Məhkəmə qərarları › İş №e-2(011)-6276/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6276/2025

02.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6276/2025 02.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi ilə, iddiaçı “X1 Azərbaycan” QSCnin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddia üzrə ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “pul tələbi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 77,48 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Azcollect MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. “X1 Azərbaycan” QSC ilə “Azcollect“ MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən cəmi 516,56 manat məbləğində ödənilən borc məbləği "xxxx" MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 77,48 manat məbləğində xidmət haqqı ödənilmişdir. xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 77,48 manat məbləğində xidmət haqqı ödəmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumat göndərilsə də, o, əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Sübutların tədqiqi: İş materiallarında olan iddiaçı “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən "xxxx" MMC istehlak kreditləri, kredit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən “X1 Azərbaycan” QSC qarşısında yaranan borcların alınması, “X1 Azərbaycan” QSC-nin məhkəmə və digər instansiyalarda həyata keçiriləcək məhkəmə və icra işlərini sürətlə yekunlaşdırmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 5.1.1-ci maddəsinə əsasən “X2 Azərbaycan” QSC 1 aylıq dövrdə həyata keçirilən ümumi borc yığılmasından cəmi 15% nisbətində hüquqi xidmət haqqını "xxxx" MMC-yə ödəməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il e-2(011)-2330/2023 saylı qətnaməsinə əsasən iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi qismən təmin edilmiş, 413,04 manat əsas, 48,72 manat hesablanmış faiz borcunun, 20 manat cərimənin, bildirişlərin göndərilməsinə görə 4,80 manat poçt xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. “X1 Azərbaycan” QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh tərəfindən cəmi 516,56 manat məbləğində ödənilən borc məbləği "xxxx" MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 77,48 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşin müəyyən edilən halları: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il e-2(011)-2330/2023 saylı qətnaməsi ilə 413,04 manat əsas, 48,72 manat hesablanmış faiz borcunun, 20 manat cərimənin, bildirişlərin göndərilməsinə görə 4,80 manat poçt xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmiş, bank ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən "xxxx" MMC “X1 Azərbaycan” QSC-nin kreditor öhdəliklərinin icrasını təmin etməyi, “X1 Azərbaycan” QSC isə ümumi borcun 15% nisbətində hüquqi xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırda “X1 Azərbaycan” QSC "xxxx" MMC-yə sonuncu müqaviləyə əsasən 77,48 manat məbləğində hüquqi xidmət haqqının ödənildiyini iddia edərək, həmin məbləğin Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. – Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının “İcra haqqında” Qanunu: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 78.1. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qətnamə əsasında verilmiş icra sənədinin məcburi icra qaydası və şərtləri İcra haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qanunun yuxarıda qeyd olunan normalarının mənasından göründüyü kimi icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin sənədin icrası isə icra məmurları tərəfindən həyata keçirilir. İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti qanunverici tərəfindən məhkəmə qətnaməsinin icrası üçün müəyyən edilən üsul və vasitəni seçməmiş, özü müstəqil olaraq digər müstəqil xidmət sahəsini seçmişdir. İcra tədbirləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra məmurları tərəfindən həyata keçirilə bilərdi və buna görə iddiaçı tərəfindən hər hansı əlavə ödənişin ödənilməsinə lüzum qalmazdı. İddiaçının öz seçimi əsasında icra sənədinin icrası üçün alternativ üsuldan istifadə edib əlavə məbləğ ödəməsi isə cavabdeh tərəfindən ona ziyanın vurulması kimi qiymətləndirilə bilməz. Bununla yanaşı müvafiq qətnamə üzrə verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir ki, bu da hazırda eyni bir qətnamənin icrası üçün eyni şəxsdən, yəni borcludan iki dəfə icra xərclərinin tutulmasına gətirib çıxarar. Bu isə öz növbəsində ədalətlilik prinsipinə ziddir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı “X1 Azərbaycan” QSC borcun tutulmasının "xxxx" MMC tərəfindən icra olunması və MMC-yə həmin hüquqi xidmətə görə pulun ödənilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bank tərəfindən bir tərəfli qaydada tərtib olunaraq iş materiallarına əlavə edilmiş maliyyə arayışı isə özlüyündə ödənişin həyata keçirilməsini təsdiq edən yeganə sübut kimi qəbul edilə bilməz. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə eyni zamanda hesab edir ki, dövlət rüsumuna görə ödənilən 30 manat məbləğində xərcin əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar