Məhkəmə qərarları › İş №e-2(011)-618/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-618/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-618/2025 15.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh iddiaçının iş yoldaşı olmuşdur. Cavabdeh iddiaçıdan iş yoldaşları münasibətlərindən istifadə edərək ilk olaraq 2 ay müddətində qaytarmaqla 4500 manat borc pul istəmişdir. İddiaçı onun vəziyyətinin çətin olduğunu görərək ona yazığı gəlmiş və özü də başqa şəxsdən borc götürərək Cavabdeh 25 noyabr 2023-cü il tarixində vermişdir. Lakin artıq ayların keçməsinə və iddiaçının təkidlərinə baxmayaraq Cavabdeh pulu ödəməkdən yayınmış iddiaçıdan bankdan pul götürməklə borcu bağlamağını xahiş etmişdir. İddiaçı öz adına ATB bankdan kredit götürərək Cavabdeh borcunu bağlamışdır. Cavabdeh yalnız bankın 4 ayını ödədikdən sonra ödəniş etməyi dayandırmışdır. Banka olan ödəniş hər ay 280 manat olmaqla 18 ay təşkil edir. Bu məbləği iddiaçı bankdan götürdüyü üçün ümumilikdə banka 4977,28 manat ödəniş etməlidir. Cavabdeh hər dəfə ödənişi ödəmədikdə gecikməyə düşür və əlavə faizlərlə birlikdə aylığı da iddiaçı özü ödəyir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək iddiaçını çətin vəziyyətdə qoyur. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh bir çox insanlardan özünü yazıq kimi göstərərək borclar almış və qaytarmamışdır. Necə ki iddiaçıdan borc istəyəndə atasının goruna öz şərəfinə balalarının canına and içərək iddiaçını özünə inandırmış eyni qayda ilə bir çox şəxslərdən bu qaydada borc almışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 3871,24 manat borcun və məhkəməyə iddia ərizəsi verilməsi üçün 59 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3857,28 manat borcun və məhkəməyə iddia ərizəsi verilməsi üçün 59 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş ******* saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı (müştəri kodu: ******* olan) 05 mart 2024-cü il tarixdə 18 ay müddətinə illik 13% dərəcəsi ilə 4500 manat kredit verilmişdir, aylıq ödəniş 276,51 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış 05 mart 2024-cü il tarixli əlyazmanın surətindən görünür ki, Cavabdeh müştəri kodu ******* olan 05 mart 2024-cü il tarixli,1202259 nömrəli kredit müqaviləsi üzrə ümumi məbləğ 4977,28 manatın özü üçün alındığına görə aylıq 276.51 manat olmaqla, 18 ay olmaqla ödəyəcəkdir. Borc üzrə ödənişi hər ayın 3-ü banka ödəyəcəkdir. İş materiallarında olan qəbzlərdən görünür ki, ******* müştəri kodu üzrə 29 mart 2024-cü il, 13 iyun 2024-cü il, 01 avqust 2024-cü il və 04 avqust 2024-cü il tarixdə hər ay üçün 280 manat olmaqla, cəmi 1120 manat ödəniş edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cavabdeh iddia tələbini qismən, yəni 1800 manat məbləğində olan hissədə qəbul etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı verilmiş 04 aprel 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında 05 mart 2024-cü il tarixində imzalanmış kredit müqaviləsinə əsasən İddiaçı 18 ay müddətinə 4500 manat məbləğində kredit ayrılmışdır. 04 aprel 2025-ci il tarixinə qeyd olunan kredit üzrə ümumilikdə 4932,69 manat ödənilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə İddiaçı bank qarşısında öhdəliyi mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana)n keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamami ilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Beləliklə, mülki iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdeh üçün öz adına "xxxx" ASC-dən 05 mart 2024-cü il tarixdə 4500 manat kredit götürmüş, cavabdeh həmin krediti faizi ilə birlikdə 4977,28 manat olmaqla aylıq 276.51 manat olmaqla, 18 ay ərzində ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, cavabdeh həmin borc üzrə 4 ay- 29 mart 2024-cü il, 13 iyun 2024-cü il, 01 avqust 2024-cü il və 04 avqust 2024-cü il tarixdə hər ay üçün 280 manat olmaqla, cəmi 1120 manat ödəniş etmişdir. Cavabdeh iddia tələbini qismən etiraf edərək, iddiaçıya 1800 manat məbləğində olan hissədə qəbul etsə də, iş materiallarında olan əlyazmadan görünür ki, cavabdeh 4977,28 manat borcun olmasını təsdiq etmişdir. İddiaçı tərəfindən "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi üzrə bütün borc ödənilmiş, bununla bağlı 04 aprel 2025-ci il tarixli arayış təqdim edilmişdir. Məhkəmə hesab edir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 05 mart 2024-cü il tarixli, ******* saylı kredit müqaviləsi üzrə borc öhdəliyi İddiaçı tərəfindən icra olunduğundan, cavabdeh tərəfindən 4977,28 manat borcdan 1120 manat hissəsi ödənildiyindən, qalan 3857,28 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 3857,28 manat məbləğində borc və 59 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar