Məhkəmə qərarları › İş №e-2(011)-6475/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6475/2025

17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6475/2025 17.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zuar Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 oktyabr 2022-ci il tarixli, CC/58807/88/18 saylı müqaviləyə əsasən 1429.84 manat əsas borc cəmi 1429.84 manat borcun və 35 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, X7 ilə İddiaçı ASC arasında bağlanmış 25 oktyabr 2022-ci il tarixli, CC/58807/88/18 saylı müqaviləyə əsasən 3000 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X3 1429.84 manat Banka borcu vardır. X7 17 iyul 2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri,6 saylı notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh borclu X4 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında ona keçmişdir. X1 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İstehlak kreditinin alınması üçün Ərizə-Anketdən görünür ki, X7 ona 18 ay müddətinə nağd kreditin alınması üçün 3000 manat məbləğində kredit ayrılmasını İddiaçı Açıq Səhmdar Cəmiyyətindən xahiş etmişdir. İş materiallarında olan 25 oktyabr 2022-ci il tarixli CC/58807/88/18 saylı Kredit Sazişindən görünür ki, həmin müqaviləyə əsasən X5 İddiaçı ASC kredit müqaviləsinə əsasən illik 20% olmaqla 18 ay müddətinə 3000 manat məbləğində kredit verməyi, müştəriyə 3801000CC5880718A88C saylı cari hesab açmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə kreditin verilməsi, əsas, faiz və digər borcların ödənilməsi həmin hesab üzərindən aparılır. Bu Sazişi imzalamaqla Tərəflər təsdiq edir ki, kredit ödənişinin avtomatik qaydada həyata keçirilməsi üçün Müştərinin müraciəti əsasında Müştəriyə məxsus ödəniş kartının Bank tərəfindən təqdim edilən avtomatik ödəniş sisteminə qoşulması həyata keçirilə bilər. Bu formada təqdim edilən Xidmət Müştərini heç bir halda “Kredit müqaviləsi” üzrə ödənişlərin vaxtlı-vaxtında icra edilməsi və həmin ödənişlərin həyata keçirilməsinə nəzarət etməsi öhdəliyindən azad etmir. Müqavilənin qüvvədə olduğu müddət ərzində, istənilən vaxt hər hansı bir səbəbdən avtomatik ödəniş sistemi ilə ödəniş həyata keçirilməzsə və ya ödəniş qismən həyata keçirilərsə, bu zaman Müştəri tərəfindən “Kredit müqaviləsi”nin şərtlərinə müvafiq olaraq kredit üzrə ödənişlər adi qaydada həyata keçirilməlidir. Tərəflər bu Sazişi imzalamaqla təsdiq edirlər ki, bütövlükdə müqavilə, xüsusən də şərtlərlə tanışdırlar və onların şərtləri ilə razıdırlar. İş materiallarında olan Ödəniş cədvəlindən (Əlavə №1) görünür ki, X5 İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ayrılan kreditin məbləği 3000 AZN, illik faiz dərəcəsi 20%, kreditin müddəti 18 ay, kreditin verilmə tarixi 25 oktyabr 2022-ci il tarixidir. Kredtin verilməsi üçün X5 3801000CC5880718A88C saylı cari hesab açılmışdır və o, hər ay üçün banka ödəməli olduğu 194.29 AZN (yalnız sonuncu ay 195.59 AZN) məbləği həmin hesab üzərindən ödəməlidir. Kreditin bitmə tarixi xx.xx.2024-cü ildir. İş materiallarında olan 25 oktyabr 2022-ci il tarixli Ödəniş tapşırıqlarından görünür ki, 3000 manat məbləğində pul vəsaitinin X3 qeyd etdiyi hesaba köçürülməsi barədə bank tərəfindən göstəriş verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, X3 25 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1429.84 manat əsas borcu vardır. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat ofisinin 919 saylı, xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş X5 miras qalmış əmlakla bağlı Cavabdeh tam payda mülkiyyət vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə X7 arasında bağlanmış CC/58807/88/18 nömrəli 25 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən, Bank tərəfindən X5 illik 20% ilə 3000 manat məbləğində 18 ay müddətinə kredit verməyi, kredit alan isə krediti və ona hesablanmış faizləri göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüş, bank müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra etmişdir, lakin X7 müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, banka 1429.84 manat əsas borcu qalmışdır, X7 xx.xx.2023-cü il tarixində vəfat etmişdir, onun vərəsəsi Cavabdehdır, ona tam payda mülkiyyət vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən, kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun müqavilə üzrə əmlak xarakterli öhdəliklərinə xitam verilmədiyindən və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməli olduğundan, iddiaçı hazırki iddia tələbi ilə borclunun vərəsəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1313-cü maddəsinə əsasən, tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə formalaşdırılmış hüquqi müvqeyə əsasən, Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli Qərarında qeyd edilir ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 25 oktyabr 2022-ci il tarixli, CC/58807/88/18 saylı müqaviləyə əsasən 1429.84 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehə aid edilməli və təmin edilmiş iddianın qiyməti (1429.84 manat) nəzərə alınmaqla ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34.30 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli CC/58807/88/18 saylı kredit müqaviləsi üzrə 1429 (min dörd yüz iyirmi doqquz) manat 84 (səksən dörd) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat 30 (otuz) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar