Məhkəmə qərarları › İş №e-2(011)-6455/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6455/2023

20.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6455/2023 20.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azəriqaz» İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3110,40 (üç min bir yüz on manat 40 qəpik) manat məbləğində zərərin və 51,11 (əlli bir manat 11 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3161,31 (üç min bir yüz altmış bir manat 51 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.V.Əliyev iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixində AKX-05355xx/xx-2023 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00020 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 3110,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 3110,40 (üç min bir yüz on manat 40 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonda R.V.Əliyev iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi F.F.Əsgərov iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh ünvan 2 ünvanında öz ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvandakı evdə quraşdırılmış qaz sayğacından qanunauyğun formada istfadə edilmişdir. Lakin İddiaçı İB-nin əməkdaşları cavabdehin məlumatı olmadan onun yaşadığı ünvana gəlmiş, bu ünvanda quraşdırılmış qaz sayğacına guya müdaxilə olunması əsas gətirilərək akt tərtib olunmuş və cavabdehə itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 3110,40 manat məbləğində əsassız borc yazılmışdır. Qaz sayğacı cavabdehin evindən kənarda yerləşdiyi üçün həmin sayğacda yarana bilən nasazlıqlardan ötrü heç bir halda cavabdeh məsuliyyət daşımamalıdır. Qaz sayğacına cavabdeh və onun ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Buna görə də, İddiaçı İB tərəfindən iddia qaldırılmasının heç bir faktiki və qanuni əsası yoxdur. Sonda F.F.Əsgərov iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçı və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində AKX-05355xx/xx-2023 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmışdır. Müqavilənin 2.3.2-ci yarımbəndinə əsasən, Müqavilənin və “X4”nın tələblərinə əməl etmək istehlakçının vəzifəsi kimi müəyyən edilmişdir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, Cavabdeh məxsus ünvan üzrə qaz sayğacı 2023-cü il aprel ayında yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan MSK 14-2-2/3-5-4349-1 nömrəli Aktdan görünür ki, 120AQ**********4 nömrəli sayğac üzrə yoxlamanın nəticəsi kimi “sayğaca ümumi baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyün rəngindən fərqlidir, sayğacın klapanı işlək deyil, Sayğac mənfiyə işləyib, sayğacın yaddaş arxivi oxundu, xx.xx.2023-cü il tarixində ALARM-1 rejimi aşkar olundu, Xətalar normadan artıqdır, sayğac istismara yararsızdır” qeyd edilmişdir. İş materiallarında olan “Təbii X4nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, Cavabdeh məxsus abonent kodu üzrə “sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyün rəngindən fərqlənir” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus abonent koduna (**********00020) xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 25920 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, Cavabdeh məxsus **********00020 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 05/2023-cü il tarixi üzrə 3110,40 manat borc göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Gasrep sənədindən görünür ki, Telnov küçəsi bina 2, mənzil 2 üzrə abonent Cavabdehdır, həmin ünvan üzrə abonent kodu **********00020-dır, 06/2011 – 04/2023-cü illər üzrə ödəniş 616,80 manat, sərfiyyat 5634 kub/metr olmuş, borca görə tutulma olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 51,11 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, ünvan 3 ünvanında quraşdırılmış **********00020 abonent kodlu qaz sayğacı Cavabdeh adınadır, o, həmin ünvanda yaşamaqla təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, Cavabdeh yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca iddiaçının əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı “sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyün rəngindən fərqlənir” əsasları ilə akt tərtib olunmuş və həmin akt nəticəsində abonentin cavabdehin **********00020 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 05/2023-cü il tarixi üzrə 3110,40 manat borc yazılmışdır, hazırda həmin borc məbləği cavabdehdən tələb edilir. Bununla belə, məhkəmə qeyd edir ki, Akt əsasında 05/2023-cü il tarixə yazılmış 3110,40 manat borc məbləği ilə bağlı cavabdeh tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı cavabdehin təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən sayğaca müdaxilədə Cavabdeh təqsiri müəyyən edilmədiyindən, iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3110,40 (üç min bir yüz on manat 40 qəpik) manat məbləğində zərərin və 51,11 (əlli bir manat 11 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3161,31 (üç min bir yüz altmış bir manat 51 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı İB-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar