Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6397/2022 27.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və mənzilə mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və mənzilə mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsinə əlavə edilməlidir. İddia ərizəsindən və iddia ərizəsinə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, hazırki iddia tələbi müqavilənin ləğv edilməsi ilə bağlı olmasına baxmayaraq iddiaçı mübahisənin məhkəməyədək nizama salınması üçün cavabdehə müraciət etməmişdir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eyni zamanda iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, iddia məhkəməyə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Lakin müqavilənin ləğvi və mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia qiymətləndirilməyən iddiadır, qiymələndirilməyən iddialara dair işlər üzrə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçı mübahisənin məhkəməyədək nizama salınması qaydasına riayət etmədiyindən, eyni zamanda qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 149,152-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldım: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və mənzilə mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur. Qərardaddan, ondan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-6397/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6397/2022
27.09.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver