Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6446/2025 28.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı QSC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 7702,51 manat məbləğində kredit bоrcu, 567,09 manat məbləğində faiz bоrcu və 155,28 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8424,88 manat məbləğində bоrcun və ödənilmiş 104,25 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 029A********** saylı Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, aylıq faiz dərəcəsi 1,4167% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13500 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 5797,49 manat ödəniş etmiş və оnun iddiaçıya 7702,51 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 144 gün üçün hesablanmış faiz borcu 567,09 manat təşkil edir. Tərəflərin mövqeləri: İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarındandan görünür ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə imzalanmış ərizə əsasında kredit razılaşmasının (müqaviləsinin) bağlanmasını təsdiq edilmişdir. Ərizə ilə təsdiq edilmiş kredit razılaşmasına əsasən kredit limiti 40.000 manat, kredit limitinin müddəti 48 ay, keditin maksimum faiz dərəcəsi 28% müəyyən edilmiş və cavabdehə həmin kredit limiti çərçivəsində aylıq 1,4167% olmaq şərtilə, 48 ay müddətinə 13.500 manat məbləğində kredit verilmişdir. Ödəniş planına əsasən kredit razılaşması üzrə Cavabdeh tərəfindən aylıq ödənilməli məbləğ 392 (sonuncu ay üzrə 411,57 manat) manat təşkil edir. İddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixdə ünvanlanmış xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixinə 7702,51 manat əsas, 567,09 manat faiz, 155,28 manat cərimə borcu olmaqla, cəmi 8424,88 manat borcu yarandığı bildirilmiş, banka olan bütün borc məbləğinin xx.xx.2025-ci il tarixədək ödənilməsi təklif edilmiş, əks təqdirdə ümumi kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022 – xx.xx.2025-ci il tarix aralığını əhatə edən hesabdan çıxarış məlumatları əsasında müəyyən olunur ki, Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2025ci il tarixdə 1200 manat məbləğində ödəniş edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2022-ci il tarixli 029A********** nömrəli kredit razılaşması üzrə əsas borcu 7702,51 manat, faiz borcu 567,09 manat, cərimə borcu 155,28 manat olmaqla, cəmi borcu 8424,88 manat təşkil edir. xx.xx.2022 – xx.xx.2025-ci il tarix aralığını əhatə edən hesabdan çıxarış məlumatları əsasında müəyyən olunur ki, Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2025ci il tarixdə 3000 manat məbləğində ödəniş edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2022-ci il tarixli 029A********** nömrəli kredit razılaşması üzrə əsas borcu 5621,19 manat, faiz borcu 53,09 manat, cərimə borcu 56,21 manat olmaqla, cəmi borcu 5730,49 manat təşkil edir. xx.xx.2022 – xx.xx.2025-ci il tarix aralığını əhatə edən hesabdan çıxarış məlumatları əsasında müəyyən olunur ki, Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2025ci il tarixdə 400 manat məbləğində ödəniş edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2022-ci il tarixli 029A********** nömrəli kredit razılaşması üzrə əsas borcu 5313,79 manat, faiz borcu 32,62 manat, cərimə borcu 53,14 manat olmaqla, cəmi borc 5399,55 manat təşkil edir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2022-ci il tarixli 029A********** nömrəli kredit razılaşması üzrə əsas borcu 5313,79 manat, faiz borcu 26,39 manat, cərimə borcu 2,98 manat olmaqla, cəmi borc 5343,16 manat təşkil edir. İşin müəyyən edilən halları: İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 029A********** nömrəli kredit razılaşması bağlanmışdır. Razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, aylıq 1,4167% olmaq şərtilə, 13.500 manat kredit verilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə hər ay 392 manat ödəniş edilməli idi. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək, müqavilə şərtlərini pozmuş, müqaviləyə əsasən hər ay ödənilməli olan pul vəsaitini vaxtında ödəməmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən banka kredit borcu üzrə ümumilikdə 3400 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini cavabdehə verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin şərtlərinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı istehlak məqsədilə veridiyi borc pulu, aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehə verməklə (onun mülkiyyətinə keçirmklə) özünün müqavilə ilə müəyyən edilmiş öhdəliyini icra etmişdir. Lakin cavabedeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyini qismən icra etməklə, yəni aldığı krediti və ona hesablanmış faizləri iddiaçıya tam qaytarmamaqla öhdəliyini pozmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər icra edilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi əsas, faiz və cərimə borcunun miqdarına münasibətdə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan müxtəlif dövrləri əhatə edən hesabdan çıxarış məlumatları əsasında müəyyən olunur ki, İddiaçı QSC borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra (iddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir) xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 3000 manat məbləğində, xx.xx.2025-ci il tarixdə isə 400 manat olmaqla, ümumilikdə 3400 manat məbləğində ödəniş edilmişdir. Həmçinin hesabdan çıxarış məlumatları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə edilmiş 3000 manat məbləğində ödənişdən 2081,32 manat hissəsi əsas borcdan, 671,57 manat faiz borcundan və 194,10 manat cərimə borcundan çıxılmışdır. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə edilmiş 400 manat məbləğində ödənişdən isə 307,40 manat hissəsi əsas borca görə, 87,60 manat faiz borcundan çıxılmışdır. Daha sonra hesab qalığında olan 58,01 manat faiz borcuna silinmişdir. İddiaçı ödənişlərdən qeyd olunan məbləğlərdə faiz və cərimə borcunu çıxmaqla əsassız hərəkət etmişdir. Belə ki, iddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərərək müqaviləni birtərəfli qaydada ləğv etmiş və cavabdehdən müqavilə üzrə bütün borcları tələb etmişdir. Bildirişdə cavabdehin xx.xx.2022-ci il tarixli 029A********** nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə 7702,51 manat əsas, 567,09 manat faiz borcu və 155,28 manat cərimə borcu olduğu qeyd edilmişdir. Bununla da, İddiaçı QSC tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Həmin tarixdən sonra hesablanan faiz və cərimə borcu cavabdeh tərəfindən öhdəlik kimi qəbul edilə və tutula bilməz. Yəni ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə ən çoxdu 567,09 manat faiz borcu və 155,28 manat cərimə borcunu tələb edə bilərdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarından da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa, müqavilənin ləğv edilməsi ilə tərəflərin yalnız həmin müqavilənin ləğv edilməsinədək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququ tanınmalıdır. Həmin qərarla formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixli bildirişlə müqavilənin ləğv edilməsi üçün məhkəmədən kənar qaydada birtərəfli iradə ifadəsini göstərdiyindən, müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilməli və iddiaçının yalnız həmin tarixədək yaranmış olan öhdəliklərin icrasını cavandehdən tələb etmək hüququ tanınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 029A********** nömrəli müqavilə İddiaçı QSC tərəfindən birtərəfli qaydada ləğv edildiyindən, həmin tarixdən sonra cavabdehə faiz və cərimə borcu hesablana bilməz. Ona görə də, cavabdeh tərəfindən edilmiş ödənişlərdən ilkin olaraq xx.xx.2025-ci il tarixinə olan faiz və cərimə borcu çıxılmalı, qalan ödəniş məbləği isə əsas borcdan silinməlidir. Belə olan təqdirdə, iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra, yəni müqavilə ləğv edildikdən sonra cavabdehin etdiyi ümumilikdə 3400 manat məbləğində ödənişdən 567,09 manat faiz borcu, 155,28 manat cərimə borcu çıxıla bilərdi. Hesabdan çıxarışda əks olunmuş faiz və cərimə borcuna görə mövcud silinmələrdən sonra məhkəmə hesab edir ki, cavabdehin banka faiz və cərimə borcu qalmamışdır. Həmçinin, xx.xx.2025-ci il tarixindən sonra edilmiş ödənişlərdən faiz və cərimə borcuna görə tutulma aparıldıqdan sonra qalan 2677,63 manat (3400 manat (ödəniş) – 722,37 (567,09 manat faiz və 155,28 manat cərimə borcu) = 2677,63 manat) ödəniş də cavabdehin xx.xx.2025-ci il tarixinə olan əsas borcundan çıxılmalıdır. Belə olan təqdirdə cavabdehin iddiaçıya mövcud olan əsas borcunun məbləği 5024,88 manat (7702,51 manat (əsas borc) – 2677,63 (ödəniş) = 5024,88) təşkil edəcəkdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alındıqdan sonra, iddia tələbi qismən təmin edilməli və xx.xx.2022-ci il tarixli 029A********** nömrəli kredit razılaşmasına əsasən 5024,88 manat məbləğində əsas borc Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Lakin, cavabdehdən tutulmalı olan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 70,24 manat məbləğində müəyyən edilməli, qalan dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 029A********** nömrəli kredit razılaşmasına əsasən 5024,88 manat əsas borc və 70,24 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5095,12 manat (beş min doxsan beş manat on iki qəpik) məbləğində pul Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 34,01 manat (otuz dörd manat bir qəpik) hissəsi İddiaçı QSC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №e-2(011)-6446/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6446/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver