Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6335/2025 12.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, X6 qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “X10 Azərbaycan” QSC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. 12 fevral 2015-ci ildə «X10 Azərbaycan» QSC və Cavabdeh1 Soltan eli oğlu arasında 215/79994/RE saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin Şərtlərinə göra, Bankımız tərəfindən borcalan Cavabdeh1 36 (otuz altı) ay müddətinə, illik 25% (iyirmi beş faiz) olmaqla 8730 AZN (səkkiz min yeddi yüz otuz manat) məbləğində kredit ayrılmışdır və o, kredit üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə geri ödəməli idi. Bununla yanaşı, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə Cavabdeh2 zamin qismində çıxış edərək borcalan ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş «X10 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, öhdəlikləri öz üzərinə götürmüşdülər. “X10 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də cavabdeh(lər) kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh(lər)ə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi “X10 Azərbaycan” QSC-ə olan borcunu ödəməmişdir. Lakin, öhdəliklər cavabdeh(lər) tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli məhkəmə əmri ilə iddia təmin edilərək, cavabdehlərdən iddiaçının xeyrinə 10006.60 manat borc və dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumu tutulması qət edilmişdir. Göründüyü kimi, cavabdeh(lər)in borc üzrə 10026.60 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir.
2. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 4932.53 manat məbləğində Banka maddi zərər dəymişdir. Cavabdeh(lər)in Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla : xx.xx.2015 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 3542 gün – 4932.53 manat olmaqla, ümumilikdə cəmi 4932.53 manat təşkil edir.
İddiaçının tələbi:
3. Cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada 10026,60 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi (illik 5% hesablanmış) ümumilikdə, cəmi 4932.53 manat borcun və ödənilmiş dövlət rüsumu 69.32 manat iddiaçı“X10 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. “X10 Azərbaycan” QSC-nin Hüquq Departamentinin hüquqşünası Nümayəndə 17 noyabr 2025-ci il tarixli ərizəsinə əsasən bildirmişdir ki, iddiaçı “X10 Azərbaycan” QSC məhkəmədən e- 2(011)-6335/2025 nömrəli mülki iş üzrə baxışın iddiaçının nümayəndəsinin iştirakı olmadan aparılmasını, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli məhkəmə əmri üzrə cavabdehlərin öhdəliklərini uzun müddət icra etməməsi nəticəsində gecikdirilmə faktının və bunun nəticəsində dəymiş maddi zərərin mövcudluğunun müəyyən edilməsini, gecikdirilmiş 3542 gün üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 4 932,53 manat məbləğində zərərin əsaslı hesab olunmasını, təqdim edilmiş sübutların nəzərə alınmaqla iddia tələblərinin tam təmin edilməsini və bu barədə qanuni qətnamə qəbul edilməsini xahiş edir.
5. “X10 Azərbaycan” QSC-nin Hüquq Departamentinin hüquqşünası Nümayəndə etiraz ünvanlayaraq bildirmişdir ki, cavabdeh tərəfin nümayəndəsi tərəfindən təqdim edilmiş “məhkəmə çıxışı” hüquqi arqumentlərə deyil, normativ aktların təhrifinə, məhkəmə presedentlərinin kontekstdən çıxarılmasına və hüquqi mahiyyət daşımayan mülahizələrə əsaslanır. Sözügedən çıxış iddia tələbinin mahiyyətini təhrif etməklə məhkəməni yanlış hüquqi qənaətə gətirməyə yönəlmişdir. 1. Cavabdehin əsas arqumenti – “faizdən faiz tutulması” iddiası hüquqi cəhətdən əsassızdır Cavabdeh tərəf iddia edir ki, guya iddiaçı tərəfindən “faizdən faiz” tutulur. Bu iddia tamamilə yanlışdır və hüquqi reallığı əks etdirmir. İddiaçı bank tərəfindən irəli sürülən tələb: • kredit müqaviləsindən irəli gələn əsas borc və faiz deyil, • məhkəmə qərarının icrasının gecikdirilməsi nəticəsində yaranmış zərərin əvəzidir. Bu isə tamamilə fərqli hüquqi institutdur və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə tənzimlənir. MM-nin 445.7-ci maddəsi açıq şəkildə müəyyən edir ki: Pul öhdəliyinin icrası gecikdirildikdə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququna malikdir. Bu maddədə: • faizin müqavilə faizi olub-olmamasından, • borcun məhkəmə qərarı ilə müəyyən edilməsindən, • əvvəl faiz hesablanıb-hesablanmamasından asılılıq yoxdur. Yəni cavabdehin iddia etdiyi kimi burada “faizdən faiz” deyil, müstəqil hüquqi əsasdan – gecikdirmədən irəli gələn qanuni faiz tələb olunur. 2. Cavabdehin istinad etdiyi Ali Məhkəmə qərarı iddiaçıya qarşı deyil, əksinə iddiaçının mövqeyini təsdiqləyir Cavabdeh tərəf AR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-603/2024 saylı qərarına istinad edir. Lakin həmin qərar təhrif edilərək təqdim olunmuşdur. Həmin qərarda: • müqavilə faizinin borca əlavə edilərək yenidən faiz hesablanması tənqid edilir; • lakin MM-nin 445.7-ci maddəsi ilə tutulan gecikdirmə faizi qadağan edilmir. Əksinə, qərarda açıq vurğulanır ki: • gecikdirmə faizi yalnız borcun qalığına hesablanmaqla mümkündür, • və bu mütənasib və ədalətli maliyyə sanksiyasıdır. Məhz iddiaçı bank da faizi faizə deyil, ümumi borcun icrasının gecikdirilməsinə görə tələb edir. 3. Cavabdehin “faizlər artıq üç dəfə hesablanıb” iddiası sübutsuz və manipulyativdir. Cavabdeh tərəf iddia edir ki, guya borc: • kart borcu olub, • restrukturizasiya edilib, • sonra məhkəmə əmri ilə müəyyən edilib və buna görə də artıq “bir neçə dəfə faiz tətbiq olunub”. Bu iddia heç bir hüquqi nəticə doğurmur, çünki: • restrukturizasiya əvvəlki öhdəliyi ləğv edərək yeni öhdəlik yaradır; • məhkəmə əmri ilə müəyyən edilmiş borc isə icrası məcburi olan pul öhdəliyidir; • həmin öhdəliyin vaxtında icra edilməməsi isə yeni hüquqi fakt – gecikmə yaradır. Gecikmə ayrıca hüquqi fakt olduğundan, onun nəticəsi kimi 445.7-ci maddənin tətbiqi tam qanunidir. 4. Cavabdehin arqumenti qəbul edilsə, kredit hüququ sistemi faktiki olaraq iflic olar Cavabdehin mövqeyi qəbul edilsə, bu o demək olar ki: • məhkəmə qərarı çıxarıldıqdan sonra borclu istədiyi qədər ödənişi gecikdirə bilər, • kreditor isə bu gecikməyə görə heç bir hüquqi müdafiə mexanizminə malik olmaz. Bu yanaşma: • mülki dövriyyənin sabitliyini pozur, • kredit münasibətlərini mənasız edir, • borclular üçün qanunsuz imtiyaz yaradır. Bu isə nə Konstitusiyaya, nə Mülki Məcəllənin prinsiplərinə, nə də Ali Məhkəmənin hüquqi mövqeyinə uyğundur. 5. Cavabdeh tərəfin çıxışı hüquqi mübahisədən çox, prosesi uzatmağa yönəlmişdir Təqdim edilmiş “məhkəmə çıxışı”: • yeni hüquqi fakt ortaya qoymur, • iddia tələbinin hüquqi əsaslarını təkzib etmir, • yalnız normativ aktların parçalanmış sitatları ilə yanlış təəssürat yaratmağa çalışır. Bu isə məhkəmənin diqqətinin yayındırılmasına və prosesin süni şəkildə uzadılmasına xidmət edir. Yuxarıda göstərilənlərə əsasən bildiririk ki: • cavabdeh tərəfin məhkəmə çıxışı qanuni və əsaslı arqumentlərə söykənmir; • MM-nin 445.7-ci maddəsi üzrə iddiaçı bankın tələbi tam qanunidir; • cavabdehin “faizdən faiz” iddiası hüquqi manipulyasiyadır. İddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
6. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə çıxışında göstərilir ki, iddiaçı “X10 Azərbaycan” QSC tərəfindən irəli sürülmüş “dəymiş zərərin əvəzi” tələbi əsassızdır və rədd edilməlidir. İddiaçı bank cavabdehlərə verilmiş kredit üzrə borcun Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli məhkəmə əmri ilə 10026,60 manat məbləğində müəyyən edildiyini, həmin borcun icrasının gecikdirilməsi nəticəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 4932,53 manat məbləğində əlavə faiz tələb etdiyini bildirir. Cavabdeh tərəfin mövqeyinə görə, sözügedən borc əvvəlcə kart borcu olmuş, sonradan restrukturizasiya edilərək kredit borcuna çevrilmiş, bu mərhələlərdə faizlər artıq dəfələrlə hesablanmışdır. Məhkəmə əmri ilə müəyyən edilmiş məbləğin üzərinə yenidən faiz hesablanması “faizdən faiz tutulması” xarakteri daşıyır və hüquqa ziddir. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-603/2024 saylı qərarı ilə əsaslandırılır. Həmin qərarlarda faiz borcunun əsas borca birləşdirilərək yenidən gecikdirmə faizinin hesablanmasının ədalətsiz nəticələrə səbəb olduğu və yol verilməz olduğu göstərilmişdir. Bu əsaslarla “X10 Azərbaycan" QSC-nin Cavabdeh1 qarşı "dəymiş zərərin əvəzi" tələbinə dair iddiası qanunsuz və əsassız olduğundan rədd edilməsinə dair çıxarılmasını xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
7. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə Rasim oğlu məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-ci maddəsinə əsasən işə idiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir.
8. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil öz izahatında bildirmişdir ki, Hörmətli məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə 215/79994/RE saylı kredit işi üzrə bir sıra sənədlərin (kredit müqaviləsinin əsli, ödəniş qrafiki, son ödəniş tarixi, sığorta sənədi, kassa mədaxil-məxaric orderləri, hesabdan çıxarışlar, maliyyə arayışı, gecikmənin tarixi və hesablanma qaydasına dair yazılı məlumatlar və s.) 5 gün müddətində məhkəməyə təqdim edilməsi tapşırılmışdır. Qeyd edirik ki, göstərilən sənədlərin bir qismi bankdaxili əməliyyat sistemlərindən sorğu əsasında əldə edilir və bu məlumatların formalaşdırılması texniki və prosedur baxımından bəzən 5 gündən artıq vaxt tələb edə bilər. Xüsusən, hesabdan çıxarışlar, zərərin hesablanması qaydasını təsdiq edən daxili əməliyyat sənədləri, arxivləşdirilmiş kredit məlumatları və digər əlaqəli sənədlərin toplanması üçün əlavə vaxt zərurəti yarana bilər. Eyni zamanda bildiririk ki, sənədlərin toplanması başa çatdıqda - dərhal sənədlərin əsli ilə təsdiq edilmiş bir nüsxəsi iddiaçı bank tərəfindən poçt vasitəsi ilə məhkəməyə göndəriləcəkdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmənin müəyyən etdiyi müddətin bank üzrə texniki imkanlarla uzlaşmaması ehtimalını nəzərə alaraq, tələb olunan sənədlərin tam və düzgün şəkildə hazırlanması üçün əlavə müddətin verilməsini xahiş edirik.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. 12 fevral 2015-ci il tarixli, 215/79994/RE nömrəli kredit müqaviləsi və kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən, borcalan Cavabdeh1 36 ay müddətinə, illik 25% olmaqla 8730 AZN məbləğində kredit verilmişdir.
10. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, cavabdehə 4932.53 manat borc məbləğini tam olaraq 3 gün müddətindən gec olmayaraq banka ödəmək təklif edilmiş, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir;
11. Hesabdan çıxarışa əsasən, 10026,60 manat pul vəsaitinin ödənilməsinin gecikdirilən ümumi gün sayı 3542 gündür. Dəymiş zərərin əvəzi (illik 5% hesablanmış) ümumilikdə, 4932.53 manat məbləğindədir.
12. xx.xx.2015-ci il tarixli, 2(006)-7629/2015 nömrəli Nəsimi Rayon Məhkəməsinin məhkəmə əmrinə əsasən, iddia təmin edilərək, borclular Cavabdeh1 və Cavabdeh2 “X10” ASC-nin xeyrinə əsas borc kimi 8 730 manat ümumilikdə isə cavabdehlərdən iddiaçının xeyrinə 10006.60 manat borc və dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumu tutulması qət edilmişdir.
13. İş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən, Cavabdeh2 və X3 12 fevral 2015ci il tarixli, 215/79994/RE nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixə illik 5 faizlə hesablanmış, ümumilikdə 4932.53 manat məbləğində borcu vardır.
14. xx.xx.2015-ci il tarixli İstehlak krediti sifarişinə əsasən, “Borcverən” “Borcalan”-a bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit verir, “Borcalan” isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən müəyyən edilmiş şərtlərlə və müddətlərdə “Borcverən”-ə qaytarılmasını öhdəsinə götürür. Kredit restrukturizasiya məqsədilə, 36 ay müddətinə verilmişdir.
15. xx.xx.2015-ci il tarixli İstehlak krediti zaminlik blankına əsasən, cavabdeh Əliyev X2 kredit müqaviləsində alıcı olan Cavabdeh2 üzərinə götürdüyü öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarı.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
21. Mülki iş üzrə İddiaçı "X10 Azərbaycan" QSC Cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərək qaydada 10026.60 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 4932.53 manat borcun və ödənilmiş dövlət rüsumu 69.32 manatın iddiaçı "X10 Azərbaycan" QSC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. (§3)
22. Mülki iş materiallarına əlavə edilmiş məlumata əsasən, xx.xx.2015-ci il tarixli, 2(006)- 7629/2015 nömrəli Nəsimi Rayon Məhkəməsinin məhkəmə əmrinə əsasən, iddia təmin edilərək, borclular Cavabdeh1 və Cavabdeh2 “X10” ASC-nin xeyrinə əsas borc kimi 8 730 manat ümumilikdə isə cavabdehlərdən iddiaçının xeyrinə 10006.60 manat borc və dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumu tutulması qət edilmişdir. (§12)
23. Hazırkı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi iddiaçının məhkəməyə bildirdiyi faktiki halların istinad etdiyi qanuni əsasın (Mülki Məcəllənin 445.7-ci maddəsi) dispozisiya şərtlərinə uyğun olub-olmaması baxımından aparılmalıdır. Belə ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən məhkəmə əmri vaxtında (Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli məhkəmə əmri) icra edilməməsi nəticəsində məruz qaldığı zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Bununla əlaqədar məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, pul öhdəliyinin icrasının gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kreditor, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ Mülki Məcəllənin 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir.
25. Beləliklə, öhdəliyin əmələ gəlməsinə əsas olan qətnamənin icrasının gecikdirilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin -gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin ödənilməsi barədə tələb irəli sürə bilər. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir.
26. İddia ərizəsindən də göründüyü kimi iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozisiya şərtlərinə istinadən cavabdehlərdən pulun tutulmasını xahiş etmişdir.
27. Hazırkı halda da nəzərə alınmalıdır ki, yaranma əsasından asılı olmayaraq öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin maddə zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir.
28. Beləliklə zərərin mövcud olması, bunun cavabdehlərin qanunsuz hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsi, qanunsuz hərəkət (hərəkətsizlik) ilə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Belə ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər.
29. İş materiallarından görünür ki, borcalan-cavabdehlər məhkəmə əmrinin, könüllü icrası üçün icra məmuru tərəfindən ona verilmiş müddət bitdikdən sonra edilən xəbərdarlıqlara, vurulmuş zərərin ödənilməsi ilə bağlı çox saylı müraciətlərə baxmayaraq pul məbləğinin ödəməsini gecikdirir. Bunun nəticəsində iddiaçının-kreditorun, digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən pul məbləğinin ödənilməsinin gecikdirildiyi vaxt üçün dəymiş zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, hər hansı əsasla yaranmış pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti tam həcmdə kreditora qaytarılanadək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki: “... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. (§17)
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki: “... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. (§18)
32. Məhkəmə qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.
33. Bu səbəbdən Mülki Məcəllənin 18-ci maddəsində mülki hüquqların müdafiəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilməli olması təsbit edilmişdir.
34. Pul məbləğlərinin ödənilməsinin gecikdirdirildiyi vaxt üçün MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, kreditor öhdəliyin pozulması halında onun yaranma əsaslarından (müqavilə, digər əqdlər, zərər, əsassız varlanma və ya Mülki Məcəllədə göstərilən sair əsaslar) asılı olmayaraq digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə Məcəllənin 445.7-ci maddəsinə əsasən öhdəliyin gecikdirilmiş icrası üçün faizlərin tətbiqi imkanı bəzi hallarda istisna olunur. Belə ki, pul öhdəliyinin icrasını gecikdirən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olsa da nəzərə alınmalıdır ki, pozulmuş hüququn qorunması tədbirləri bir tərəfin digərinin hesabına varlanmasına şərait yaratmamalı, bu tədbirlər həyata keçirilərkən mülki məsuliyyətin öhdəliyin pozulmasının nəticələrinə mütənasib olması prinsipinə uyğun olmalıdır. Beləliklə faiz üzrə faiz hesablanması yolverilməzdir.
35. Faiz borcunun məhkəmə qərarı ilə tutulmasına görə onun əsas borca birləşdirilərək ümumi məbləğdən yenidən gecikdirmə faizi hesablanması, belə faizinin tutulması barədə qaydanın məqsədinə xidmət etmir. Faizin əsas borcla birlikdə deyil, ayrıca iddia qaldırılmaqla tələb edilməsi mümkün olsa belə, mahiyyətcə faiz alacağına yenidən faiz istənilməsi borclu üçün ədalətsiz nəticələrin yaranmasına gətirib çıxara bilər. Odur ki, faizdən faiz tutulması qadağası bu hala da şamil edilməlidir.
36. Gecikdirmə faizinin əsas borcun qaytarıldığı günədək tutulmasına dair qayda ilə mürəkkəb faiz tətbiqi imkanı istisna edilir və belə faiz yalnız əsas borcun qalığına hesablanmış olur. Pul vəsaitini vaxtında qaytarmayan borcluya bu qaydada tətbiq edilən maliyyə sanksiyası mütənasib və ədalətlidir.
37. Lakin kreditorun gecikdirilmə faizini bu qaydada tələb etməyib, hər dəfə müəyyən bir dövr üçün ayrıca iddia ilə faiz tələb edərək (məsələn, hər il iddia qaldırmaqla), məhkəmə qərarı əsasında tutulan faiz məblələrini əsas borca əlavə etməklə, ümumi məbləğə yenidən faiz hesablaması faktiki olaraq əsas borcun məbləğinin şişirdilməsi, dolaylı da olsa, gecikdirmə faizinə yenidən gecikdirmə faizinin hesablanması ilə nəticələnir. Bu isə borclunun vəziyyətini qeyri-mütənasib şəkildə pisləşdirir. Halbuki, heç kəsin təktərəfli hərəkəti ilə başqa şəxsin vəziyyətini ağırlaşdırmasına yol verilmir.
38. Məhkəmə hesab edir ki, cavabdehlərdən faiz borcunun məhkəmə qərarı ilə tutulmasına görə onun əsas borca birləşdirilərək ümumi məbləğdən yenidən gecikdirmə faizi hesablanması, belə faizinin tutulması barədə qaydanın məqsədinə xidmət etmir. Bu səbəbdən faizdən faiz tutulmur və MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq gecikdirilmiş məbləğə illik beş faiz aşağıdakı qaydada tutulmalıdır. 8730 manat (Nəsimi Rayon Məhkəməsi tərəfindən təyin olunan əsas borc)×0.05 (gecikdirilmiş məbləğə illik faiz) = 436.50 (illik faiz); 3542 (gecikdirilən ümumi gün sayı) ÷ 365 (bir il) =9.**********41096 il (İllərlə gecikmə); 436.50(illik faiz)×9.**********41096 (İllərlə gecikmə) =4235.84... manat; tam hissə yüzlüyədək yuvarlaşdırlıqda – 4235.80 (Ümumi gecikmə faizi) İddia tələbi qismən təmin edilir.
39. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada 8730 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi (illik 5% hesablanmış) ümumilikdə, cəmi 4235.8 manat məbləğində borc məbləği “X10 Azərbycan” QSC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 62.36 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
42. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada 8730 manat əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi (illik 5% hesablanmış) ümumilikdə, cəmi 4235.8 (dörd min iki yüz otuz beş manat səksən qəpik) manat pul tutularaq iddiaçı “X10 Azərbycan” QSC-yə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 62.36 (altmış iki manat otuz altı qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada tutularaq iddiaçı “X10 Azərbycan” QSC-yə ödənilsin.
4. İddia qalan hissədə təmin edilməsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova