Məhkəmə qərarları › İş №e-2(011)-6330/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6330/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6330/2023 01.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının (Ləğv prosesindədir) Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC “Bank Standard” Kommersiya Bankının (Ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə cavabdehdən 420,73 manat məbləğində əsas borc, 0,88 manat məbləğində faiz borcu, 3,90 manat məbləğində cərimə borcu, 24,96 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 450,47 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan QSC “Bank Standard” KB ilə Cavabdeh arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli fərmanına əsasən xx.xx.2021-ci il tarixli, LM042100037 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2013-cü il tarixli 1xx/xx/6079/13 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 435.04 (dörd yüz otuz beş manat 04 qəpik) manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restrukturizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 12 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2022-ci il müəyyən olunmuşdur. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 420.73 (dörd yüz iyirmi manat 73 qəpik) manat məbləğində əsas borc, 0.88 (sıfır manat, 88 qəpik) manat məbləğində faiz borcu, 3.90 (üç manat 90 qəpik) manat cərimə borcu, 24.96 (iyirmi dörd manat, 96 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 450.47 (dörd yüz əlli manat, 47 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Bununla belə, iddiaçı işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, QSC “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana məişət texnikasının alınması məqsədilə illik 1% olmaqla, 12 ay müddətinə, 435,04 manat məbləğində kredit vermişdir. İş materiallarından görünür ki, QSC «Bank Standard» KB tərəfindən borclu Cavabdeh bildiriş göndərilməklə ondan xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsinə əsasən 446,03 manat məbləğində borcun 3 gün müddətində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 30 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh QSC “Bank Standard” KB-yə xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə 23 may 2023-cü il tarixə 420,73 manat məbləğində əsas, 0,88 manat məbləğində müqavilə müddəti üçün hesablanmış faiz, 3,90 manat cərimə, 24,96 manat illik 5% olmaqla gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə müqavilənin tələbləri əsasında yaranmış 450,47 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, QSC «Bank Standard» KB tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, QSC “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında 12 ay müddətinə, illik 1% olmaqla, 435,04 manat məbləğində kredit verilməsini nəzərdə tutan xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh restrukturizasiya müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, bank tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh restrukturizasiya müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, restrukturizasiya müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən kreditor restrukturizasiya müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir...Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, restrukturizasiya müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Restrukturizasiya müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 420,73 manat məbləğində əsas, 0,88 manat məbləğində müqavilə müddəti üçün hesablanmış faiz, 3,90 manat cərimə, 24,96 manat illik 5% olmaqla gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 450,47 manat məbləğində pul alınaraq QSC “Bank Standard” Kommersiya Bankına ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia tələbinin həcmi nəzərə alınmaqla, ondan dövlət rüsumu qismində ödənilmiş 30 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 420,73 manat məbləğində əsas, 0,88 manat məbləğində müqavilə müddəti üçün hesablanmış faiz, 3,90 manat cərimə, 24,96 manat illik 5% olmaqla gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 450 (dörd yüz əlli) manat 47 (qırx yeddi) qəpik borc pul məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul məbləği alınaraq Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar