Məhkəmə qərarları › İş №e-2(011)-6675/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-6675/2023

16.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6675/2023 16.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı MMC (K@TV1) Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" MMMC-nin xx.xx.2019-cu il tarixdə verdiyi arayışa əsasən cavabdeh Bakı şəhəri, ünvan 3 ünvanında inşa edilən 17 mərtəbəli, 2 girişli binanın 1-ci girişi, 1-ci mərtəbəsində yerləşən 2 saylı mənzildə (bundan sonra – Mənzil) qeydiyyatsız yaşayır.

2. İddiaçı ilə X1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə əsasında Mənzildə xx.xx.2015-ci il tarixədək “K@TV 1” kabel şəbəkəsindən istifadə edilmiş və xx.xx.2015-ci il tarixdə 34 manat borcla şəbəkədən ayrılmışdır.

3. xx.xx.2016-cı il, xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərdə "xxxx" MMC-nin əməkdaşları tərəfindən, habelə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsinin də iştirakı ilə Mənzilə baxış keçirilərkən Mənzilin K@TV 1” kabel şəbəkəsinə lazımi qaydada müqavilə bağlamadan qanunsuz qoşulması aşkar edilərək, bu barədə müvafiq olaraq 5607 N saylı, 6443 N saylı və 7059 N saylı aktlar tərtib edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 304,26 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün nümayəndəyə çəkilən xərclərə görə 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidmət haqqının, ümumilikdə 434,66 məbləğində pulun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri- yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh Mənzildə qeydiyyatdadır. "xxxx" MMMC tərəfindən verilmiş arayışa əsasən həmin ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. xx.xx.2014-cü il tarixdə həmin ünvanda yaşayan Firuz oğlu ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2015-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2015-ci il tarixdə 34 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2016-ci il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 5607 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvana xx.xx.2017-ci il və xx.xx.2018-ci tarixdə keçirilən nəzarət baxışı zamanı cavabdehin yenidən kabel şəbəkələrinə təkrar qanunsuz qoşulması faktları aşkar edilmiş və bu barədə 6443N və 7059N saylı aktlar tərtib edilmişdir. xx.xx.2015-ci il tarixdən qoşulma barədə aktın tərtib edildiyi xx.xx.2018-ci il tarixə qədər olan müddət 922 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş ziyan 304 manat 26 qəpik təşkil edir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının vəkili və nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir.

8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

10. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Maddə 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Maddə 115.0.5 Nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

15. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

17. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

20. Belə ki, "xxxx" MMMC-nin xx.xx.2019-cu il tarixdə verdiyi arayışda qeyd edilmişdir ki, cavabdeh Mənzildə qeydiyyatsız yaşayır.

21. İddiaçı tərəfindən tərtib edilərək iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışa görə X2 ilə müqavilə əsasında Mənzildə “K@TV 1” kabel şəbəkəsindən istifadə edilmiş və xx.xx.2015-ci il tarixdə 34 manat borcla şəbəkədən ayrılmışdır.

22. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsində əsasən, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir.

24. İşin halları ilə müəyyən edilir ki, Mənzili kabel şəbəkəsindən ayırdıqdan sonra, orada iddiaçı ilə heç bir müqavilə bağlanmadan, qanunsuz olaraq kabel şəbəkəsinə qoşulma olmuş və bununla da nəzərdə tutulan abunə haqqını ödəmədən iddiaçının göstərdiyi xidmətlərdən istifadə edilmişdir. İddiaçı yuxarıda qeyd edilən lisenziyaya əsasən kabel və efir kabel vasitəsi ilə televiziya yayımı kimi fəaliyyət göstərmək hüququnu qanuni əsaslarla əldə etmiş və həmin xidmətlərin həyata keçirilmisinə görə abunəçilərdən abunə haqqı qismində gəlir əldə etmək imkanını qazanmışdır. Cavabdehə məxsus mənzildən isə şəbəkəyə qanunsuz qoşulmaqla iddiaçıya maddi zərər vurulmuşdur.

25. Qanunsuz qoşulmaya görə zərərin əvəzi kimi 304,26 manat məbləğində pul tələb edən iddiaçının tələbi əsaslıdır. Ona görə ki, həmin ünvanda yerləşən cavabdehin ünvanına sonuncu baxış keçirildiyi tarixdən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu tarixə qədər olan müddət 922 gün təşkil edir. Bu isə hər gün 33 qəpik maddi ziyan hesablanmaq şərti ilə 304,26 manat məbləğində təşkil edir.

26. Məhkəmə eyni zamanda iddia tələbinin iddiaçı tərəfindən 100 manat hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılmasına çəkilən xərclərin əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.

27. Məhkəmə hesab edir ki, 30,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. "xxxx" MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi olaraq 304,26 manat məbləğində, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat məbləğində pul vəsaiti, bank xidmət haqqı ilə birlikdə ödənilmiş 30,40 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə (K@TV1) ödənilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən:Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar