Məhkəmə qərarları › İş №e-2(011)-653/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-653/2025

21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-653/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə müddətli, xx.xx.2023-ci il tarixədək əmək müqaviləsi bağlanmış və cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş , xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.a) bəndinə əsasən, öz ərizəsi ilə xitam verilmişdir.

2. Eyni zamanda, xx.xx.2023-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında X2 barədə müqavilə bağlanmışdır.

3. xx.xx.2023-cü il tarixdə aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə 4977 manat məbləğində zərər vurması müəyyən edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

4. İddiaçı əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 4356,07 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 04 manat məbləğində vəsaitin cavabdehdən tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə aralarında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin – OBA Həzi Aslanov 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4977,03 manat məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması cavabdehin iştirakı ilə keçirilmişdir. Cavabdeh vurduğu ziyana heç bir etiraz bildirməmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 4356,07 manat borc qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən heç bir məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Əmək Məcəlləsi:

9. Maddə 191.1 Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

10. Maddə 194.1 Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

11. Maddə 194.2 Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

12. Maddə 199 İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

13. Maddə 202.1 İşəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

20. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmış, cavabdeh əmək funskiyalarını pozaraq iddiaçıya 4356,07 manat məbləğində zərər vurmşdur. Dəymiş zərər xx.xx.2023-cü il tarixdə aparılmış inventarizasiya nəticəsində müəyyən edilmişdir.

21. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.2023-cü il tarixli inventarizasiya nəticələrinə dair aktı imza edərək, aktın nəticəsi ilə razı olduğunu təsdiq etmişdir. Həmçinin, cavabdeh iddiaçıya zərərin vurmasının etirafı barədə İltizamı imzalamışdır. Cavabdehə ödənilməli olan 4977,03 manat borcdan 620,96 manat güzəşt edilmişdir, bu günə qalıq borc 4356,07 manat təşkil edir.

22. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi ilə cavabdeh öz üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh onunla bağlanmış əmək müqaviləsinin və tam məsuliyyət haqqında müqavilənin şərtlərini kobud surətdə pozmuş, iddiaçıya 4356,07 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh iltizamnaməyə imza etməklə iddiaçıya vurduğu ziyanı etiraf etməklə, həmin məbləğdə pulun iddiaçıya qaytarılması öhdəliyini qəbul etmişdir. Odur ki, iddiaçı ödənilməmiş qalan 4356,07 manat pul vəsaitini tələb etməkdə haqlıdır.

23. Məhkəmə yuxarıda sadalanan normalara qiymət verərək belə hesab edir ki, cavabdehdən 4356,07 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

24. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi mediasiya xərci də cavabdehdən onun xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı cavabdehin ona vurduğu ziyanı ödəməsi üçün mediasiyaya müraciət edib və bununla bağlı pul vəsaiti ödəyib. Məhkəmə qeyd edir ki, həmin xərc iddiaçının pozulmuş hüququnun bərpası məqsədilə çəkdiyi xərcdir və cavabdehən tərəfindən ona ödənilməlidir.

25. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə Cavabdeh ödənilməmiş 4356,07 manat məbləğində pul vəsaiti, 60 manat məbləğində mediasiya xərci və 4 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar