Məhkəmə qərarları › İş №e-2(011)-6407/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6407/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6407/2023 03.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı iddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək 763,21 (yeddi yüz altmış üç manat iyirmi bir qəpik) manat borcun, bundan 718,01 (yeddi yüz on səkkiz manat bir qəpik) manat əsas borc, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 45,20 (qırx beş manat iyirmi qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında, ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 13 mart 2020-ci il tarixli, LM032000429 saylı restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh1 748.90 (yeddi yüz qırx səkkiz manat doxsan qəpik) manat məbləğində kredit borcu 24 (iyirmi dörd) ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir. Borclu Cavabdeh1 ilə restrukturizasiya müqaviləsi bağlanılan zamanı Cavabdeh2 ilə bank arasında 13 mart 2020-ci il tarixli, LM032000429 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxs restrukturizasiya müqaviləsinə əsasən borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Restrukturizasiya müqaviləsinin 4.4.1-ci bəndinə əsasən borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh1 kredit üzrə cəmi borcu 763,21 (yeddi yüz altmış üç manat iyirmi bir qəpik) manat təşkil edir. Bundan 718,01 (yeddi yüz on səkkiz manat bir qəpik) manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 45.20 (qırx beş manat iyirmi qəpik) manat faiz borcu təşkil edir. Restrukturizasiya müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********386 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlum olan ünvanları üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri onlara göndərilmişdir və iddiaçı LPO "xxxx" ASC-nin tələbinə dair etirazlarının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməkləri təklif edilmişdir, lakin cavabdehlər iddiaya dair etirazlarını məhkəməyə bildirməmişlər. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, LPO "xxxx" ASC (Bank) ilə Cavabdeh1 (Borclu) arasında LM032000429 saylı, xx.xx.2020-ci il tarixli restrukturizasiya müqaviləsi bağanılmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə görə ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyələnləşdirilən 748 (yeddi yüz qırx səkkiz) manat 90 (doxsan) qəpik məbləği restrukturizasiya olunur və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsinin bağlanması ilə borclunun restrukturizasiya olunmuş kredit borcları üzrə ilkin kredit müqaviləsinə xitam verilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən restrukturizasiya olunmuş kredit və ona hesablanmış faizlər ödəniş cədvəlinə və müqaviləyə əsasən, banka nağd qaydada və ya köçürmə yolu ilə qaytarılır. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən faizlər restrukturizasiya olunan tarixdən güzəştli kredit banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1% olmaqla hesablanır. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi 24 ay müddətinə bağlanılır. Borcun ödənilməli olduğu son tarix 13 mart 2022-ci il müəyyən edilmişdir. İş materiallarından görünür ki, LPO "xxxx" ASC (Bank) ilə Cavabdeh2 (Zamin) arasında LM032000429 saylı, xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağanılmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən “Ləğv prosesində olan bank”la “Borclu” arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM032000429 nömrəli restrukturizasiya müqaviləsinə əsasən 24 ay müddətinə verilmiş 748 (yeddi yüz qırx səkkiz) manat 90 (doxsan) qəpik manat borc məbləğinin və ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi “Zamin” “Borclu”nun öhdəliklərinin yerinə yetirilməsinə görə “Ləğv prosesində olan bank” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən “Borclu” restrukturizasiya müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə “Zamin” “Borclu” ilə birlikdə “ləğv prosesində olan bank” qarşısında restrukturiza müqaviləsinə əsasən borc məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar İş materiallarında olan LM032000429 saylı 13 mart 2020-ci il tarixli restrukturizasiya müqaviləsinə əlavə olunan ödəniş cədvəli Cavabdeh1 tərəfindən imzalanmışdır. Həmin cədvələ əsasən xx.xx.2020-xx.xx.2022-ci il tarixlərində cəmi 748,90 manat ödənişin (756,73 manat əsas məbləğ və 7,83 manat faiz məbləği) həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin ödəniş cədvəlindən görünür ki, öhdəliyin icrasının son tarixi xx.xx.2022-ci il tarixi kimi qeyd edilmişdir. İş materiallarında olan **********484 saylı xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 LPO "xxxx" ASC-nə LM032000429 saylı müqavilə üzrə 08 iyun 2023-cü il tarixinə 718,01 manat məbləğində əsas, 0,10 manat faiz, 0 manat cərimə, borcu olmaqla, cəmi 763,21 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan LPO "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 və Cavabdeh2 göndərilmiş bildirişin surətindən görünür ki, cavabdehlər borcun ödənilməsi barədə xəbər edilmişlər. Məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və ona hesablanmış faizləri Cavabdeh1 tələb etməkdə haqlıdır. Qalan hissədə iddia tələbləri təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında müəyyən edilmiş əsas məbləğ üzrə ödənişləri və faizləri qaytarmaq öhdəliyini lazimi qaydada icra etməmişdir. Odur ki, iddiaçı qeyd olunan cavabdehdən əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbləri digər Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarında olan LM032000429 saylı 13 mart 2020-ci il tarixli restrukturizasiya müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki kredit müqaviləsi üzrə öhdəliyin icrasının son tarixi xx.xx.2022-ci il tarixi kimi qeyd edilmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü tarixdə verilmişdir. Məhkəmə hesab edir ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixdə başa çatdığı gündən bir il ərizində iddiaçı Cavabdeh2 qarşı iddia irəli sürmədiyindən qanunvericiliyin tələblərinə əsasən zaminin kreditor qarşısında öhdəliyinə xitam verilmişdir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, kəsici müddətdir və buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi vermə və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə digər Cavabdeh2 qarşı iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia ərizəsi qismən təmin edilsin. LM032000429 saylı, xx.xx.2020-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə 718,01 (yeddi yüz on səkkiz manat bir qəpik) manat əsas, 45,20 (qırx beş manat iyirmi qəpik) manat faiz borcu olmaqla, cəmi 763,21 (yeddi yüz altmış üç manat iyirmi qəpik) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçı LPO "xxxx" ASC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar