Məhkəmə qərarları › İş №e-2(011)-6669/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6669/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6669/2022 01.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “kreditin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 724nkADJ/2022 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 48 ay müddətinə, illik 18% olmaq şərtilə, 4672 manat məbləğində kredit verilmişdir. Müqavilənin Əlavəsi olan ödəniş cədvəlinə əsasən aylıq ödəniş ilk 6 ay 70,20 manat, sonrakı aylar üzrə 151 (sonuncu ay üzrə 145,40) manat müəyyən edilmişdir. Cavabdeh aldığı kredit üzrə ödəniş etməmişdir.

2. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehdən iddiaçının xeyrinə 4672 manat əsas, 424,13 manat faiz, cəmi 5096,13 manat pul vəsaitinin və 70,97 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 18% ödəmək şərtilə 4672 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 10 oktyabr 2022, bazar ertəsi tarixinə iddiaçıya 4672 manat əsas, 424,13 manat faiz olmaqla, cəmi 5096,13 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

7. Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı məhkəmə iclasının vaxtı barədə məlumatlandırılsa da, məhkəməyə gəlməmiş, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir.

9. Cavabdeh məhkəmə baxışı zamanı izahat verərək bildirdi ki, işdən çıxdığına görə ödənişləri vaxtında edə bilmirdi. Bir neçə müddət əvvəl yeni iş tapdıqdan sonra Banka müraciət etmişdir ki, yeni qrafik açılsın və ödənişlərə davam etsin, ancaq bu zaman ona işinin məhkəməyə verildiyini bildirmişlər. Əlavə olaraq borcu ödəməyə etiraz etmədiyini bildirdi.

10. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə cavabdehin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

20. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2022ci il tarixdə 724nkADJ/2022 saylı kredit müqaviləsi bağlanmış, cavabdehə 48 ay müddətinə illik 18% dərəcəsi ilə 4672 manat məbləğində kredit verilmişdir.

21. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhdəliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

22. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini həmin cavabdehə verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir (§ 12).

23. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında da xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 4672 manat, faiz borcu üzrə 424,13 manat olmaqla, cəmi 5096,13 manat kredit borcunun olması göstərilmişdir.

24. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

25. Məhkəmə həmçinin iddianın 70,97 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. 4672 manat məbləğində əsas, 424,13 manat faiz olmaqla, cəmi 5096,13 manat pul məbləği, həmçinin ödənilmiş 70,97 manat dövlət rüsumu Cavabdeh tutularaq “X1” ASCyə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar