Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-620/2024 18.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh X2 iştriakı ilə, İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kreditin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ASC (Bundan sonra Bank) ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə ***-*******NK241219-02 saylı bank hesabı və kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, illik 25% olmaq şərtilə, 7000 manat məbləğində kredit verilmişdir. Müqavilənin Əlavəsi olan ödəniş qrafikinə əsasən aylıq ödəniş 278,32 manat (sonuncu ay 340,86 manat) müəyyən edilmişdir. Cavabdeh aldığı krediti qismən qaytarmışdır.
2. Eləcə də, Bank ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə ***- *******NK241219-02/ZM/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 xx.xx.2019-cu-ci il tarixli kredit müqaviləsi üzrə borclunun (Cavabdeh2) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşlər.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı 6679,73 əsas, 2067,86 Manat faiz, 4602,70 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 178,56 manat faiz borcu və iş üzrə ödənilmiş 124,38 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, ləğv prosesində olan "AMRAHBANK” ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bankla Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 25% dərəcəsi ilə ödəmək şərtilə 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2yə kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit borcunun, borcun tutulması ilə bağlı məhkəmə xərclərinin və digər zərərin əvəzinin ödənilməsinə görə borc alanla ilə eyni məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Cavabdeh Elvin Qasimov kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Bununla bağlı cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişlər. xx.xx.2023-cü il tarixə Cavabdeh2nin kredit üzrə cəmi borcu 11460,99 manat təşkil edir ki, bundan 6679,73 əsas, 4602,70 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 178,56 Manat faiz borcu təşkil edir.
b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdeh2 məhkəmə iclası zamanı bildirdi ki, iddia tələbini qəbul edir, lakin ailə vəziyyəti və işsiz olması ilə əlaqədar olaraq ödənişləri vaxtında edə bilmir.
9. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
10. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
13. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
14. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
15. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
16. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
17. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
23. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
24. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, Bankla Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə ***-*******NK241219-02 saylı bank hesabı və kredit müqaviləsi bağlanmış, cavabdehə 36 ay müddətinə illik 25% dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh2 müqavilə şərlərini pozmaqla, öhdəlyini tam icra etməmişdir.
25. Məhkəmə hesab edir ki, ddia əsas kredit borcunun tutulması hissəsində əsaslıdır.
26. Belə ki, borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
27. İşin mübahisəsiz halıdır ki, Bankla Cavabdeh2 arasında kredit (borc) müqaviləsi bağlanmış, Bank müqavilədə nəzərdə tutulmuş pul vəsaitini həmin cavabdehə verməklə öhdəlyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir.
28. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında xx.xx.2022-cü il tarixinə, habelə iş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü tarixli, 9/10083 saylı ekspert rəyində xx.xx.2023-cü il tarixinə cavabdehin əsas borcnun 6679,73 olması qeyd edilmişdir.
29. Məhkəmə qeyd edir ki, Bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında Cavabdeh2 Bankdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə və şərtlərlə eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh2 göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun qaytarılmasını tələb etməkdə haqlıdır.
30. Lakin məhkəmə hesab edir ki, iddia tələbi faiz borcun və kredit müqaviləsi bitəndən sonra illik 5%-lə hesablanmış pulun tələb edilməsi hissəsində qismən təmin edilməməlidir. Belə ki, iş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2024-cü tarixli, 9/10083 saylı rəyində illik 5% üzrə hesablanmış faiz borcunun 178,13 manat, faiz borcunun isə 4518,59 manat olması qeyd edilmişdir.
31. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında izahatında ekspert rəyi ilə razı olduqlarını bildirmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
32. Məhkəmə eyni zamanda, iddia tələbinin digər Cavabdeh1 aid hissədə araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə Cavabdeh2 aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, borcun ödənilməməsi üçün məsuliyyət daşıyır.
33. Məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, pul öhdəliyi isə icra edilmədiyindən, o, iş üzrə Cavabdeh2la bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyır.
34. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.
35. Həmçinin məhkəmə hesab edir ki, ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 100 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 6679,73 məbləğində əsas borc, 4518,59 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 178,13 manat faiz borcu və ödənilmiş 124,38 manat dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 100 manat məbləğində ekspertiza xərci Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı