Məhkəmə qərarları › İş №e-2(011)-6203/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6203/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6203/2022 30.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun qaytarılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4879,56 AZN əsas, 450,17 AZN faiz, 29,96 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5359,69 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 73,60 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında "xxxx" KB ASC-nin nümayəndəsi İ.D.Şahverdiyev iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun qısa izahat verərək bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 18% ödəmək şərtilə 4880 manat məbləğində kredit verilmişdir, cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir, nəticədə cavabdehin kredit müqaviləsi üzrə 15 sentyabr 2022 tarixinə "xxxx" KB ASC-yə 4879,56 AZN əsas, 450,17 AZN faiz, 29,96 AZN cərimə olmaqla, cəmi 5359,69 AZN borcu yaranmışdır, tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi elektron ərizə ilə məhkəməyə müraciət edərək iclasın onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 340nkSTB2/22 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə ilə Bank tərəfindən sonuncuya xx.xx.2021-ci il tarixli 1432sNFTb/21 nömrəli, xx.xx.2021-ci il tarixli 7010Sbkx/21 saylı müqavilənin bağlanması üçün xx.xx.2025-ci il tarixədək, illik 18% olmaq şərtilə 4880 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 340nkSTB2/22 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh ilə, illik faiz dərəcəsi 18, güzəşt müddəti 0, bitmə tarixi xx.xx.2025, kredit məbləği 4880.00 manat, aylıq annuitet 177 manat olmaqla kredit müqaviləsi bağlanmış, borcalan, kredit ödənişini gecikdirdikdə, gecikdirilmiş kreditə görə, hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin əsas borc məbləğinin 0,5 faizdən 1 faizədək miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 sentyabr 2022-ci il tarixli BANK/PİKMD/1057382 saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 340nkSTB2/22 saylı kredit müqaviləsi üzrə 4879,56 manat əsas, 450,17 manat faiz 29,96 manat cərimə borcu olmaqla, cəmi 5359,69 manat məbləğ təşkil edir. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsi və müqavilənin 3 iş günü müddətində ləğv edilməsi barədə məktubla xx.xx.2022-ci il tarixdə Cavabdeh müraciət etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən 73,60 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında Cavabdeh xx.xx.2025-ci il tarixədək illik 18% olmaqla, 4880 manat kredit verilməsi barədə xx.xx.2022-ci il tarixli, 340nkSTB2/22 saylı kredit müqaviləsi bağlanmışdır, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, hazırda onun iddiaçıya 4879,56 manat əsas, 450,17 manat faiz, 29,96 manat cərimə borcu olmaqla, cəmi 5359,69 manat borcu qalmışdır, cavabdeh borcunun olması, onun qaytarılması barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə belə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4879,56 manat əsas, 450,17 manat faiz, 29,96 manat cərimə borcu olmaqla, cəmi 5359,69 manat borc "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş 73,60 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4879,56 manat əsas, 450,17 manat faiz, 29,96 manat cərimə borcu olmaqla, cəmi 5359 (beş min üç yüz əlli doqquz) manat 69 (altmış doqquz) qəpik borc və dövlət rüsumu qismində ödənilmiş 73 (yetmiş üç) manat 60 (altmış) qəpik pul məbləği "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar