Məhkəmə qərarları › İş №e-2(011)-660/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-660/2022

18.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-660/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehdən 7156 manat əsas maddi ziyanın, 64 manat cərimənin, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat xidmət haqqı, ümumilikdə 7320 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı ilə “Azərmaş Alyans“ MMC arasında 12 sentyabr 2018-ci il tarixli MAS-449 saylı “X1” bağlanmış və həmin müqavilə əsasında verilmiş “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra - Avtomobil) iddiaçıya lizinqə verilmişdir. Həmçinin, iddiaçı ilə cavabdeh arasında 23.09.2020-ci il tarixdə icarə müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Avtomobil aylıq 20 manat ödəmək şərtilə, 36 ay müddətinə icarəyə verilmişdir. Eyni zamanda, Avtomobilə dair “Azərmaş Alyans“ MMC tərəfindən 23.09.2020-12.10.2020-ci il tarixədək etibarnamə verilmişdir. Cavabdeh 17.07.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi şossesində manevr qaydalarını pozması nəticəsində yol-nəqliyyat hadisəsi törətmiş və 19.07.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP-4493114 nömrəli qərarla o, AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsinin törədilməsi nəticəsində Avtomobilə dəymiş zərər "xxxx" MMC tərəfindən hesablanaraq (05.10.2021-ci il tarixli qüsur aktı), təmir-bərpa xərcinin 7156 manat olması müəyyən olunmuşdur. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı ilə “Azərmaş Alyans“ MMC arasında bağlanmış 12 sentyabr 2018-ci il tarixli MAS-449 saylı “X1” əsasında lizinqə verilmiş “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomaşını idarə edərkən 17.07.2021-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Binəqədi şossesində manevr qaydalarını pozmuşdur və 19.07.2021-ci ikl tarixli inzibati tənbeh vermə haqqında TP-4493114 nömrəli qərarına əsasən AR İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmiş, cəriməni ödəmədiyi üçün 24 manat əlavə dəbbə pulu hesablanmışdır. Cavabdehin hərəkətləri nəticəsində avtomaşına zərər dəymiş və "xxxx"MMC tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 7156 manat tələb olunmuşdur. Cavabdehə pretenziya göndərilmiş, lakin pretenziyaya heç bir cavab verilməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının vəkilinin, cavabdehin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı ilə “Azərmaş Alyans“ MMC arasında bağlanmış 12 sentyabr 2018-ci il tarixli MAS-449 saylı “X1”nin 5.1-ci bəndində göstərilir ki, təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Həmçinin, həmin müqavilənin 6.1-ci bəndində qeyd edilmişdir ki, tərəflər razılaşırlar ki, lizinq alan lizinq obyektini öz vəsaiti hesabına “Daxili Lizinq” müqaviləsi imzalandıqdan 1 il sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən “Daxili Lizinq”müqaviləsinin müddəti başa çatanadək sığortalanmalıdır. İddiaçının Avtomobili lizinqə götürməsi işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, bu halda, iddiaçı “Daxili Lizinq” müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli, öz vəsaiti hesabına Avtomobili bütün risklərdən sığorta (kasko sığorta) etdirməli idi. Lakin iş materiallarından da aydın olur ki, iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş lizinq obyektini qəbul etdikdən sonra üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməmiş, yəni lizinq obyekti olan Avtomobili sığorta etdirməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin, Mülki Məcəllədə müəyyən edilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir Mülki Məcəllənin 390.1 və 390.3-cü maddələri). Göstərilən müddəalardan da göründüyü kimi, qanun müqavilə azadlığını tanımaqla bərabər, fiziki və hüquqi şəxslərin, bu barədə üzərlərinə öhdəlik götürdükləri halda, müqavilə bağlamaq vəzifələrini də müəyyən etmişdir. İddiaçı da “Daxili Lizinq” müqaviləsi ilə lizinq obyekti olan Avtomobili sığorta etdirmək, yəni müvafiq sığorta müqaviləsi bağlamaq öhdəliyi götürsə də, bu öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı lizinq obyektini sığorta etdirməməsi ilə bağlı öhdəliyini pozması səbəbindən lizinq oyektinə zərər dəyməsinə görə cavabdehdən pul tələb edə bilməz, çünki Avtomobili sığorta etdirmədiyi halda dəymiş hər bir zərərə görə məsuliyyəti, “Daxili Lizinq” müqaviləsinin 5.1-ci bəndinə görə, iddiaçı özü daşımış olur. Müqavilənin həmin bəndində açıq şəkildə göstərilir ki, lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Lizinq alanın üzərinə belə bir məsuliyyətinin qoyulmasının hüquqi əsası isə Mülki Məcəllənin 748.7.1-ci maddəsinə əsaslanır. Həmin maddədə deyilir ki, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “Daxili Lizinq” müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi (lizinq obyekti olan Avtomobili sığorta etdirməməsi ilə bağlı) yerinə yetirmədiyi halda onun məsuliyyət dairəsinə aid olan halın baş verməsi nəticəsində lizinq obyektinə dəymiş zərərin əvəzini başqa şəxsdən tələb etməsi əsassızdır. Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrində deyilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə tərəflər arasında bağlanmış 23.09.2020-ci il tarixli icarə müqaviləsində nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə iddiaçının (icarəyə verənin) məsuliyyət daşımaması ilə bağlı müddəalarla (İcarə müqaviləsinin 1.7 və 1.8-ci bəndləri) bağlı qeyd edir ki, əvvəla, həmin müddəalar iddiaçı ilə “Azərmaş Alyans“ MMC arasında bağlanmış 12 sentyabr 2018-ci il tarixli “Daxili Lizinq” müqaviləsinin, yuxarıda da qeyd edilən 5.1 və 6.1-ci bəndlərinə ziddir. Digər bir tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçının “Daxili Lizinq” müqaviləsinə zidd olaraq özünün lizinq obyektinə dəymiş zərərə görə məsuliyyətindən yayınması məqsədi daşıyan hər hansı müddəanı İcarə müqaviləsinə daxil etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir (Mülki Məcəllənin 560.1, 560.2 və 560.3.1-ci maddəsi). Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinın mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar