilməli idi. Cavabdeh2 Ödəniş qrafiki ilə tanış olub razılaşdığını öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Cavabdeh1 və Bank Olmayan Kredit Təşkilatı İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BK-00029157 saylı Zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən zaminliklə təmin olunan öhdəlik BOKT Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Bakı filialı tərəfindən xx.xx.2024-cü il tarixli, L-BK-0068220-F saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh2 10 ay müddətinə verilən 2000 manat məbləğində kreditdir ( Zaminlik müqaviləsinin 1-ci maddəsi). Bu müqavilə ilə zamin kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını bilir və öz öhdəsinə götürür (Müqavilənin 2.1-ci maddəsi). Bu müqavilə ilə Zamin borclu tərəfindən müvafiq kredit müqaviləsi üzrə kredit və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını bilir və öhdəsinə götürür (Müqavilənin 2.2-ci maddəsi). Bu müqaviləyə imza atan Zamin götürülən kreditin, ona hesablanmış faizlərin ödənilməsində səbəbindən asılı olmayaraq gecikmə və ya hansısa problem yaranarsa, borclunun öhdəliklərinin icrasına tam cavabdehliyi kreditorun tələb etdiyi anda öz üzərinə götürəcəyinə zəmanət verir (Müqavilənin 2.3-cü maddəsi). Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və zaminin öhdəliyinin və Zaminlik müqaviləsinin müddəti kreditor və borclu arasındakı kredit müqaviləsinin müddəti ilə üst-üstə düşür və borclu tərəfindən müqavilə üzrə bütün öhdəliklər tam yerinə yetirilənədək qüvvədə qalır (Zaminlik müqaviləsinin 3.1 və 3.2-ci maddəsi). İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, BOKT İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, L-BK-0068220-F saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 əsas borcu 1033.96 manat, faiz borcu 121.75 manat, cərimə borcu 9.05 manat olmaqla, ümumi borcu 1250.84 manat təşkil edir. İş materiallarından görünür ki, BOKT İddiaçı tərəfindən borclular Cavabdeh2 və Cavabdeh1 xx.xx.2024-cü il tarixində 045 və 045.1 saylı xəbərdarlıq məktubları göndərilməklə onlardan xx.xx.2024-cü il tarixli, L-BK-0068220-F saylı kredit müqaviləsi və xx.xx.2024-cü il tarixli, BK-00029157 saylı Zaminlik müqaviləsi üzrə öhdəliklərinin icrasını 5 gün müddətində yerinə yetirmələri tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdirlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 33 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, kredit müqaviləsi əsasında BOKT "xxxx" MMC tərəfindən Cavabdeh2 illik 27% olmaqla, 10 ay müddətinə 2000 manat məbləğində istehlak kredit verilmiş, borcalan müqaviləyə əsasən müqavilə və ödəniş cədvəlinə uyğun olaraq ödəniş məbləğlərini vaxtında ödəmək vəzifəsini öz öhdəsinə götürmüşdür, iddiaçı öz vəzifələrini yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri etməməklə müqavilənin şərtlərini pozmuşdur, Zaminlik müqaviləsi əsasında Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür, cavabdehlər müqavilələr üzrə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən onların iddiaçı təşkilata əsas məbləğ üzrə 1033.96 manat, faiz borcu üzrə 121.75 manat, gecikdirilmə faizi üzrə 9.05 manat məbləğində borcu yaranmışdır, cavabdehlər iddiaçı tərəfindən borclarının olması və həmin borc məbləğinin qaytarılması barədə xəbərdar olunmuşlar. Bununla belə, cavabdehlərin müqavilələr üzrə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, 86.08 manat məbləğində müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzinin tələb edilməsi ilə bağlı qeyd edir ki, Kredit müqaviləsinin 3.14-cü bəndinə əsasən, istehlakçı müqavilə üzrə öhdəlikləri icra etmədiyi üçün onun barəsində borcverən tərəfindən vurulmuş zərərin (əldən çıxmış fayda) əvəzini ödəməyi öz öhdəsinə götürmüş, vurulmuş zərər (əldən çıxmış fayda) kreditin ödənilməmiş əsas məbləğinə müqavilə üzrə illik faizin 6 aylıq miqdarında müəyyənləşdirilmişdir. Yəni, mülki qanunvericiliyə görə, tərəflər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və müqavilə şərtləri qoymaqda sərbəst olduqlarından, onlar azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bildiklərindən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirildiyindən həmin müqavilə bəndi üzrə də razılaşdıqları şərtləri yerinə yetirməlidir. Cavabdehlər və iddiaçı arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin (əldən çıxmış fayda) ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Bütün bu deyilənləri nəzərə aldıqda, məhkəmə hesab edir ki, BOKT "xxxx" MMC Cavabdeh2 və Cavabdeh1 zərərin-əldən çıxmış faydanın ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki hüquq subyektlərinin iradə sərbəstliyi (6.1.2-ci maddə); müqavilələr azadlığı (6.1.5-ci maddə); mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması (6.1.7-ci maddə) mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz öənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarına əsasən, banklar əsasən, bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2024-cü il tarixli, L-BK-0068220-F saylı İstehlak krediti müqaviləsi və xx.xx.2024-cü il tarixli, BK-00029157 saylı Zaminlik müqaviləsi üzrə əsas məbləğ üzrə 1033.96 manat, faiz borcu üzrə 121.75 manat, cərimə borcu (gecikdirilmə faizi) üzrə 9.05 manat və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olaraq 86.08 manat olmaqla, ümumilikdə 1250.84 manat məbləğində borc pul tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad edilmələri halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehlərə aid edilməlidir və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat məbləğində pul tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, iddia ərizəsinin verilməsinə görə 1000 manatdan yuxarı olan olan iddia qiymətinin 1%-i həddində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2024-cü il tarixli, L-BK-0068220- F saylı İstehlak krediti müqaviləsi və xx.xx.2024-cü il tarixli, BK-00029157 saylı Zaminlik müqaviləsi üzrə əsas məbləğ üzrə 1033.96 manat, faiz borcu üzrə 121.75 manat, cərimə borcu (gecikdirilmə faizi) üzrə 9.05 manat və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olaraq 86.08 manat olmaqla, ümumilikdə 1250 (min iki yüz əlli) manat 84 (səksən dörd) qəpik məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat məbləğində pul tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar