Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6475/2022 23.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobil qəzası ilə əlaqədar ona məxsus Mazda 3 minik markalı 90-UK- 308 dövlət nişanlı avtomobil yararsız vəziyyətə düşməsi ilə bağlı 1900 (bir min doqquz yüz) manat, məhkəmə üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 08 avqust 2022-ci il tarixdə saat 17:00 radələrində cavabdeh ona məxsus OPEL Astra minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Neapol küçəsi və M. Hadi küçəsi kəsişməsində yolayrıcını keçmə qaydalarını pozmuş, Ukrayna dairəsinə daxil olarkən yol hərəkətini davam edərək ona məxsus olan MAZDA 3 markalı **-UK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur, hadisə zamanı avtomobilinə ziyan dəymişdir, belə ki, avtomobilin sol hissəsinə zərbə dəymişdir, həmçinin cavabdeh AR İXM-nin 327.2 və 469.3 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbəh növü tədbiq edilmişdir, cavabdeh qanunsuz hərəkətləri ilə xeyli miqdarda ona maddi ziyan vurmuşdur, avtomobilin xərcini, cavabdehin sığortası olmadığı üçün özləri ödəmək məcburiyyətində qalmışdır, ona məxsus olan avtomobilin bərpa olunması üçün 1900 manat məbləğində pul ödəmişdir, fiziki şəxs X1 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş mədaxil qəbzindən görünür ki, armatur işləri üçün 150 manat, buferin təmiri 150 manat, dəmirçi işləri üçün 650 manat, malyar üçün 700 manat, abilsofka üçün 250 manat ödəmişdir, halbuki təqsirkar cavabdehdir, cavabdeh günahkar olduğunu özü qəbul edir, bunu əvvəlki məhkəmə iclasında da bildirdi, onunla aralarında danışıq olmuşdur, lakin o, pulun ödənilməsini gecikdirmiş, ödəniş etməmişdir, belə ki, qəza avqust ayında baş verib, artıq neçə ay keçib, ödəniş olunmayıb, onunla razılıq əldə olunmamışdır, bu səbəbdən pulun tələb olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək qısa izahat verərək bildirdi ki, avqust ayında Ukrayna dairəsi yaxınlığında iddiaçıya məxsus olan Mazda markalı avtomobillə toqquşmuşdur, OPEL Astra minik markalı avtomobil özünə məxsusdur, hadisədə günahkar özüdür, bu düzdür, imtina etmir, bu barədə iddiaçı ilə də danışmışdır, lakin onun tərəfindən tələb olunan məbləğ çoxdur, həmin məbləğdən 1500 manat ödəyə bilər, özünün maddi vəziyyəti aşağıdır, əgər iddiaçı 1500 manat ilə razılaşarsa bu məbləği ödəyər, başqa cür imkanı yoxdur, ekspertizanın keçirilməsinə ehtiyac yoxdur, əlavə xərcdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AE 153095 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “OPEL Astra” minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. İş materiallarında olan AC 603715 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mazda 3” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan Bakı şəhər DYPİ YNH-nin xx.xx.2022-ci il tarixli İXP ******* saylı “İnzibati Xəta haqqında” protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 17:00-da “OPEL Astra” minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 469.3 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərarının surətindən görünür ki, Cavabdeh, xx.xx.2022-ci il tarixində saat 17:00 radələrində Neapol küçəsi M.Hadi küçəsi kəsişməsində OPEL Astra minik markalı, **-EA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması və qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş nəqliyyat vasitəsi sahibi tərəfindən sığortaçı ilə icbari sığorta müqavilənin bağlanmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 469.3 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin inzibati xətaları törətdiyinə görə 60 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan f.ş. X2 (VÖEN **********) tərəfindən verilmiş 857410 №-li xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, göstərilmiş iş və xidmət cəmi 1650 (150+150+650+700) manatdır. İş materiallarında olan X4 (VÖEN **********) tərəfindən verilmiş 367171 №-li xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Mazda-3-2014 minik avtomobilə göstərilmiş iş və xidmət cəmi 240 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbz ilə dövlət rüsumunun ödənilməsi barədə məlumatdan görünür ki, İddiaçı tərəfindən 39 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “Mazda 3” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur, həmin avtomobilə 08 avqust 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh məxsus olan və hadisə zamanı onun tərəfindən idarə olunan “OPEL Astra” minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə zərər vurulmuşdur, hadisə nəticəsində B.N.X3 Məcəlləsinin 327.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək cərimə olunmuşdur, iddiaçıya məxsus avtomobilin təmirbərpası üzrə iddiaçı tərəfindən, ümumilikdə 1900 manat xərc çəkilmişdir, cavabdeh iddia tələbini qismən qəbul edir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, cavabdehin “tələb olunan məbləğin çox olması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, bu hallar sübutetmə yükü ilə bağlıdır və cavabdeh, həmin hallara dair sübutetmə vəzifəsi daşıyır, bununla belə, o, iddiaçıya vurduğu ziyanın daha az olması barədə irəli sürdüyü arqumentlərini əsaslı göstərəcək sübutları məhkəməyə təqdim etməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin bu barədə dəlilləri məhkəmə tərəfindən nəzərə alına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi kimi ümumilikdə 1900 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehə aid edilməli, ondan iddia tələbinin həcmi (1900 manat) nəzərə alınmaqla, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 39 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi kimi ümumilikdə 1900 (min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 39 (otuz doqquz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6475/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6475/2022
23.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver