Məhkəmə qərarları › İş №e-2(011)-6468/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6468/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6468/2022 10.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli, 0034/22 saylı kredit müqaviləsi üzrə 1873,92 manat əsas borc, 24,85 manat faiz borcu, 704,10 manat dəbbə pulu olmaqla, cəmi 2602,87 manat borcun və 46,10 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0034/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə 5 il müddətinə, 1 faizlə, 3039.26 manat məbləğində kredit verilmişdir. xx.xx.2019cu il tarixli, 0034/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh BOKTa 1873.92 manat əsas borc, 24.85 manat faiz borcu, 704.10 manat dəbbə pulu olmaqla,cəmi 2602.87 manat borcu vardır. Eyni zamanda, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restrukturizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. İddiaçının nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh müvafiq qaydada məhkəmə bildirişləri göndərilməklə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3618/2016 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilərək məcburi ləğv prosesində olan "xxxx" ASC-nin hüquq varisliyi qaydasında yenidən təşkil olunmaqla Bank Olmayan Kredit Təşkilatına çevrilməsi, onun öhdəliklərinin və aktivlərinin yenidən ləşkil olunan Bank Olmayan Kredit Təşkilatına köçürülməsinin (ötürülməsinin) X1 həvalə olunması qərara alınmışdır. İş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0034/22 saylı kredit (restrukturizasiya) müqaviləsinin surətindən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restrukturizasiya edilmiş, müqavilə bağalana tarixə qalıq 3039,26 manat məbləğində borc üzrə illik faiz dərəcəsi 1 faiz, kredit müqaviləsinin müddəti 5 il müəyyən edilmişdir. İddiaçı BOKT ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka borcunun məbləği 1873,92 manat əsas borc, 24,85 manat faiz borcu, 704,10 manat dəbbə pulu olmaqla, cəmi 2602,87 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla borc alan Cavabdeh xx.xx.2019-cu il tarixli, 0034/22 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-yə 1873,92 manat əsas və 24,85 manat faiz borcunun qalması müəyyən olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi göstərilən borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, cərimənin alınması hissəsində iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan cərimə 74,10 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 75 faiz həcmində təmin edildiyinə görə 46,10 manat dövlət rüsumunun 34,60 manat cavabdehə aid edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 0034/22 saylı kredit müqaviləsi üzrə 1873,92 manat əsas borc, 24,85 manat faiz borcu, 74,10 manat dəbbə pulu olmaqla, cəmi 1972,87 (bir min doqquz yüz yetmiş iki manat 87 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 34,60 (otuz dörd manat 60 qəpik) manat hissəsi İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar