Məhkəmə qərarları › İş №e-2(011)-6431/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6431/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6431/2022 03.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oglunun sədrliyi, X1, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı “X4” Bakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X4” Bakı filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9580,25 manat əsas borc, 690,23 manat faiz borcu olmaqla, cəmi 10270,48 manat borcun və 120,81 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarilmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “X4” Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 760 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Həmən tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X4” Bakı filialı ilə Cavabdeh2 arasında 1.000 saylı zaminlik müqaviləsi imzalanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan xx.xx.2022-ci il tarixə banka kredit borcu üzrə 4765.28 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2022-ci il tarixə kimi borcalan tərəfindən banka 1852 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 10.270,48 manat təşkil edir. Bundan 9.580,25 manat əsas borc və 690,23 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9580,25 manat əsas borc, 898,71 manat faiz borcu olmaqla, cəmi 10478,96 manat borcun və 120,81 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarilmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, krediti anasının əməliyyat olunması üçün götürmüş, iş yoldaşı Cavabdeh2 da ona zamin durmuşdur. Yenidən ödəniş qrafiki tərtib olunsa borcunu hissə-hissə ödəyə bilər. Ancaq birdəfəlik ödəmək imkanı yoxdur. İddia tələbinin həcminin artırılmasına dair ərizəyə etiraz edərək, baxış iclasında verildiyinə görə qəbul olunmamasını xahiş etdi. Cavabdeh2 eyni məzmunda izahat verərək, Cavabdeh1 göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun olaraq, iddiaçının iddia tələbinin həcminin artırılmasına dair ərizə qəbul edilməməli, iddia ərizəsi ilkin iddia tələbi həcmində təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X4” Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 760 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə illik 19% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “X4” Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1.000 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişlərin surətindən görünür ki, cavabdehlərə banka olan kredit borclarının ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmiş, bununla da, mübahisənin məhkəməyə qədər həlli qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə uyğun olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 42-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 443.1-ci maddəsində isə qeyd edilmişdir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1 və 448.2-ci maddələrinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh1 xx.xx.2021-ci il tarixli 760 saylı kredit müqaviləsi üzrə “X4” Bakı filialına 9580,25 manat əsas borc, 690,23 manat faiz borcu olmaqla, cəmi 10270,48 manat borcunun qalması, borc alanın kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi, digər cavabdehin zamin qismində kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürməsi müəyyən olunmuşdur. Ona görə də həmin borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9580,25 manat əsas borc, 690,23 manat faiz borcu olmaqla, cəmi 10270,48 (on min iki yüz yetmiş manat 48 qəpik) manat məbləğində borc və 120,81 (yüz iyirmi manat 81 qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “X4” Bakı filialına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar