Məhkəmə qərarları › İş №e-2(011)-6198/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6198/2025

17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6198/2025 17.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Səmədov Söhrab Azər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddia tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2024-cü il tarixli 333248-CNS54464 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən 15 aprel 2025-ci il tarixə Banka borclu olduğu 7259,22 manat məbləğində əsas borc, 360,22 manat məbləğində faiz borcu olmaqla,ümumilikdə isə 7619,44 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 96,19 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2024-cü il tarixli 333248-CNS-54464 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh borcu kapitallaşdıraraq 7259,22 manat məbləğində borcu illik 13 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 17 mart 2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 7259,22 manat məbləğində əsas borc, 360,22 manat məbləğində faiz borcu olmaqla ümumilikdə isə 7619,44 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclası barədə iddiaçı "xxxx" ASC-yə və Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar, hazırkı məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə elektron ərizə ilə müraciət edərək, iş yükünün artması səbəbi ilə əlaqədar olaraq, İddiaçı ASC-nin münasibət bildirməli olduğu zəruri (ekspertiza təyin olunması, ziddiyyətli ekspert rəyinin tədqiq edilməsi və Bankın mənafeyi ilə ziddiyyət təşkil edən digər) hallar istisna olmaqla hazırki mülki işə Bankın məhkəmə iclaslarında iştirakı olmadan baxıb, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2024-cü il tarixli 333248-CNS- 54464 saylı “Kredit borcunun restrukturizasiyasına dair” müqavilənin surətindən görünür ki, Cavabdeh 12 oktyabr 2021-ci il tarixli, 333248-1-27746 (Yenidən maliyyəşmə krediti) müqaviləsi üzrə “Kredit alan” nın “Banka” 15 aprel 2024-cü il tarixə mövcud olan kapitallaşdırılmış borcun ödənilməsi məqsədilə illik 13 faiz hesablanması şərti ilə 59 ay müddətində 7259,22 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC tərəfindən verilmiş 04 iyul 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 15 aprel 2024-cü il tarixli kredit müqaviləsi üzrə banka 7259,22 manat əsas, 360,22 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 7619,44 manat borcu vardır. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı pretenziyaya əsasən məlum olur ki, bank, cavabdehə borcun ödənilməsini təklif etmiş, borcu ödəməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işin materialları ilə təsdiq edilir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2024-cü il tarixli 333248-CNS-54464 saylı “Kredit borcunun restrukturizasiyasına dair” müqaviləyə əsasən, Cavabdeh 12 oktyabr 2021-ci il tarixli, 333248-1-27746 (Yenidən maliyyəşmə krediti) müqaviləsi üzrə “Kredit alan” nın “Banka” 15 aprel 2024-cü il tarixə mövcud olan kapitallaşdırılmış borcun ödənilməsi məqsədilə illik 13 faiz hesablanması şərti ilə 59 ay müddətində 7259,22 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin hazırda 7259,22 manat əsas, 360,22 manat faiz borcu, olmaqla, cəmi 7619,44 manat borcu vardır. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməməsi iş materialları ilə sübut olunduğundan, iddia tələbi təmin edilməli, Cavabdeh 15 aprel 2024-cü il tarixli 333248-CNS-54464 saylı kredit müqaviləsi üzrə 7259,22 manat əsas, 360,22 manat faiz borcu, olmaqla, cəmi 7619,44 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq 96,19 manat. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 96,19 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh 7259,22 manat əsas, 360,22 manat faiz borcu, olmaqla, cəmi 7619,44 manat məbləğində pul vəsaiti və 96,19 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar