Məhkəmə qərarları › İş №e-2(011)-6670/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6670/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6670/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun qaytarılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: İddiaçının tələb və dəlilləri: İddiaçı MMC Cavabdeh qarşı cavabdehdən xx.xx.2023-cü il tarixində bağlanmış VİP 19014 saylı nisyə alqı-satqı müqaviləsi və X1 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış VİP19014 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 556,51 ABŞ dolları, əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1 faiz həcmində 139 ABŞ dolları cərimə borcun, ümumilikdə 695,51 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pulun müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizələr ilə müraciət edərək bildirmişdir ki, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcək, onlar olmadan qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh daha əvvəlki məhkəmə iclasında iddiaya etiraz edərək, rədd edilməsini xahiş etmişdir. Cavabdeh eyni zamanda telefonun işlək vəziyyət olmadığını bildirmişdir. İşin halları İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən “Apple İphone 12 Pro max” markalı telefon almış, bunun müqabilində 193 ABŞ dolları ilkin ödəniş etməklə, 12 ay müddətinə hər ay 67 ABŞ dolları məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Mal alıcıya təhvil verilmişdir. Lakin borclu öhdəliyini vaxtlı-vaxtında icra etmədiyinə görə xx.xx.2024-cü il tarixinə 556,51 ABŞ dolları əsas, 139 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 695,51 ABŞ dolları məbləğində borcu yaranmışıdr. İddiaçı MMC ilə X1 arasında bağlanmış 13.10.202-cü il tarixində VİP19014 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən xx.xx.2023-cü il tarixli VİP19014 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC qarşısında öhdəlikləri icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə satıcı ilə zamin arasında yaranan münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilənin 2.4.1-ci bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə “Satıcı”nın ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyi 5 gün ərzində tamamilə icra etməyi, zaminliklə təmin edilmiş öhdəlik üzrə əsas borc, fazilər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində satıcıya dəyən digər zərərin əvəzinin ödənilməsi da daxil olmaqla satıcı qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 32 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 571. Əşyanın təsadüfən məhv olması və təsadüfən zədələnməsi riskinin alıcıya keçməsi 571.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 556,51 ABŞ dolları borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə də əsaslıdır və təmin edilərək 139 ABŞ dolları cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh İddiaçı MMC-dən əldə etdiyi mobil telefonun işlək olmadığını iddia etsə də, bununla bağlı məhkəməyə müvafiq sübut təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehin istinad etdiyi bu halı mövcud olmayan kimi qiymətləndirir. Məhkəmə iddianın 32 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilə üzrə əsas borca görə 556.51 (beş yüz əlli altı dollar əlli bir sent) ABŞ dollar, cərimə borcuna görə 139 (yüz otuz doqquz) ABŞ dollar, ümumilikdə, 695.51 (altı yüz doxsan beş dollar əlli bir sent) ABŞ dolları məbləğində ödəniş gününə qüvvədə olan məzənnəyə əsasən azərbaycan manatı Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki manat) manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar