Məhkəmə qərarları › İş №e-2(011)-636/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-636/2025

10.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-636/2025 10.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – cavabdeh Bayramova (Hacıyeva) Günel Adgözəl qızından dəymiş ziyan 3946 manat 57 qəpik, servis xərci 118 manat 24 qəpik, ödənilmiş dövlət rüsumu 62 manat cəmi 4126,81 manat (4125 manat 81 qəpik) məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq "xxxx" MMC-yə ödədiyi 180 manat (bir yüz səksən) manat ekspertiza xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi Mitsubishi Mirage minik markalı, 99VG331 qeydiyyyat nişanlı avtomobili binanın həyətində park etmişdir və avtomobilin yanına qayıtdıqda avtomobilinin hansısa maşın tərəfindən vurularaq əzildiyini müşahidə etmişdir. Dərhal polisə məlumat verdikdən sonra məlum olmuşdur ki, onun avtomobilini 10SN470 dövlət qeydiyyat nişanlı, Chevrolet Malibu minik markalı avtomobil vurmuşdur. Dərhal polis tərəfindən axtarış verilmiş və dəfələrlə Daxili İşlər Nazirliyinə müraciətindən sonra avtomobili sürən şəxs Bayramova (Hacıyeva) Günel Adgözəl qızı tapılmış və ona protokol tərtib edilmişdir. Məlum olmuşdur ki həmin avtomobilin icbari sığortası yoxdur və ona dəymiş ziyanı ödəməkdən yayınır. Tərəfindən servisə müraciət edilmiş və ziyan aktı tərtib edilmişdir. Ziyan aktına əsasən avtomobilinə dəymiş ziyan 3946 manat 57 qəpik müəyyən edilmişdir. Bundan əlavə tərəfindən 118 manat 24 qəpik servis xidməti ödənilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun ifadə verərək bildirmişdir ki, cavabdehin üzünü belə görməmişdir, hazırda qonşudur, cavabdehin adından Pərviz adlı şəxs onunla əlaqə saxlamışdır. Vəzifə səlahiyyətlərinə arxayın olmuşdur ki, iddiaçı şikayət verməyəcək. İddiaçı ona güzəştə də getmişdir. Hadisə zamanı sığortanı, ustaları çağırmağı tələb etmişdir. Bəzi ustalara zərərin qiymətləndirilməsi üçün yönləndirmişdir, qiymətləndirmədən sonra ödənişlə bağlı qarşı tərəfə bildirmişdir, lakin gəlməmişdir. İddiaçı məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Maşına malyar işi görülüb 300 manatı verib maşını götürmüşdür, çünki maşın həyat yoldaşınındır, onu cavabdehə halal edir. Hazırda iddiaçının eşitdiyinə görə cavabdeh işləmir. İddiaçıya təmir və məhkəmə xərclərinin ödənilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan pretenziyanın surətindən görünür ki, iddiaçı tərəfindən X1 pretenziya göndərilmiş, dəymiş ziyanı 10 gün müddətində ödəməyəcəyi təqdirdə ziyanın ödənilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında TP6516063 saylı, xx.xx.2024cü il tarixli qərarın surətindən görünür ki, X2 barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü seçilmişdir. İş materiallarında olan, xx.xx.2019-cu il tarixli, nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, X4 etibarnamə üzrə İddiaçı MİTSUBİSHİ MİRAGE minik markalı, 99VG331 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmə səlahiyyətini vermişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, İddiaçı arvadı X3r. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh Chevrolet Malibu minik markalı nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə təsdiq edilmişdir. İş materiallarında olan, 3756 saylı arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə iştirakçıları X2 və İddiaçı olan yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan, M1-156770 saylı iş kartının surətindən görünür ki, Mitsubishi Mirage minik markalı, 99VG331 qeydiyyyat nişanlı avtomobilə dəymiş ziyan 3946,57 manat təşkil edir. İş materiallarında olan, M1-156770 saylı iş kartının və ona əlavə edilmiş 4351 saylı qəbzin surətlərindən görünür ki, "xxxx" MMC-yə 118,24 manat ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8328/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizaları təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/123/2025 saylı məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mülki işin materialları iş üzrə mütəxəssis rəyinin alınması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 02-42/25 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 99VG331 dövlət qeydiyyat nişanlı Mitsubishi Mirage minik markalı avtonəqliyyat vasitəsinə qəza nəticəsində dəymiş zərərin məbləği (ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) 2290 manat müəyyən edilmişdir. Xidmət haqqı olaraq 180 manat İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, qanuni əsaslarla onu idarə etmiş olan Cavabdeh daşımalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Mitsubishi Mirage minik markalı, 99VG331 dövlət qeydiyyat nişanlı avtomobilə zərər Cavabdeh tərəfindən idarə edildiyi zaman, həm də cavabdehin Cavabdeh səhvi ucbatından vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən iddiaçının avtomobilinə dəymiş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Lakin məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyanı iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə – yəni, vurulmuş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mülki işin materialları iş üzrə mütəxəssis rəyinin alınması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 02-42/25 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 99VG331 dövlət qeydiyyat nişanlı Mitsubishi Mirage minik markalı avtonəqliyyat vasitəsinə qəza nəticəsində dəymiş zərərin məbləği (ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) 2290 manat müəyyən edilmişdir. Odur ki, iddia qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 2290 manat, iddiaçı tərəfindən servis xərci olaraq ödənilən 118,24 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 2408,24 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsi 2290 manat olduğundan cavabdehdən 42,9 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 180 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2408,24 (iki min dörd yüz səkkiz manat iyirmi dörd qəpik) manat dəymiş ziyanın məbləği, İddiaçı tərəfindən ekspert rəyinin alınması üçün ödənilmiş 180 (yüz səksən) manat və 42,9 (qırx iki manat doxsan qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 2631,14 (iki min altı yüz otuz bir manat on dörd qəpik) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar