Məhkəmə qərarları › İş №e-2(011)-6329/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6329/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6329/2025 28.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" BOKT MMC-nin xeyrinə 449.45 AZN əsas, 62.28 AZN faiz, 163.83 AZN cərimə borcu, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 01MKL013324 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 6 ay müddətinə illik 22 % ödəmək şərtilə 449.45 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə müqavilə üzrə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin "xxxx" BOKT MMC-yə 449.45 AZN əsas, 62.28 AZN faiz, 163.83 AZN cərimə borcu yaranmışdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01MKL013324 saylı Kredit müqaviləsinə əsasən, "xxxx" BOKT MMC 449.46 AZN məbləğində pul vəsaitini illik 22 faiz dərəcəsi ilə Cavabdeh verir, o isə krediti 6 ay müddətində Müqavilənin şərtlərinə uyğun olaraq "xxxx" BOKT MMC-yə geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 1.6-cı maddəsinə əsasən, kredit məbləğindən 31.46 komissiya məbləği tutularaq qalıq məbləğ BOKT tərəfindən BOKT-un cari hesabından “Kredit alan” üçün ayrılmış **********113971 nömrəli lokal kart hesabına köçürülür. Lokal kart hesabı müxbir bankla BOKT arasında bağlanmış müvafiq müqavilə əsasında BOKT tərəfindən “Kredit alana” təhvil veriləcək birdəfəlik plastik karta bağlıdır. Müqavilənin 2.8-ci maddəsinə əsasən, kredit alan müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Əlavə 1”dəki Ödəniş Cədvəli ilə müəyyən edilmiş ödənişləri vaxtında və lazımi qaydada ödəmədikdə gecikdirilən gündən başlayaraq gecikdirilən hər gün üçün müqavilə üzrə qalıq borcun 0.3 faiz məbləğində dəbbə pulu ödəyir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 01MKL013324 saylı Kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh verilən kreditin məbləği 449.46 manat, müddəti 6 ay, illik faiz dərəcəsi 22%, aylıq ödənişi 80 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə olan hesab üzrə çıxarışdan görünür ki, 01MKL013324 saylı kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC tərəfindən 418.00 manat məxaric edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixində "xxxx" Bank Olmayan Kredit Təşkilatı” MMC tərəfindən Cavabdeh borcunu 5 gün ərzində ödəməsi, əks halda qanunamüvafiq tədbirlər görüləcəyi barədə bildiriş məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maliyyə Arayışından görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01MKL013324 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2025-ci il tarixinə olan borcu əsas borc üzrə 449.46 AZN, faiz borcu üzrə 62.29 AZN, cərimə borcu üzrə isə 163.83 AZN olmaqla, ümumilikdə 675.58 AZN təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı” MMC tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən, borcalan müqavilənin şərtlərinə uyğun verilmiş kredit məbləğini və bütün digər məbləğləri müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımınca icra etməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" BOKT MMC-yə olan borcu əsas borc üzrə 449.46 manat, faiz borcu üzrə 62.29, cərimə borcu üzrə 163.83 manat təşkil edir. Cavabdeh iddiaçı tərəfindən borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə xəbərdar olunmuşdur, lakin borcunun ödənməsini yenə də təmin etməmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq 22.47 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu üzrə 449.45 manat, faiz borcu üzrə 62.28 manat, cərimə borcu üzrə 22.47 manat olmaqla, ümumilikdə 534.2 manat alınaraq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, cavabdehin isə dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, iş üzrə iddia tələbinin təmin olunmuş hissəsi (534.2 manat) nəzərə alınmaqla, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı qismində 0,40 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci bəndinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, əsas borc üzrə 449.45 manat, faiz borcu üzrə 62.28 manat, cərimə borcu üzrə 22.47 manat olmaqla, ümumilikdə 534 (beş yüz otuz dörd) manat 20 (iyirmi) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı qismində 40 (qırx) qəpik məbləğində pul vəsaiti alınaraq "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar