Məhkəmə qərarları › İş №e-2(011)-6385/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6385/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6385/2025 04.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı “X1” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5876,3 manat əsas, 853,83 manat faiz, 9,70 manat cərimə borcu olmaqla, cəmi 6739,83 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 87.40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizənianketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 36 ay müddətinə, illik 28% olmaqla 6100 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 05 iyun 2025 tarixinə "xxxx" KB ASC-yə 5876,3 manat əsas, 853,83 manat faiz, 9,7 manat cərimə borcu olmaqla, cəmi 6739,83 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflərin mövqeləri: İddiaçı “X1” ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddia tələbini əsas borcun ödənilməsi hissəsində qəbul etsə də, borcu tam ödəyə bilməyəcəyini bildirmiş, hissə-hissə ödəməyə razı olduğunu qeyd etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə imzalanmış ərizə-anketə əsasən cavabdeh ərizə-anketi imzalamaqla Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli 01U/21 saylı ümumi oferta ilə tanış olduğunu və onların bütün müddəaları ilə razı olduğunu təsdiq etmişdir. Ümumi ofertaya əsasən “X1” ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 28% olmaqla 36 ay müddətinə 6100 manat məbləğində kredit verilmişdir. İddiaçı “X1” ASC tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixdə ünvanlanmış bildirişdə cavabdehin xx.xx.2024-cü il tarixli 16027nkADJb/24 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixinə 5876,30 manat əsas, 760,74 manat faiz və 19,34 manat cərimə olmaqla, cəmi 6656,38 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən, banka olan bütün borc məbləğinin tam olaraq 3 iş günü müddətində ödənilməklə krediq müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 16027nkADJb/24 saylı kredit müqaviləsi üzrə əsas borcu 5876,30 manat, faiz borcu 853,83 manat, cərimə borcu 9,70 manat təşkil edir. İşin müəyyən edilən halları: İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 16027nkADJb/24 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 28% olmaq şərtilə, 6100 manat kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək, müqavilə şərtlərini pozmuş, müqaviləyə əsasən hər ay ödənilməli olan pul vəsaitini vaxtında ödəməmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Maddə 744.3. Bu Məcəllənin 743.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydaya uyğun olaraq hesablanır. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Maddə 746-2.1. İstehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir. Maddə 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini cavabdehə verməklə öhdəlyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin şərtlərinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir. Yuxarda qeyd edilən müddəalarda istehlak kredit müqaviləsinə və borc müqavilsinə verilən anlayışlardan görünür ki, istehlak kredit müqaviləsinin predmeti borc məqsədilə verilən pul vəsaitidir və borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (istehlakçıya) pul vəsaitini borc verməyi, yəni pula olan mülkiyyət hüququnu borcalana keçirməyi, borcalan isə aldığı borc pulu bağladığı müqavilə ilə müəyyən edilmiş şərtlər və faizlərlə və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. İş materialları ilə müəyyən edilir ki, iddiaçı istehlak məqsədilə veridiyi borc pulu, aralarında bağlanmış istehlak krediti müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehə verməklə (onun mülkiyyətinə keçirmklə) özünün müqavilə ilə müəyyən edilmiş öhdəlyini icra etmişdir. Lakin cavabedeh istehlak krediti müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyini qismən icra etməklə, yəni aldığı krediti və ona hesablanmış faizləri iddiaçıya tam qaytarmamaqla öhdəlyini pozmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddia tələbi 5876,30 manat məbləğində əsas borcun Cavabdeh tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə 853,83 manat məbləğində faiz borcunun cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərərək ondan müqavilə üzrə bütün borcları tələb etmişdir. Bildirişdə cavabdehin xx.xx.2024-cü il tarixli 16027nkADJb/24 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə 760,74 manat faiz borcu olduğu qeyd edilmişdir. Bununla da, iddiaçı “X1” ASC tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Həmin tarixdən sonra hesablanan faiz borcu cavabdeh tərəfindən öhdəlik kimi qəbul edilə və tutula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarından da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa, müqavilənin ləğv edilməsi ilə tərəflərin yalnız həmin müqavilənin ləğv edilməsinədək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququ tanınmalıdır. Həmin qərara əsasən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixli bildirişlə müqavilənin ləğv edilməsi üçün məhkəmədən kənar qaydada birtərəfli iradə ifadəsini göstərdiyindən, bununla da iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilməli və iddiaçının həmin tarixədək yaranmış olan öhdəliklərin cavandehdən icrasını tələb etmək hüququ tanınmalıdır. Məhkəmə 9,70 manat məbləğində cərimə borcunun cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Qeyd edilənlərə əsasən, iddia tələbi 9,70 manat məbləğində cərimə borcunun cavabdehdən tutulması hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək 5876,30 manat məbləğində əsas borc, 760,74 manat faiz borcu və 9,70 manat cərimə borcu Cavabdeh tutularaq “X1” ASC-nə ödənilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Lakin, Cavabdeh tutulmalı olan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 86,47 manat məbləğində müəyyən edilməli, qalan dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 5876,30 manat əsas borc, 760,74 manat faiz borcu, 9,7 manat cərimə borcu, 86,47 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6733,21 manat məbləğində pul Cavabdeh alınaraq “X1” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar