Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6273/2023 11.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – 2437,07 manat məbləğində pulun, habelə dövlət rüsumu qismində ödənilmiş 34,37 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixində idarə etdiyi “Nissan Sunny” markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobildə ara məsafəsi saxlamayaraq, iddiaçıya məxsus “Toyota Camry” markalı ** AV *** dövlət qeydiyyat nişanlı avtomobili zərbə ilə arxa hissədən vurub zəncirvari olaraq həmin avtomobilin özündən qarşıda dayanan avtomobillərə çırpılmasına səbəb olmuşdur. Cavabdeh barəsində həmin tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilib və 0, 40 manat cərimə edilib. Hadisə nəticəsində iddiaçıya 6537,20 manat məbləğində zərər dəyib. Həmin zərərin 4.100,13 manat məbləği icbari sığorta hesabına ödənilib. Lakin dəfələrlə telefon əlaqəsi yaradılmasına baxmayaraq, cavabdeh yerdə qalan 2437,07 manat məbləği ödəməkdən imtina edir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İnzibati Xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Nissan Sunny” markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə arayışdan görünür ki, İddiaçı MMC-yə məxsus “Toyota Camry” markalı ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" QSC-nə 5540 manat və 997,20 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin təmir aktından görünür ki, “Toyota Camry” markalı ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ödənilməli olan xərc vəsaiti 6537,20 manatdır. İş materiallarında olan "xxxx" ASC-nin ödəniş blankından görünür ki, İddiaçı MMCnə 4100,13 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Toyota Camry” markalı ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 6.265 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Camry” markalı ** AV *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nə məxsusdur. İddiaçının avtomobilinə dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Nissan Sunny” markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətdiyinə görə İddiaçı MMC-nə məxsus “Toyota Camry” markalı ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Hadisənin törədilməsində Cavabdeh təqsirli bilinmişdir. Həmçinin, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən iddiaçıya 4100,13 manat sığorta ödənişi verilmişdir. Həmçinin "xxxx" ASC tərəfindən avtomobilə dəymiş zərərin məbləği 6265 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qüsur aktı ("xxxx" QSC) ilə sığorta ödənişinin verilməsi üçün əsas olmuş qüsür aktını "xxxx" ASC) müqayisə edərkən məhkəmə hesab edir ki, sonuncu əsas götürülməlidir. Məhkəmə nəzərə alır ki, həmin aktda əks olunmuş hesablamalar üzrə iddiaçıya ödənilmiş 4100,13 manat sığorta ödənişi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə ki, sığorta ödənişinin verilməsi məqsədilə tərtib edilmiş həmin qüsur aktı sığorta hadisəsi nəticəsində dəymiş ziyanı müəyyənləşdirmək və bunun əsasında sığorta ödənişini həyata keçirmək məqsədilə tərtib edilmişdir. İddiaçı tərəfindən avtomobilinin təmiri ilə bağlı tərtib edilmiş qüsur aktında isə ("xxxx" QSC) sığorta hadisəsi nəticəsində dəymiş ziyan daxil olmaqla, avtomobilin sair cari təmir xərclərinin də hesablanması istisna olunmur. İddiaçıya sığorta ödənişi qismində 4100,13 manat məbləğinin ödənilməsini nəzərə alınaraq, məhkəmə hesab edir ki, avtomobilə dəymiş maddi ziyanla bağlı iddia tələbləri 2164,87 manat həddində təmin edilməlidir. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddia tələbinin əksər hissəsi təmin edildiyinə görə işə baxılması ilə əlaqədar dövlət rüsumuna ödənilmiş 34,37 manat pul məbləğinin cavabdehdən alınaraq İddiaçı MMC-nə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 2.164,87 (iki min dörd yüz otuz yeddi manat yeddi qəpik) manat pul məbləği və 34,37 (otuz dörd manat otuz yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-6273/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6273/2023
11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver