Məhkəmə qərarları › İş №e-2(011)-623/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-623/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-623/2023 22.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Windows 10 Home Proqram, Acer Kompüter almış və nəticədə 353 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1570.44 manat (12 ay x 130.87 manat + 0 manat ilkin ödəniş) Windows 10 Home Proqram, Acer Kompüter üçün 353 manat olmaqla, ondan, 320.04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.96 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Acer Kompüterdən xx.xx.2022-ci il tarixində imtina etmiş və məhsul 1240.5 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 1250.4 manat, cəmi ödədiyi məbləğ 1250.4 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası MPM-nin 284-1, 284-2-ci maddələri ilə əsaslandıraraq, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Windows 10 HOME Proqram üçün 320.04 manat ödənilməmiş hissə, 32.96 manat cərimə, ümumilikdə 353 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, eyni zamanda izahatında bildirmişdir ki, cavabdeh müqavilə üzrə əldə etdiyi Acer markalı komputeri iddiaçıya geri qaytarmış, komputerə yazılmış Windows 10 Home Proqram təminatı bir istifadəçi üzrə nəzərdə tutulduğundan, həmin proqram silinmədən digər müştəriyə satılması mümkün olmadığından proqram silinmişdir. Nümayəndə vurğulamışdır ki, həmin proqramı onlar cavabdehə xidmət kimi satmışlar, həmin proqram əşya deyil, göstərilmiş xidmət olduğu üçün tələbləri əsaslıdır. Məhkəmə iclasında çıxış edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə izahatında bildirmişdir ki, komputer istifadə edilməmiş, alınandan bir gün sonra iddiaçıya geri qaytarılmışdır. Belə ki, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Acer Komputer və onun yaddaşına yazılmış Windows 10 Home Proqramını kreditlə almışdır. Onun həyat yoldaşı bunu bildikdən sonra, komputerin onların təqaüdünə görə baha qiymətə olması səbəbindən, imtina etmiş, əşyanın qaytarılmasını tələb etmişdir. Komputer "xxxx" MMC-nin satış mərkəzinə xx.xx.2022-ci il tarixdə qüsursuz tam şəkildə geri təhvil verilmişdir. "xxxx" MMC-dən cavabdehə bildiriımişdir ki, komputerlə birlikdə satılmış proqram üçün 353 manat pul ödənilməlidir. Komputer və yaddaşa yazılmış proqram geri qaytarıldığından, cavabdehdə hər hansı əşya qalmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-si ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, cavabdehə Mallar olaraq Windows 10 Home Proqram, Acer Kompüter satılmışdır. Həmin müqavilənin 3.11–ci maddəsinə əsasən müştəri 2.1-ci bənddə göstərilən mallardan biri və ya bir neçəsi ilə bağlı öz öhdəliklərini pozarsa hər hansı səbəbdən onları qaytararsa, və ya başqa növ model mala dəyişdirərsə, bu zaman güzəştli şərtlərlə (ödənişsiz) əldə etmiş olduğu malı ABC-nin tələbi ilə saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu mümkün olmadıqda isə həmin malın bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavədə qeyd olunmuş dəyərini tam şəkildə ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 1570,44 manat olan Windows 10 Home Proqram, Acer Kompüter üçün məhsul qaytarıldıqdan sonra 320,04 manat ödənilməmiş məbləğ, 32,96 manat cərimə olmaqla ümumilikdə 353 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə qısa bir zamanda borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh etiraz ərizəsindən görünür ki, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Acer Komputer və onun yaddaşına yazılmış Windows 10 Home Proqramını kreditlə almışdır. Cavabdehin həyat yoldaşı bunu bildikdən sonra, komputerin onların təqaüdünə görə baha qiymətə olması səbəbindən, imtina etmiş, əşyanın qaytarılmasını tələb etmişdir. Komputer "xxxx" MMC-nin satış mərkəzinə xx.xx.2022-ci il tarixdə qüsursuz tam şəkildə geri təhvil verilmişdir. "xxxx" MMC-dən cavabdehə bildiriımişdir ki, komputerlə birlikdə satılmış proqram üçün 353 manat pul ödənilməlidir. Komputer və yaddaşa yazılmış proqram geri qaytarıldığından, cavabdehdə hər hansı əşya qalmamışdır. Qeyd edilməlidir ki, iddiaçı iddia tələbini əsaslandırmaq üçün iddia ərizəsində maddi yaxud prosessual hüquq normalarına istinad etməmişdir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq, mülki işdə olan sübutları qiymətləndirərək belə hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı barəsində müqavilə bağlansa da, cavabdeh həmin müqavilə üzrə qəbul etdiyi malları, yəni Windows 10 Home Proqram və Acer markalı kompüteri iddiaçıya geri qaytardığından,bu fakt iş materialları ilə sübut olunduğundan, iddiaçı tərəf cavabdehə satılmış kompüterdə yazılmış Windows 10 Home Proqramını ona göstərilmiş xidmət olduğuna istinad etsə də, tərəflər arasında bağlanmış müqavilədə bununla bağlı hər hansı müddəa müəyyə edilmədiyindən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar