Məhkəmə qərarları › İş №e-2(011)-6285/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6285/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6285/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – İsayeva Tünzalə Nadir qızının vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5.148,04 manat əsas, 59,44 manat faiz borcu olmaqla, cəmi 5.207,48 manat kredit borcunun və ödənilmiş 72,03 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İsayeva Tünzalə Nadir qızı arasında xx.xx.2022-ci il tarixli BPM**********87 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İsayeva Tünzalə Nadir qızına illik 22 %-lə, 48 ay müddətinə 5.800 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 302254 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, İsayeva Tünzalə Nadir qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, İsayeva Tünzalə Nadir qızının mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Notarius tərəfindən verilən şəhadətnamədə qeyd olunmuşdur ki, 2V-119 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak – ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105 kv/m olan 3 otaqlı mənzildən ibarətdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, İsayeva Tünzalə Nadir qızının xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 5.148,04 manat əsas, 59,44 manat faiz borcu olmaqla, cəmi 5207.48 manat borcu qalmışdır. Cavabdeh mərhum İsayeva Tünzalə Nadir qızından qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2- 22/2-12690/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 72,03 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. O bildirmişdir ki, o hal-hazırda iddia ərizəsinə tələb edilən pul məbləğini ödəyə bilmir. Bank tərəfindən heç vaxt məlumat verilməmişdir ki, borc vərəsədən tutulacaqdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC (müqavilə üzrə “Bank”) ilə İsayeva Tünzalə Nadir qızı (müqavilə üzrə “Müştəri” və ya “Borc alan”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, BPM**********87 nömrəli kredit müqaviləsinə əsasən “Borc verən” ("xxxx" ASC) “Borc alana” (İsayeva Tünzalə Nadir qızı) 48 ay müddətinə 5.800 manat məbləğində, kreditdən istifadəyə görə illik 22% ödəmək şərti ilə kredit verməyi, Borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İsayeva Tünzalə Nadir qızının xx.xx.2022-ci il tarixli nağd kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinədək 5.148,04 manat ödənilməmiş əsas, cəmi ödənilməmiş faizlər 59,44, borc üzrə cəmi tələb edilən məbləğ 5.207,48 manatdır. İşin materiallarından görünür ki, "xxxx" ASC tərəfindən İsayeva Tünzalə Nadir qızına kredit borcunun qaytarılmasına dair xx.xx.2024-cü il tarixli bildiriş ünvanlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli BPM**********87 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş “kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli”ndən görünür ki, İsayeva Tünzalə Nadir qızının xx.xx.2022-xx.xx.2026-cı il tarixlərində hər ay 182,74 manat, xx.xx.2026-cı il tarixdə 182,21 manat məbləğində ödəniş etməsi (əsas borcun ödənişi və faiz ödənişinin cəmi) müəyyənləşdirilmişdir. İş materiallarında olan 25 oktyabr 2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, İsayeva Tünzalə Nadir qızı xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarında olan 28 aprel 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İsayeva Tünzalə Nadir qızının vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak Tİ və MHQİ tərəfindən xx.xx.2005-ci il tarixdə İsayeva Tünzalə Nadir qızına verilmiş 30/17825 qeydəalma nömrəsi ilə 154 koop nömrəli kitabın 23449-ci səhifəsində qeyd edilmiş qeydiyyat vərəqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105 kv/m, yaşayış sahəsi 54,5 kv/m olan 3 otaqlı mənzildən ibarətdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı kredit üzrə hesablanmış borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İsayeva Tünzalə Nadir qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, o kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə borcun İsayeva Tünzalə Nadir qızının vərəsəsi olan Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 72,03 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli BPM**********87 saylı kredit müqavisinə əsasən 5.148,04 (beş min yüz qırx səkkiz manat dörd qəpik) manat əsas, 59,44 (əlli doqquz manat qırx dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 5.207,48 (beş min iki yüz yeddi manat qırx səkkiz qəpik) manat borc məbləği, 72,03 (yetmiş iki manat üç qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar