Məhkəmə qərarları › İş №e-2(011)-6301/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6301/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6301/2023 11.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – cavabdehdən "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********19 nömrəli “tam kart çərçivə müqaviləsi”nə əsasən 1.999,14 manat əsas, 737,04 manat faiz borcu olmaqla, cəmi 2.736,18 manat borcun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********19 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 2.000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. BPM**********19 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə cavabdehin əsas borc üzrə 1.999,14 manat, faiz borcu üzrə 737,04 manat olmaqla, cəmi 2.736,18 manat borcu mövcuddur. Cavabdeh məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı "xxxx" ASCnin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdehə göndərilən məhkəmə bildirişi ünvanda yaşayış olmaması səbəbi ilə geri qaytarılmışdır. Məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC (müqavilə üzrə “Bank”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri” və ya “Borc alan”) arasında bağlanılmış xx.xx.2021ci il tarixli, BPM**********19 nömrəli tam kart çərçivə müqaviləsinin 2.1-ci maddəsinə əsasən (müqavilənin predmeti) Bank Müştərinin adına ikitərəfli ödəniş katını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı, müqavilə üzrə “Tam kart”) buraxmağı, Müştərinin adına bank hesablarını kredit katına bağlı olan kredit hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı və cari hesab açmağı, Müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 30.000 manat məbləğinədək kreditdən istifadəyə görə illik 24%-dək ödəmək şərtilə kredit limitini ayırmağı, Müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən, tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş bank kartına limitin təyin olunmasına dair xx.xx.2021-ci il tarixli razılaşmada kredit xəttinin məbləği 2.000 manat, illik faiz dərəcəsi - 24%, müddəti 36 ay qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixdə verilmiş kredit kartı üzrə (kredit xəttinin müddəti: 36 ay, faiz dərəcəsi: 24%) xx.xx.2023-cü il tarixədək 1.999,14 manat ödənilməmiş əsas borc, 737,04 manat ödənilməmiş faizlər, cəmi 2.736,18 manat kredit üzrə borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı "xxxx" ASC tərəfindən Cavabdeh bildiriş ünvanlanmışdır. Yuxarıda göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə həmçinin iddianın 40 manat məbləğində dövlət rüsumunun və 0.40 manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. 40 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün iddiaçı tərəfindən ödənilmiş xidmət haqqı cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, BPM**********19 nömrəli “tam kart çərçivə” müqaviləsinə əsasən 1.999,14 (bir min doqquz yüz doxsan doqquz manat on dörd qəpik) manat əsas, 737,04 (yeddi yüz otuz yeddi manat dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 2.736,18 (iki min yeddi yüz otuz altı manat on səkkiz qəpik) manat borc məbləği, 40 (qırx) manat dövlət rüsumu və 0,40 manat (qırx qəpik) xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar