Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-637/2025 21.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Məhərrəmova Aysel İsrafil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. 16 avqust 2023-cü il tarixli K-508A-PCC-23 № li avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən RAVON NEXİA R3 SX minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitənsi satın almışdır. Müqavilə bağlandıqdan sonra nəqliyyat vasitəsi cavabdehə təhvil verilmişdir. Həmin nəqliyyat vasitəsinin idarə edilməsi üçün cavabdehə etibarnamə də verilmişdir. Cavabdeh əvvəllər öhdəliyini icra etsə də, sonradan öhdəliyini icra edə bilmədiyi üçün qeyd edilən nəqliyyat vasitəsini şirkətə təhvil vermişdir. Qeyd edilən nəqliyyat vasitəsi təhvil alınarkən bir sıra qüsurları olduğuna görə cəmiyyətin servis mərkəzində yoxlanılmış və aşkar edilmiş qüsurlarla bağlı akt tərtib edilmişdir. Həmin qüsur aktına əsasən RAVON NEXİA R3 SX minik markalı **-PE-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehin sahibliyi və istifadəsində olduğu müddət ərzində cavabdeh həmin nəqliyyat vasitəsinə ümumilikdə 4814,10 (dörd min səkkiz yüz on dörd manat on qəpik) manat məbləğində zərər vurmuşdur. Həmçinin cavabdeh həmin nəqliyyat vasitəsini idarə edərkən dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozmuşdur. Buna görə də dövlət yol polisi tərəfindən cavabdeh barəsində çoxlu sayda inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, idarə etdiyi RAVON NEXİA R3 SX minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törətdiyi inzibati xətalara görə dövlət yol polisi tərəfindən cavabdeh ümumilikdə 256 (iki yüz əlli altı) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Lakin cavabdeh qeyd edilən cərimələri də ödəmədiyi üçün iddiaçı məcbur qalaraq həmin cərimələri ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh yuxarıda sadalanan qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı MMC-yə böyük miqdarda zərər vurmuşdur. Vurduğu zərəri ödəməsi üçün dəfələrlə cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh vurduğu zərəri ödəməkdən imtina edir. Buna görə də İddiaçı MMC pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İddiaçının tələbi:
2. RAVON NEXİA R3 SX minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə 4814,10 (dörd min səkkiz yüz on dörd manat on qəpik) manat məbləğində pulun, RAVON NEXİA R3 SX minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətaya görə hesablanmış ümumilikdə 256 (iki yüz əlli altı) manat məbləğində inzibati cərimənin və 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumunun əvəzinin X2 alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı:
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı heç bir yazılı etiraz daxil olmamışdır.
Tərəflərin izahatı:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında qeyd etmişdir ki, inzibati cərimələrinin olduğunu qəbul edir. Lakin maşını iddiaçıya təhvil verərkən hər şeyi göstərmiş və heç bir problemi olmamışdır. Bir neçə ay ödəyə bilməmişdir. Təxminən 2000-ə yaxın pul edir. Qalan pulu qəbul etməmiş, iddianın təmin edilməməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
7. Avtomobilin müddətli satışı üzrə xx.xx.2023-cü il tarixli K-508A-PCC-23 saylı müqaviləyə əsasən, "Satıcı" Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 №-li Əlavədə göstərilmiş Texniki Spesifikasiyaya uyğun olan Ravon Nexia R3 minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı ban XWBTF69V9LA006549 "Alıcı”ya satmağı, "Alıcı" isə həmin nəqliyyat vasitəsini qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlərlə və qaydada dəyərini "Satıcı”ya ödəməyi öhdəsinə götürür.
8. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xəbərdarlığın alındığı gündən 10 (on) gün ərzində borclu olduğu məbləği ödəmədiyi təqdirdə həmin müqavilənin 4.2.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı Cavabdeh ilə bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verəcək.
9. xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktına əsasən, VİN № XWBTF69V9LA006549 saylı Ravon Nexia R3 model avtomobil Cavabdeh tərəfindən Əsgərov Nicata təhvil verilmişdir.
10. xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən, avtomobilin işə düşməməsinin səbəbi akkumulyator xarabdır və starteldə nasazlıq var. Cəmi ehtiyyat hissələrinin qiyməti 395,00 manat, cəmi işçilik qiyməti 40,00 manat, cəmi 435,00 manatdır.
11. xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən, ehtiyat hissələrinin məbləği 2471,00 manat, cəmi sürtkü yağları məbləği 36,00 manat, cəmi işçilik məbləği (k\t daxil) 123,10 manat, yekun məbləği 2630,10 manatdır.
12. xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən, ehtiyat hissələrinin məbləği 489,00 manat, cəmi işçilik məbləği 1260,00 manat, yekun məbləği 1749,00 manatdır.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/10444 nömrəli ekspert rəyinə əsasən, 1-ci sual: Mülki iş materiallarına əlavə edilmiş sənədlərə və fotoşəkillərə əsasən “Ravon Nexia R3 SX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği və dəymiş zərərin aradan qaldırılması üçün görülməli işlərin və dəyişdirilməli olan ehtiyat hissələrin bazar qiyməti neçə manat təşkil edir? 2-ci sual: Mülki iş materiallarına əlavə edilmiş sənədlərə və fotoşəkillərə əsasən “Ravon Nexia R3 SX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hansı ehtiyat hissələri zədələnmişdir və həmin ehtiyat hissələrindən hansıları dəyişdirilməli, hansıları təmir oluna bilərdi? Tədqiqatın nəticələri: 1-ci sual üzrə: Nəzəri hesablama yolu ilə, iş materiallarında İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən Nexia avtohissələr satışı mağazalarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı "Ravon Nexia R3 SX" markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 435,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 395,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 40,00 manat. Nəzəri hesablama yolu ilə, iş materiallarında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən Nexia avtohissələr satışı mağazalarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı "Ravon Nexia R3 SX" markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 1680,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 420,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 1260,00 manat. 2-ci sual üzrə: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının səlahiyyətlərinə aid olmadığından tədqiqat aparılmamışdır.
14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 oktyabr 2025-ci il tarixli G-10/25-175 saylı nəqliyyat vasitəsinə dəymiş ziyanın dəyərini müəyyən etmək üçün qiymətləndirmə hesabatına əsasən, "xxxx" MMC məxsus "Ravon Nexia R3 SX" minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş ziyanın bazar qiyməti 2709 (iki min yeddi yüz doqquz) manatdır.
15. İş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
Məhkəmənin mövqeyi:
19. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahlarını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.
20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
21. İşin mübahisəsiz hallarından görünür ki, Avtomobilin müddətli satışı üzrə xx.xx.2023cü il tarixli K-508A-PCC-23 saylı müqaviləyə əsasən, "Satıcı" Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 №-li Əlavədə göstərilmiş Texniki Spesifikasiyaya uyğun olan Ravon Nexia R3 minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı ban XWBTF69V9LA006549 "Alıcı”ya satmağı, "Alıcı" isə həmin nəqliyyat vasitəsini qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlərlə və qaydada dəyərini "Satıcı”ya ödəməyi öhdəsinə götürür (§7). xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktına əsasən, VİN № XWBTF69V9LA006549 saylı Ravon Nexia R3 model avtomobil Cavabdeh tərəfindən Əsgərov Nicata təhvil verilmişdir (§9).
22. İddiaçının tələbi cavabdehin faktiki istifadəsində və sahibliyində olduğu zaman “Ravon Nexia R3 SX minik” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə 4814,10 (dörd min səkkiz yüz on dörd manat on qəpik) manat məbləğində pulun və “Ravon Nexia R3 SX minik” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətaya görə hesablanmış ümumilikdə 256 (iki yüz əlli altı) manat məbləğində inzibati cərimənin cavabdehdən tuluması olmaqda iki hissədən ibarətdir.
23. Məhkəmə araşdırması zamanı Cavabdeh “Ravon Nexia R3 SX minik” markalı **-PE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xətalar törətdiyini və cərimələrinin olduğunu etiraf etmişdir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır (§17).
25. Lakin məhkəmə iddia tələbini “Ravon Nexia R3 SX minik” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə 4814,10 (dörd min səkkiz yüz on dörd manat on qəpik) manat məbləğində pul vəsaitinin tutulması hissəsini qismən əsaslı hesab edir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 oktyabr 2025-ci il tarixli G-10/25-175 saylı nəqliyyat vasitəsinə dəymiş ziyanın dəyərini müəyyən etmək üçün qiymətləndirmə hesabatına əsasən, "xxxx" MMC məxsus "Ravon Nexia R3 SX" minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş ziyanın bazar qiyməti 2709 (iki min yeddi yüz doqquz) manatdır (§14). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/10444 nömrəli ekspert rəyinə əsasən isə dəymiş ziyan 2115 manat təşkil edir (§13). Qeyd edilənlərə əsasən, məhkəmə hər iki mütəxəssis rəyini əsaslı qəbul edərək hesab edir ki, iddia tələbi dəymiş maddi ziyan hissədə 2412 ((2709+2115)/2) manat həcmində əsaslıdır.
26. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2412 (iki min dörd yüz on iki) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
Məhkəmə xərcləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49,61 (qırx doqquz manat altmış bir qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Məhkəmə hesab edir ki, mütəxəssis rəyinin əvəzi olaraq ödənilmiş 450 manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat Cavabdeh tərəfindən X1 hesabına ödənilməlidir.
29. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh 2412 (iki min dörd yüz on iki) manat manat tutularaq İddiaçı MMC-yə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49,61 (qırx doqquz manat altmış bir qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin.
4. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində vəsait Cavabdeh tərəfindən X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
5. Mütəxəssis rəyinə görə iddiaçı tərəfindən ödənilmiş 450 (dörd yüz əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin.
6. İddia qalan hissədə təmin edilməsin.
7. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Samirə Eyvazova