Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6454/2024 04.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstəmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsi və xx.xx.2021-ci il tarixli ümumi ofertaya əsasən iddiaçı "xxxx" KB ASC cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı təqdim edilmişdir. Kartın istifadəsi zamanı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə cavabdehin istifadəsində olan kartına səhvən vəsait oturmuş və cavabdeh səhvən balansa oturmuş vəsaitdən istifadəsi nəticəsində overdraftın yaranmasına səbəb olmuşdur. xx.xx.2022-ci il tarixli ümumi ofertanın 5.1-ci maddəsinə əsasən Bank “Müştəri”nin ödəniş kartına (bundan sonra “Kart” adlanacaq) xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli ümumi ofertanın 6.4.1-ci maddəsinə əsasən müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək. X1 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borсudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir” Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 873.85 manat məbləğində əsas overdraft borcunun, 101.4 manat hesablanmış cərimə borcunun, cəmi 975.25 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz etməklə yanaşı, məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, onun kartına səhv olaraq gəlmiş pulu çıxartmışdır. Lakin o pul ona kredit kimi yazılmışdır. Bank tərəfindən ona pulun birdəfəlik qaytarılması bildirilmişdir. Cavabdeh ayda 30 və ya 50 manat ödəməkdən boyun qaçırmır. Məhkəmə iclası barədə iddiaçı "xxxx" KB ASC-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə ilə müraciət edərək, iddia ərizəsinə onların iştirakları olmadan baxılaraq, tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2022-ci il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan 28 dekabr 2021-ci il tarixli Ümumi Oferta müqaviləsinə əsasən məlum olur ki, cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı təqdim edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli çıxarışdan müəyyən edilir ki, Cavabdeh "xxxx" KB ASC-də AZ87UBAZ**********1010AZN001 (kartın nömrəsi: 409809CZKNBX46W) saylı kart hesabı vardır. Cavabdeh xx.xx.2022 tarixində 285 manat c2c əməliyyatı edərkən balansında o qədər vəsait olmadığı üçün balansında 251.28 qəpik mənfi balans yaranmışdır. xx.xx.2022-ci il tarixdə 2.57 manat MB Azercell ödənişi etdiyi üçün balansda vəsait olmadığına görə mənfi balans yaranmışdır. xx.xx.2022-ci il tarixində 295 manat c2c əməliyyatı edərkən balansda vəsait olmamış və 295 manat balans yaranmışdır. xx.xx.2022 ci tarixində 5 manat azercell ödənişi edərkən hesabında vəsait olmadığına görə balans mənfiyə düşmüşdür. xx.xx.2022-ci il tarixində müştəri 15 manat c2c əməliyyatı edərkən hesabında vəsait olmadığına görə balans 15 manat mənfiyə düşmüşdür. xx.xx.2022 ci il tarixdə 295 manat c2c edərkən balansda vəsait olmadığına görə hesab mənfiyə düşmüşdür. xx.xx.2022 ci il tarixində 10 manat BAKİ BE UK KREDİT istifadə olunduğunda vəsait olmadığı üçün balans mənfiyə düşmüşdür. xx.xx.2024 cü il tarixdə 873,85 manat overdraft krediti açılmışdır. Hesablanmış faizlə birlikdə bu günə borcu 915.39 manatdır. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş 09 iyul 2024-cü il tarixli, UB-Bank/PİKMD/1204536 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 873,85 manat əsas, 101,4 manat cərimə borcu olmaqla, cəmi 975,25 manat borcu vardır. İş materiallarında olan "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı bildirişə əsasən məlum olur ki, bank, cavabdehə 3 iş günü ərzində borcunun ödənilməsi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) İqtisati lüğətdən çıxarışdan görünür ki, overdraft – müştəri tərəfindən bankda olan özünəməxsus kredit qalığından artıq həcmdə vəsait göstərməklə kredit həddini aşması vəziyyəti. Overdraft elə bir kredit vermə prosesidir ki, bu zaman insan müəyyən məbləğdə vəsait alır, lakin bu məbləğdən bir qədər artıq xərcləyə bilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh 12 aprel 2022-ci il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsi üzrə debet karta yerləşdirdiyi məbləğdən artıq məbləğin xərclənməsinə yol verdiyi iş materialları ilə təsdiqini tapdığından, iddia əsaslı olduğundan təmin edilməli və 873,85 manat pul vəsaiti (overdraft) və 101,4 manat cərimə borcu olmaqla, cəmi 975,25 manat pul vəsaiti cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 12 aprel 2022-ci il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsi üzrə 873,85 manat pul vəsaiti (overdraft) və 101,4 manat cərimə borcu olmaqla, cəmi 975,25 manat pul vəsaiti və 30 (iyirmi) manat dövlət rüsumu "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-6454/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6454/2024
04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver