Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6639/2023 24.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Tərəflər xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar və onların birgə nikahından iki övladları - xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflərin nikahı Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3275/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında qalması və onların yetkinlik yaşlarına çatanadək hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir.
2. Cavabdeh ikinci dəfə nikaha daxil olmuşdur. Həmçinin, cavabdeh fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
3. İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa görə 400 manat olmaqla, cəmi 800 manat sabit pul məbləğində alimentin və 2023-cü ilin aprel ayından iddia ərizəsi məhkəməyə təqdim edilənədək – xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edən (5 ay) müddət ərzində tələb edilən 2400 manat ödənilməmiş alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onlar arasındakı nikah pozulması, yetkinlik yaşına çatmayan övladlarının onun yanında saxlanılması, uşaqların saxlanılması üçün hər ay cavabdehdən hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat alimentin tutulması qət edilmişdir. Uşaqlar ona çox bağlıdır, yaş etibarı ilə hələ də ana qayğısına ehtiyacları var və onların inkişafı və tərbiyəsi üçün 320 manat aliment uşaqların saxlanmasına kifayət etmir. Uşaqların ibtidai məktəbə və əlavə məşğələlərə getməsi onlar üçün tutulan alimentin artırılmasını vacib edir. Ona görə də, alimentin məbləği artırılaraq hər uşaq üçün 400 olmaqla, cəmi 800 manat olmalıdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh məhkəməyə göndərdiyi yazılı etirazında qeyd etmişdir ki, hər həftə uşaqlarıyla görüşür və onların bütün xərclərini o, çəkir. Həmçinin, oğlu Məlik demək olar ki, hər gün onunladır. Uşaqların hər gün məktəbə aparılması-gətirilməsi də onun tərəfindən həyata keçirilir. Oğlu isə yalnız axşamdan-axşama hazırda anasının yaşadığı və 80 faiz hissəsi ona məxsus olan evə gedir. Uşaqların bütün təhsil və tərbiyəsi ilə anası və o məşğul olur. İddiaçı uşağın yeməyinə, geyiminə və digər xərclərinə (təhsil, tibbi, istirahət, səyahət və s) qarışmır. İddiaçı alimentin artırılması üçün zərurətin nədən ibarət olmasına dair hər-hansı bir səbəb göstərməmişdir. Övladlarının bütün xərclərini o, çəkir. Oğlunun 2023-cü il üçün 6000 manat təhsil haqqı da onun tərəfindən ödənilməkdədir. Keçən il də demək olar ki, eyni məbləğdə təhsil haqqı ödənilmişdir. Bundan başqa, iddiaçının ona mediasiya təklifi göndərdiyi tarixdən hesablanmaqla 5 ay üçün əlavə 2400 manatın tutulması barədə tələbi qanunsuz və əsassız olduğu üçün qəbul etmir. Hazırda qüvvədə olan məhkəmə qətnaməsi var və həmin qətnaməyə görə də 320 manat aliment ödənili. Buna baxmayaraq hər ay 400 manat ödəyir. xx.xx.2023-cü il tarixində “X8” MMCdə oğlunun müalicəsi üçün 500 manata yaxın xərc ödəmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı yazılı etiraza uyğun izahat verərək, cavabehdən əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulmasını xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
8. Maddə: 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
9. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
10. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
11. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
12. Maddə 100.3 Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
13. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
16. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə: 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
18. Maddə: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
20. İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
22. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini başlıca olaraq, uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşağın daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil.
23. Məhkəmə iddiaçının göstərdiyi dəlil ilə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir.
24. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların böyüməsi ilə onların zəruri (qida, geyim, məktəb və s.) təlabatlarının artması alimentin məbləğinin artırılmasını şərtləndirən hal kimi qəbul oluna bilər.
25. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaların saxlanılması məhkəmə qətnaməsi qəbul edildikdən sonra uşaqların saxlanması üçün minumum xərc, eləcə gündəlik qida, geyim, habelə dərman və s. həyat üçün zəruri vasitələrin dəyəri də artmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, uşağın böyüməsi ilə onun xərclərinin və yuxarıda qeyd edilən tələbatlarının artması hazırda onun zəruri maddi ehtiyaclarının tam ödənilməsi üçün yetərli sayıla bilməz.
26. Odur ki, qətnamə ilə hər ay 160 manat sabit pul məbləğində aliment tutulduqdan sonra bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin artırılmasını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını nəzərə alaraq, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılmasını məqsədəuyğun hesab edir. Həmçinin, nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir.
27. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
28. Lakin, məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması qənaətinə gəlsə də, hesab edir ki, bu zaman cavabdehin də maddi və ailə vəziyyəti nəzərə alınmalıdır.
29. İş materiallarında olan məlumatlar əsasında müəyyən edilmişdir ki, cavabdeh yenidən X1 ilə nikaha daxil olmuşdur. Həmçinin, “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş cavabdehin vergi məlumatları əsasında müəyyən edilmişdir ki, o, fərdi sahibkarlıqla məşğul olan vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Lakin, məhkəmə qeyd edir ki, cavabdehdən hər ay cəmi 800 manat məbləğində alimentin tutulması onun yeni nikaha da daxil olması səbəbindən maddi və ailə vəziyyətini həddən artıq ağırlaşdıra bilər. Digər bir tərəfdən, iş materialları əsasında da müəyyən olunur ki, cavabdeh övladlarının xərclərini qarşılmaqdan imtina etmir və cavabdeh hər ay ondan tutulmalı olan alimenti ödəməklə yanaşı uşaqların bir sıra xərclərini də ödəyir.
30. Məhkəmə qeyd edir ki, iddiada göstərilən həcmdə, yəni cavabdehdən hər ay 800 manat məbləğində alimentin tutulması onun maddi və ailə vəziyyətini həddən artıq ağırlaşdıra bilər. İddiaçı da cavabdehin tələb etdiyi alimenti onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə əlavə sübut təqdim etməmişdir.
31. İşin şərh edilən hallarını, habelə cavabdehin hal-hazırda yenidən nikaha daxil olmasını nəzərə alaraq, məhkəmə cavabdehdən tutulacaq alimentin artırılaraq hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat müəyyən edilməsini daha məqsədə uyğun hesab edir.
32. Məhkəmə hesab edir ki, iddia tələbi 2400 manat alimentin tələbi hissəsində əsaslı deyil və təmin edilə bilməz.
33. İddiaçının həmin iddia tələbinin əsasını Ailə Məcəlləsinin 100.3-cü maddəsi təşkil edir. Həmin maddəyə diqqət yetirildikdə müəyyən olunur ki, qeyd edilən müddəada şəxsin əvvəlki dövr üçün aliment tələb etməsi üçün iki əsas şərt mövcud olmalıdır. Birincisi, şəxsin aliment tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl alimentin alınması üçün müvafiq tədbirlər görməsi, ikincisi, aliment ödəməli olan şəxsin alimenti ödəməkdən boyun qaçırması. Hazırki işdə isə müəyyən olunur ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cü il tarixdən başlayaraq cavabdehdən hər ay cəmi 320 manat alimentin tutulur, cavabdeh isə həmin vaxtdan etibarən alimentin ödənilməsini təmin edir. İddiaçı alimentin mediasiya sessiyasının həyata keçirilməsi barədə təklifin göndərildiyi gündən hesablanmasını tələb etsə də, cavabdeh həmin vaxt alimenti məhkəmə qətnaməsi ilə müəyyən edilmiş miqdarda ödəyərək, alimenti ödəməkdən boyun qaçırmırdı. Digər bir tərəfdən, məhkəmə qeyd edir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarı). Odur ki, iddia həmin hissədə təmin edilməməlidir.
34. Alimentin tutulma müddətinə gəldikdə isə mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
35. Məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki mülki iş üzrə cavabdehdən tutulan alimentin artırılmış hissəsinin 1 illik məcmusunun 2160 manat olduğu nəzərə alınarsa, cavabdehdən tutulan dövlət rüsmunun 41,60 manat olduğu müəyyən edilir.
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3275/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdehdan 41,60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı